Slimfit
  1. SİYASƏT

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub
Sakura

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,dövlətimizin başçısı əvvəlcə mərasim iştirakçıları ilə görüşüb.

Qadın sakin: Xoş gəldiniz. Allah Sizi qorusun, cənab Prezident. Həyatımızın ən xoşbəxt günüdür.

Sakinlər: Var olun, cənab Prezident, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.

Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.

Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.

Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.

Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik.

“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı.

O vaxt - işğal dövründə mənim köçkünlərlə, - bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, - çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm. Birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq. Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.

Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.

Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?

Yenə də deyirəm, bütün bunlar təbii bizim fikirlərimizdir, duyğularımızdır. Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sakinlər: Allah rəhmət eləsin, amin.

Prezident İlham Əliyev: Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.

Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Sağ olun.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına Xocalı Soyqırımı Memorialı barədə məlumat verib.

Bildirildi ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.

Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq.

Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib. Bu faciə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində həmişə bir vəhşilik aktı kimi yadda qalacaq.

Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlərə dəstək olaraq bir sıra layihələr həyata keçirib. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edib.

Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı isə faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinə ehtiram olmaqla yanaşı, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına və tariximizin yaşadılmasına xidmət edəcək.

Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoyub.

Təməlqoymadan sonra memorial kompleksin maketinə baxan Prezident İlham Əliyev deyib: Ortadakı bağ, yəni, həyat deməkdir.

Anar Ələkbərov: Elədir ki var, cənab Prezident. Həmin kapsul kompleksin içində olacaq.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizə uğurlar.

Kişi sakin: Sizə təşəkkür edirik, cənab Prezidentimiz. Otuz iki il öncə biz Xocalıdan məğlub çıxmışdıq, soyqırımına məruz qalmışdıq. Otuz iki ildən sonra biz Xocalıya qalib olaraq gəlmişik və bu qalibiyyəti bizə qazandıran Siz olmusunuz. Sizin rəhbərliyiniz, Sizin sərkərdəliyiniz, Sizin müdrik siyasətiniz biz xocalılılara, bütün Azərbaycan xalqına, bütün Türk dünyasına bu Qələbəni qazandırıb. Var olasınız, bütün xocalılılar adından Sizi öpürük, bağrımıza basırıq. Təşəkkür edirik, cənab Prezident, var olasınız.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Cənab Prezident, bir şəhid övladı kimi, biz də Sizə minnətdarıq bütün şəhid övladları adından. Mənim atam Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülüb, özünümüdafiə batalyonunun döyüşçüsü olub. Onun sonrakı taleyi haqqında bu gün də bizim heç bir məlumatımız yoxdur. Məhz Sizin kimi bir sərkərdə ilə bu gün biz Xocalı soyqırımının 32-ci ildönümündə bu torpaqları ziyarət etmək, o məzarsız şəhidlərimizin sanki məzarını ziyarət etmək qədər müqəddəs bir missiyadır. Xüsusilə Sizin ötən il oktyabrın 15-də, yəni Prezidentliyinizin 20-ci ilinin tamamında məhz Xocalıda Bayraq ucaltmağınız onu bir daha sübut etdi ki, bu neçə ildə ürəyiniz məhz Xocalıdan olan şəhid ailələri ilə birgə döyünür. Biz Sizə hər zaman minnətdarıq, Allah Sizi qorusun, Ordumuzu qorusun. Bütün şəhid övladları adından Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Cənab Prezident, bizim ailəmiz 1996-cı il fevralın 24-nə qədər tamamilə ümidini itirmişdi ki, bir daha nə Xocalını, nə də Qarabağı görməyəcəyik. 1996-cı il fevralın 24-də Ümummilli Liderimiz, böyük sərkərdəmiz, dünyaşöhrətli Heydər Əliyevimiz bizimlə - Xocalının şəhid ailələri, ziyalıları ilə görüş təyin etdi. Orada bizi əmin etdi ki, bir qarış torpağımızı da işğal altında qoymayacağıq. Onda demişdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Onda mən hiss etdim ki, bu, onun gələcəyə verdiyi bir mesaj idi. O inanırdı ki, Ali Baş Komandanımız, cənab Prezident bunun öhdəsindən Siz gələcəksiniz, bunu Siz yerinə yetirəcəksiniz. Sizə böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, bu gün bu şərəfi, bu şöhrəti bizə qazandırdınız. Çox sağ olun. Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.

Kişi sakin: Cənab Prezident, bu gün diqqətinizə çatdırmaq istəyirəm ki, mən “Azərbaycan Bayrağı” ordenli həkiməm. 1994-cü ildə məhz Ulu Öndərin Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşəm. 1996-cı ildə həmin ordeni mənə şəxsən özü təqdim edən vaxt mən xocalılıların bir arzusunu çatdırmışdım ki, kaş o gün olsun, torpaqlarımız azad edilsin və biz Sizinlə Xocalıda görüşə bilək. Həmin gün bu günə təsadüf edir. Ulu Öndərin daxili və xarici siyasətini çox uğurla davam etdirən məhz Sizin sayənizdə bu gün doğma, azad Xocalımızdayıq. Çox sağ olun, var olun. Allah Sizi qorusun.

Kişi sakin: Cənab Prezident, vaxtınızı çox almayaq. Bütün xocalılıların Ulu Öndərimiz qarşısında verdiyi bir vəd var. Mən vermişəm o vədi Ulu Öndərimizə. Mən demişdim ki, cənab Prezidentimiz, Sizin rəhbərliyinizlə biz torpaqlarımızı işğaldan azad etdikdən sonra Xocalının ən dəyərli, görkəmli bir yerində Sizin abidənizi ucaldacağıq. Cənab Prezidentimiz, Sizdən çox xahiş edirik, necə ki, bax, bu yeri uğurla seçmisiniz, Xocalının ən dəyərli bir yerində Ulu Öndərimizin abidəsini ucaltmağı bütün xocalılılar adından Sizdən xahiş edirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Sonra Prezident İlham Əliyev sakinlərlə birlikdə Xocalı şəhərində aparılan tikinti işləri ilə tanış olub.

Qadın sakin: Xocalı hadisələrinin canlı şahidi kimi Sizə minnətdarlığımızı bildiririk ki, Xocalı torpağına Sizinlə birlikdə ayağımız dəyir. Hələ 1997-ci il fevralın 25-də Ulu Öndərimiz, mərhum Prezidentimiz Heydər Əliyev mənə yoldaşımın “Qızıl ulduz” medalını şəxsən özü təqdim etdi. O vaxtdan 27 il keçir. Bu gün də şadam ki, Sizinlə Xocalı torpağında görüşürəm. Allah Sizə ömür versin, cansağlığı versin, eşq olsun Müzəffər Ordumuza, eşq olsun Sizə, Ali Baş Komandan!

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Digər qadın sakin: Əminəm ki, qədirbilən xalqımız Sizin xidmətlərinizi heç vaxt unutmayacaq. Tariximizin qızıl səhifəsi daim yaşayacaq.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin.

Sakinlər: Amin.

Dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri daha sonra Xankəndi şəhərində olublar.

Sakin: Sizin bütün çıxışlarınızın hamısını zabit və əsgərlərə çatdırırdım. Hərdən mənə deyirlər ki, Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı fərq nə idi? Mən də deyirdim, fərq bir dənə yalnız o idi ki, bizim qətiyyətli Ali Baş Komandanımız var və əsgərlər, xalq ona inanır. Xalq bir yumruq kimi birləşdi və necə deyərlər, “Dəmir yumruq” onların başında çatladı. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Çox sağ ol.

Gənc sakin: Cənab Prezident, biz gənclər olaraq Sizə böyük minnətdarlığımızı bildiririk. İnşallah, biz gənclər də gələcəkdə buraya, yurdumuza gəlib hərəmiz öz sahəmiz üzrə yaşayıb-yaradacağıq.

Qadın sakin: Cənab Prezident, mən şəhid qızıyam. Yəni, həmin 613 nəfərdən biri də mənim atamdır. “İgidliyə görə” medalı ilə təltif edilib. Mən atamın cəsədini axtararkən meyitlərin üz-gözü dəyişilmiş vəziyyətdə idi. Mənim 19 yaşım var idi, Tibb Universitetində üçüncü kursda oxuyurdum. Biz qan içində ağlaya-ağlaya çıxdığımız torpaqlara, bu gün sevinə-sevinə gəlmişik. Görürsünüzmü, təbiət də öz müjdəsini verir. Bu gün bizim tədbirimizin konteksti də nikbin notlar üzərində qurulub. Biz Sizə təşəkkür edirik. Siz Sərkərdəmizsiniz. Xalq-Ordu-Prezident vəhdəti ilə biz 44 günlük müharibədə düşmənin belini qırdıq və diz çökdürdük. Siz qalib ölkənin qalib Liderisiniz. Siz bizim əvəzolunmaz yuxularımızı gerçəkləşdirdiniz. Biz buna görə Sizə minnətdarıq. İnanıram ki, bu gün o şəhidlərimizin ruhu şaddır. Sizə olan sonsuz minnətdarlığımı ifadə edə bilmirəm. Azərbaycanın itirilmiş torpaqlarını azad edən Sərkərdəmizsiniz.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma artıq siz də qeyd etdiyiniz kimi, təbiət də sözünüzə qüvvət verir, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.

Sakinlər: Allah Sizi var eləsin, Allah Sizi qorusun. Biz bilirdik ki, Siz torpaqlarımızı işğal altında qoymayacaqsınız.

Prezident İlham Əliyev: Sağ olun.

Dövlətimizin başçısı həm Xocalıda, həm də Xankəndidə sakinlərlə xatirə şəkilləri çəkdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR