Slimfit
  1. GÜNDƏM

Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri

Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Sakura

Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri

Dövlət başçısı İlham Əliyev ən yaxın generallarını nazir və rəis təyin etdi; Ramil Usubov  Prezident yanında Təhlükəsizlik Şurasının katibi oldu; təyinatlara verilən ilk qiymətləndirmə budur ki, prezident genişlənən islahatlar prosesində sadiq generalları yanında görmək istəyir...

İyunun 20-də prezident İlham Əliyev hakim komandada bir sıra ciddi kadr dəyişikliyi edib.  Prezident Ramil Usubovu  daxili işlər naziri  vəzifəsindən azad edərək Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə daxili işlər nazirinin birinci müavini  Vilayət Eyvazov daxili işlər naziri təyin edilib.

Daha bir ciddi kadr dəyişikliyi  Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı olub. Dövlət başçısı DTX rəisi  Mədət Quliyevi vəzifəsindən azad edərək  müdafiə sənayesi naziri təyin edib. Prezidentin digər sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır

İlk diqqətə çarpan detal budur ki, prezident heç bir komanda oyunçusunu cəzalandırmayıb - kimlərsə yeni yerindən daha razı, ya da daha narazı ola bilərlər; lakin əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır, onlara güvənir və genişlənən islahatlar prosesində onları yanında görmək istəyir. 

Müşahidəçilərin fikrincə, 20 iyun tarixli sərəncamların ən maraqlısı 25 il daxili işlər naziri vəzifəsində çalışmış Ramil Usubovun yeni siyasi vəzifəyə təyinatı və onun boşalmış olan yerinə birinci müavini Vilayət Eyvazovun gətirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi postu dövlət strukturunda kifayət qədər yüksək vəzifədir və dövlətə 25 il nazir kimi xidmət göstərmiş Ramil Usubova etimadın göstəricisi sayıla bilər. Vilayət Eyvazovun daxili İşlər naziri təyin olunması da prezidentin unikal gedişi sayıla bilər. Vilayət Eyvazov Ramil Usubovun yetişdirməsi və bir növ varisi sayılır: hər zaman siyasi kluarlarda dolaşan bir söhbəti yəqin çoxları xatırlayır: “Usubovdan sonra nazir Vilayət Eyvazov olacaq”. Proqnozlar doğruldu: həm də Azərbaycan prezidentinin polis nazirliyinə hansı dərəcədə etimad etdiyini bariz nümayiş etdirərək.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Mədət Quliyev  yenidən yaradılmış  Müdafiə Sənayesi Nazirliyində nazir postuna yüksəldilib. Qeyd edək ki, iyunun 20-də prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli fərmanının ləğv edilməsi barədə sərəncam imzalayıb. General Mədət Quliyev Eldar Mahmudovdan qalan ağır mirası dövlət və yeni xələfləri üçün yüngülləşdirmək baxımından əlindən gələni etdi. İndi o, Yavər Camalovun ölümündən sonra başsız qalan çox mühüm bir sahəyə - Müdafiə Sənayesi Nazirliyinə yenidən həyat verməlidir. Ümumiyyətlə, islahatçı xarakteri ilə tanınan Mədət Quliyev bundan əvvəl Penitensiar Xidmətdə, daha sonra isə Təhlükəsizlik Xidmətində həmin sahələrdə islahatlar olması istiqamətində böyük işlər görüb. 

DTX-ya isə köhnə peşəkar, Eldar Mahmudov kimi yırtıcı ilə döyüşdən qalib çıxmış Əli Nağıyev gətirilib. O, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində öz zəfər qayıdışını səbrlə gözləyirdi. Onu, hətta ən qatı rəqibləri də peşəkar kimi qiymətləndirir, sahəsinin bilicisi sayırlar.

Təhlükəsizlik Şurası nə vaxt yaradılıb və  yeni Katibi kimdir?

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 1997-ci ilin  aprelin 10-da prezidentin fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir. R.Usubovun təyinatınadək Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirib.

Təhlükəsizlik Şurasının yeni katibi Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edib. 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə  Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə  DİN-in Cinayət Axtarış İdarəsinin rəisi,  1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Prezidentin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib və 2019-cu ilin 20 iyununadək bu vəzifədə çalışıb. 3 may 1994-cü il tarixli fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. “Azərbaycan Bayrağı”, “Vətənə xidmətə görə” 2018-ci il sərəncamı ilə “Şöhrət” ordenləri ilə təltif olunub. 

Ailəlidir. Üç övladı var.

Vilayət Eyvazovun nazir postuna aparan  yol

Polis general-leytenantı Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. 

Prezidentin 14 aprel 2005-ci il tarixli sərəncamı ilə  daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Bayrağı”,  2-ci dərəcəli "Vətənə xidmətə görə", 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və  “İgidliyə görə” medalı ilə təltif olunub. 

Prezidentin 2004-cü il tarixli sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Mədət Quliyev yenidən yaradılan nazirlikdə  

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə  Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib.

1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Prezidentin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə Mədət Quliyevə polis general-mayoru rütbəsi verilib. 

Prezidentin 14 fevral 2011-ci il tarixli sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin edilib.

20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.  21 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə general-leytenant Mədət Quliyev yeni yaradılmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib və 20 iyun 2019-cu ilədək  bu vəzifədə çalışıb.  

Ailəlidir. Üç övladı var. 

Peşəkar generalın qayıdışı

Əli Nağıyev haqda vikipediya məlumatı yoxdur. O, 2011-ci ilin aprelinədək Milli təhlükəsizlik nazirinin birinci müavini işləyib. Sonra general tutduğu vəzifədən azad edilib.  Əli Nağıyev DTX rəisi təyinatına kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR