Prezident: "Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibətə son qoyulmalıdır"
"Bakı şəhərinin hər yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir".
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil: "Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır".
Prezident İlham Əliyev qeyd edib ki, süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət hallarına son qoyulmalıdır: "Kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaq. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət