Prezidentin problemli kreditlərlə bağlı Fərmanı dövlətin vətəndaşın yanında olduğunu növbəti dəfə sübut…
Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Azərbaycan dövləti əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatlar reallaşdırılır, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır. Bütün bu məsələlər dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin bu istiqamətdə atdığı mühüm addımlardan biri də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmandır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Azərbaycan Prezidenti 800 min nəfərin kredit problemini birdəfəlik həll etdi. Dövlətimizin başçısı bu Fərmanı fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzalayıb. Prezident burada bank sektorunun maraqlarını da nəzərə alıb. Fərmanda qeyd olunduğu kimi, 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya ediləcək. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin ediləcək.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb. Problemli kreditlərin həlli dövlətimizin başçısının apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. Həmin problemin həlli yüz minlərlə insanın güzəştdən istifadə etməsinə şərait yaradacaq. Bu mühüm addım vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət