Prezident tapşırığı: qaydalar sərtləşdi – Nələr təklif edilir?
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən ona paytaxtda şəhərsalma normalarının son illərdə dəfələrlə pozulduğunu bildirdi. Prezident şəhərsalma qaydalarının tətbiq olunmasının vacibliyini qeyd edərək, yerli icra orqanlarının və Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin bu istiqamətdə işini yüksək səviyyədə qurmalı olduğunu qeyd etdi.
Professor, memar-arxitektor Cahid Həsənov Axar.az-a müsahibəsində Bakıda ən çox hansı ərazilərdə tikinti normalarının pozulması və bu problemdən çıxış yolları haqda danışıb:
- İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən paytaxtda tikinti normalarının pozulmasına diqqət çəkdi. Bakı şəhərinin memarlığını necə qiymətləndirirsiniz?
- Prezidentin Eldar Əzizovla görüşü zamanı verdiyi tapşırıqlar paytaxtın memarlıq baxımından beynəlxalq standartlar səviyyəsinə qaldırılmasına zəmin yaradacaq. Bakı şəhərində aparılan tikintilər zamanı çox az hallarda normalar qorunur. Ən çox pozulan norma isə binaların bir-birinə həddən artıq yaxın inşa edilməsidir.
Bu gün binaların həyətyanı ərazisi yoxdur. Normalara görə, binanın yeri seçilərkən onun ətraf ərazisi də nəzərə alınmalı, önü, arxası, yanları park ərazisi olmalı, sakinlərin asudə vaxtlarını keçirməsi üçün uyğun şərait olmalıdır. Ancaq bu gün tikililərin heç birində bu normalar gözlənilmədiyi üçün şəhərdə və binaların yerləşdiyi ərazilərdə sıxlıq, havasızlıq müşahidə olunur.
- “Tikinti norması” dedikdə nələr nəzərdə tutulur? Binalar arasında müəyyən məsafə saxlamaqdan əlavə, bu normalara nələr daxildir?
- Beynəlxalq tikinti normalarına görə, şəxsin layihəsinə baxanda binadan əvvəl onun seçdiyi ərazidəki oksigen həcminə diqqət edilir. Normalardan biri də məhz budur. Yəni ərazinin nə qədər yaşıllığı, ağacı var. Hətta hansı ağaclar əkiləcək, onlar da nəzərə alınır. Məsələn, diqqət edilir ki, bu ərazidə 150 ağac əkməyə imkan yoxdur, ancaq 50 ağac əkmək olar. Bu zaman oksigeni daha çox buraxan, havanı daha çox təmizləyən ağaclar seçilir ki, balans qorunsun. Əgər bizdə də tikinti ilə məşğul olan sahibkarlar bu kimi ən adi qayda və normalarla işləsələr, memarlar da işlə təmin olunar, bioloqlara da ehtiyac yaranar. Məsələn, bioloqlar bilir ki, binaların həyətində hansı növ ağaclarla daha çox oksigen bazası yaratmaq olar. Xaricdə bunlar hamısı hesablanır. Bizdə sahibkar harada boş ərazi görürsə, oranı satın alıb bina tikir və heç bir normalar da qorunmur.
- Bakının hansı ərazilərini bu baxımdan daha kritik hesab edirsiniz?
- Daha çox şəhərin mərkəzi hissəsində tikinti normaları pozulub. Çünki istənilən sahibkar şəhərin mərkəzində bina tikməkdə maraqlıdır. Ümumilikdə isə Bakı şəhəri üzrə bütün rayonların mərkəzi hissələri daha qələbəlikdir. Bu da qeyd etdiyim kimi, mərkəzə doğru qiymətlərin bahalaşması ilə bağlıdır. Bu gün tikintiyə sərmayə buraxan sahibkar ancaq qazanc barədə düşünür. Ancaq yaxşı sahibkar qazancdan başqa şəhərin inkişafı, əhalinin rahatlığını da düşünməli, yeni imkanlar yaratmalıdır.
- İndiki vəziyyətdə problemdən çıxış yolu kimi nə etmək mümkündür?
- Əlbəttə, artıq tikilən binaları sökmək olmaz. Ancaq məsələn, yaşıllıqlar salınmalı, oksigenlə zəngin ağaclar əkilməlidir. Maşın saxlamaq üçün yeraltı parkinqlər inşa edilməlidir. Bu, yoldakı sıxlığı da aradan qaldıracaq, həyətin və həyətyanı sahənin boşalmasına səbəb olacaq.
20-25 faiz yaşıllıq zonası olmayan ərazilərdə aparılan bütün tikintilər dayandırılmalıdır. Şəhər mərkəzində yeni tikililərə icazə verilməməlidir.
- Tez-tez obrazlı şəkildə, “Tikililər belə sürətlə artsa, Bakı çökəcək” fikri səslənir...
- Bakının hələ ki fiziki baxımdan gücü var. Yəni hələ bundan sonra 100 mərtəbəli 100 bina da tikilsə, şəhər “çökməyəcək”. Ancaq psixoloji baxımdan artıq son mərhələdəyik. Mərkəzlərdə sıxlıq dözülməz həddə çatıb. Bu tikintilər zamanı şəhər sakinləri, turistlər nəzərə alınmalıdır. Əgər vətəndaş və ya turist şəhərə gedərkən tıxacda qalırsa, şəhərdə bir restorana gedərkən tikintilərin əlindən maşın saxlamaq üçün yer tapmırsa, əyləşdiyi restoranın ətrafında bina tikintisi gedirsə, sizcə, o, bir də həmin yerə getmək istəyər? Psixoloji, estetik, vizuallıq baxımından şəhərdəki sıxlıq əhalini, turistləri darıxdırır, bezdirir.
- Sizcə, hansı ərazilərdə yeni tikintilərin aparılması dayandırılmalıdır?
- Məncə, turistlər Nizami küçəsinə, İçərişəhərə, Bulvara daha çox üstünlük verirsə, həmin ərazilər boşaldılmalı, o ərazilərdə tikintilər dayandırılmalıdır. Mənim təklifim ondan ibarətdir ki, birinci növbədə universitetlər, bəzi nazirliklər şəhərdən kənarlaşdırılsın. Qaradağ, Ələt, Lökbatan, Sahil qəsəbələri boş ərazidir. Oranın yol infrastrukturu yüksək səviyyədə təşkil edilməli, metro xətti çəkilməlidir. Əksər inzibati binalar, yataqxanalar, universitetlər, nazirliklər o ərazilərə köçürülməlidir. Bu addım şəhəri xeyli yüngülləşdirə bilər. Universitetlər şəhər ətrafına köçürülsə və kampus kimi fəaliyyət göstərsə, tələbələrin də təhsil göstəriciləri artar. Məsələn, universitetə getmək üçün uzun yol qət edən tələbənin fikrinin dərsdə olmaması normaldır. Universitetə gedən yolda müxtəlif kafe, restoran, əyləncə mərkəzi görən 18-22 yaşlı tələbənin dərs oxumağa həvəsi təbii ki, olmayacaq. Hərbi xidmət kimi, tələbələr də təhsil aldıqları müddət ərzində universitet şəhərciyində olmalı və bu 4 ili ancaq təhsillə bağlı düşünməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət