PSJ-ni darmadağın etdilər
Fransanın PSJ klubu çempionluğunu rəsmiləşdirə bilməyib.
Oxu.Az xəbər verir ki, Paris klubu Liqa 1-in mərkəzi oyununda “Lil” komandasının qonağı olub.
Görüş qonaqlar üçün yaxşı başlamayıb. Belçikalı müdafiəçi Toma Mönye 7-ci dəqiqədə öz qapısına yol tapıb. Düzdür, bundan dörd dəqiqə sonra ispaniyalı müdafiəçi Xuan Bernat hesabı bərabərləşdirib. Lakin hər şey elə bundan sonra başlayıb.
Belə ki, 16-cı dəqiqədə PSJ-nin braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva, 24-cü dəqiqədə sağ cinah müdafiəçisi Toma Mönye zədələnərək əvəzlənib. 36-cı dəqiqədə isə sol cinah müdafiəçisi Xuan Bernat son ümid fouluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
PSJ-nin çempionatda ən yaxın izləyicisi olan “Lil” isə bundan fasilədən sonra məharətlə yararlanıb. Belə ki, meydan sahibləri 51, 65, 71 və 84-cü dəqiqələrdə qollar vuraraq tanınmış rəqibini darmadağın edib – 5:1. Bu, PSJ-nin cari mövsüm yenildiyi ilk böyük hesablı nəticə olub.
PSJ-nin ötən tur “Strasbur”la oyunda da qələbə qazana bilmədiyini nəzərə alsaq, bu komanda ardıcıl ikinci oyunda da qələbə üzünə həsrətdir.
Səbuhi MUSAYEV
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət