Slimfit
  1. MEDİA

Prezident mükafatçısı: “BANM innovasiya sahəsində ən qabaqcıl ali məktəblərdən biridir”

Prezident mükafatçısı: “BANM innovasiya sahəsində ən qabaqcıl ali məktəblərdən biridir”
Sakura

Prezident mükafatçısı: “BANM innovasiya sahəsində ən qabaqcıl ali məktəblərdən biridir”

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının məzunu, Ali Məktəbin əməkdaşı Elmar Əsgərzadə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb. O, innovasiya və sahibkarlıq kateqoriyasında qalib olub. 

Qeyd edək ki, E.Əsgərzadə BANM-in “ThermoNorth” startapının həmtəsisçilərindəndir. "ThermoNorth" elmi tədqiqat işindən startap layihəsinə 2018-ci ildə “Social Innovation Lab” Biznes İnkubasiya Mərkəzində çevrilməyə başlayıb, layihə “Cilmate Launchpad 2018”in qalibi olub. Startap layihəsi 2018-ci ildə Şotlandiyada 60 ölkənin 120 komandasının qatıldığı beynəlxalq müsabiqənin finalçılarından olub. Həmçinin layihə 2018-ci ildə İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə həyata keçirdiyi II Respublika İnnovasiya Müsabiqəsində I yeri qazanıb. Komanda BMT-nin xətti ilə “İstanbul İnnovasiya Günləri 2018”də iştirak edib, həmin ildə İqtisadiyyat Nazirliyi “İlin gənc sənaye startapı” adı ilə komanda üzvlərini təltif edib. 2019-cu ildə “Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” İnkubasiya Mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramı üzrə keçirilən müsabiqədə II yeri qazanıblar. Layihə 2019-cu ildə ABŞ-ın Cənubi Qafqaz ölkələrinin texnologiya və elm sahəsində fəaliyyət göstərən sahibkarlarına dəstək məqsədilə həyata keçirdiyi GIST (Global Innovation through Science and Technology) biznes inkubasiya proqramında II yerin qalibi olub.

Elmar Əsgərzadə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.

- Gənclər üçün Prezident mükafatına layiq görülmüş ölkənin on gəncindən biri kimi ilkin təəssüratınız necə oldu?

- Komanda yoldaşım Hüseyn Əliyev Qazaxıstandan Bakıya gəlmişdi, görüşüb elə “ThermoNorth” layihəsini müzakirə edirdik ki, növbəti mərhələyə necə keçə bilərik. Söhbət əsnasında qrup yoldaşım Muraddan "WhatsApp"a mesaj gəldi ki, adın "Prezident.az" saytında Prezident mükafatı alanların siyahısındadır. Açığı, inanmadım adım siyahıda olar, amma adımı görəndə keçirdiyim hissləri o an sözlə ifadə edə bilmədim. Çox sevindim, qoy bu sevincdən digər gənclərə də pay düşsün. Fürsətdən istifadə edib ölkə başçısı İlham Əliyevə gənclərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

- Niyə Bakı Ali Neft Məktəbindən məhz sizə bu mükafat verildi?

- Öncə onu deyim ki, Prezident mükafatı almış on gəncin hər biri bu mükafatı müəyyən kateqoriya üzrə qazanıb. Özüm də daxil olmaqla iki gəncin adı innovasiya və sahibkarlıq kateqoriyasında qalib elan olunub. İnnovasiya sahəsi Azərbaycanda hələ ki yeni sahə sayılır. Bu sahədə də son iki ildir dirçəliş hiss olunur. Digər gənclər kimi, mən də komandamızla birgə tələbəlik illərindən “ThermoNorth” startapı üzərində çalışmağa başladıq. Əksər startap layihələri qalib olsa da, onların çoxu biznesə çevrilə bilmir. İstəmədim ki, startapımız nəzəri olaraq kağız üzərində qalsın. Çalışdım ki, komanda ilə birgə layihənin biznes həllini də tapaq. İki il ərzində bu layihə yerli və beynəlxalq müsabiqələrdə yer tutub. Həm də Bakıda bir neçə dövlət qurumu startapımızı və uğurlarımızı izləyirdi, istər İqtisadiyyat Nazirliyi, istərsə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə müntəzəm əlaqədə idik, onlar da görürdü ki, bizim komanda bir yerdə dayanmır, davamlı formada öz üzərimizdə çalışırıq. Gənclər üçün Prezident mükafatına namizədliyim də İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə irəli sürülüb. Bundan başqa, ən vacib məsələ - təhsil aldığım Bakı Ali Neft Məktəbi ölkədə innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisəsidir. BANM gənclərin inkişafı üçün şərait yaradıb, ideyamızı inkişaf etdirmək üçün rektor və akademik heyət davamlı formada motivasiya edir. Mükafat, əsasən, 99 faiz “ThermoNorth” startapına görə verilib. Sadəcə, startapın komanda lideri kimi mənim adımı siyahıya salsalar da, bu, əslində, bütün komandaya olan mükafatdır, bunu yalnız öz adıma çıxmaq doğru olmazdı.

Elmar Əsgərzadə

- “ThermoNorth” startap ideyası necə yaranıb?

- “ThermoNorth” startap ideyası, əsasən, BANM-in dosenti Əmir Reza Vəxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. O, tez-tez gənc alimlərin iştirak etdiyi elmi konfranslarda iştirak edirdi, orada da bu ideya dəfələrlə müzakirə olunurdu. Tələbə olanda elmi-tədqiqat işinə çox həvəsim vardı, Əmir bəy kimi gənc professorla birgə işləyərək vərdişlərimi daha peşəkar səviyyəyə çatdırdım. Daha sonra startap layihəsinin formalaşması və inkişafında komanda yoldaşlarım Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy, Yadigar Nəzərov və komandanın lideri kimi mən iştirak etmişik. Startap layihəmizlə bir çox yerli və beynəlxalq müsabiqələrə də qatılmışıq, layihəmiz ABŞ-da biznes inkubasiya proqramına belə qəbul olunub. Amerikada olanda öyrəndik ki, bir layihə biznes sahəsində uğur qazanana qədər xeyli əziyyətli yollardan keçir, beynəlxalq səviyyəli ekspertlərin təcrübələrini dinlədik, bütün bu mərhələlərdən keçdik. Tələbə olmağımın üstünlüyü o idi ki, diqqətimi tam bu startapa vermişdim, əlavə işdə çalışsaydım, layihə, sadəcə, elmi tədqiqat kimi qalacaqdı, sırf buna görə iş təkliflərindən də imtina etdim ki, startapı inkişaf etdirməyə nail olum. Komandamıza Amerikadan Gary Wood (Qəri Vud) və Sergey Gurevich (Sergey Qureviç), Gürcüstandan Colin Donohue (Kolin Donohu) məsləhətçi kimi dəstək verib, məhsulun hazırlanması üzrə isə Behruz Mohammadinin əməyi olub.

- Startap layihəsinin əsas məqsədi nədir?

- Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji toplayan maddənin köməyi ilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji toplayan maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik “enerji akkumulyatoru” rolunu oynayır.

- Layihənin insanlar üçün hansı praktiki əhəmiyyəti var?

- Mühərriki optimal temperaturda saxlamaq hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir-sıra problemləri həll edir: məsələn, artıq yanacaq sərfiyyatı, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s. Bu, insanların gündəlik həyatında çox vacibdir, həmçinin şirkətlər üçün də ehtiyac duyulan məqamlardır, onlar maraqlıdır ki, bu cür problemlərin qarşısı alınsın.

- Layihənin perspektivləri haqqında nə deyə bilərsiniz?

- Bizim layihə həm ekoloji təmizliyə töhfə verəcək, karbon qazının sərfiyyatını azaldacaq, həm də soyuq hava şəraitində yaşayan insanlara avtomobil sürərkən yardımçı olacaq, enerji və pula qənaət etmələrinə dəstək olacaq. Amerikada səfərdə olarkən “ThermoNorth” startap layihəsinin patentini aldıq, “ThermoNorth Inc” şirkətini yaratdıq. Məhsulumuz artıq hazırdır və test üçün Fransaya göndərilib. Yaxın perspektivdə satışı planlanır.

- İdeyası olub, ancaq onu həyata keçirə bilməyən gənclərlə nəyi bölüşərdiniz? Sizin uğur düsturunuz necədir?

- Əsas məsələ odur ki, gənclərin öncə müşahidə qabiliyyətləri iti olsun, problemi yaxşı müşahidə eləsinlər. Daha sonra həmin problemin həlli haqqında düşünsünlər, biliklərini və enerjilərini bu istiqamətdə sərf eləsinlər. İdeyanı yaxşı işlənmiş formata salsınlar, digər vacib məsələ özlərinə yüksək motivasiyalı komanda yoldaşları tapsınlar. Komandasız iş görmək çox çətindir, qarşınıza maneələr çıxanda mütləq bunu birgə aşmaq və müzakirə eləmək lazım olacaq, bir də komandada hər kəsdə eyni potensial olmur, çalışmaq lazımdır həvəs və bacarıq kimdə yaxşıdırsa, buna fokuslansınlar. Ən vacib məqam isə ideya, sadəcə, kağız üzərində qalmamalıdır, insanlar onun praktiki əhəmiyyətini öz həyatlarında hiss etməlidir, çalışmaq lazımdır ki, ideya biznesə çevrilsin və insanlara faydalı olmağı bacarsınlar. Çox çalışmaq, xeyli mərhələlərdən keçmək lazımdır. Gənc dostlarım çətinliklərdən, neqativ reaksiyalardan, tənqidlərdən, rəqiblərlə rəqabət aparmaqdan isə qətiyyən qorxmasınlar, əksinə, bütün bunlar gənclərə öz perspektivlərini, bacarıqlarını praktiki formada daha yaxşı qiymətləndirmək imkanı verəcək. Həvəsdən düşməsinlər, axıra qədər komanda ilə birgə getsinlər.

- Gələcək üçün hansı yeni ideyalar və layihələr var?

- Artıq “Climasel” adlı ikinci layihəmiz var. “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsi panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25% qənaət etmiş olur. Startap ideyası, əsasən, Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulub, layihənin icra olunması üçün kəskin temperatur fərqi olmalıdır. Amma hələlik əsas diqqətim “ThermoNorth” startap layihəsinin üzərindədir ki, bunu komandamızla tam beynəlxalq səviyyəli biznes layihəsi edib ondan pul qazanmaq istəyirik. Bunu həyata keçirəndən sonra həmin layihədən qazanılan pulu “Climasel” və ağlımda ideya kimi olan iki layihəyə investisiya qoymaq kimi planlarım var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR