Slimfit
  1. SİYASƏT

Prezident köməkçisi ilə QHT rəhbərlərinin görüşü: gələcək perspektivlər, yeni strategiya...

Prezident köməkçisi ilə QHT rəhbərlərinin görüşü: gələcək perspektivlər, yeni strategiya...
Sakura

Prezident köməkçisi ilə QHT rəhbərlərinin görüşü: gələcək perspektivlər, yeni strategiya...

Bir gün öncə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib.

Görüşün eyni zamanda, QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağı və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyi bildirilib.

Bəs, görəsən, bu görüş gələcəkdə daha nə kimi yeniliklər vəd edir? Konfransda QHT sektoru ilə bağlı hansı problemlər müzakirə edilib?

Musavat.com-a görüş haqqında təəssüratlarını bölüşən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, konfrans olduqca pozitiv keçib:

“İlk dəfədir ki, vətəndaş cəmiyyətinin problemləri ilə bağlı açıq müzakirələr aparılır. Əlbəttə ki, ayrı-ayrı vaxtlarda dar çərçivədə dialoqlar olurdu. Amma bu formatda dialoq uzun illər idi ki, baş vermirdi. Digər tərəfdən Hikmət müəllim vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı çox geniş çıxış etdi. O, ictimai nəzarətin təşkili, beynəlxalq təşkilatlarda iştirak, cəmiyyətdə baş verən proseslərə operativ reaksiya, vətəndaş cəmiyyəti ilə dövlət əməkdaşlığının genişləndirilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünyaya çatdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, eyni zamanda vətəndaş cəmiyyətinin qarşısında duran problemlərin həlli istiqamətində ətraflı danışdı. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq bizi narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq".

Ə.Nuriyev QHT nümayəndələrinin təkliflərinin qeydə alındığını nəzərə çatdırıb:

"Qanunvericiliklə bağlı məsələlərə yenidən baxılması, dəyişikliklərin təkmilləşdirilməsi, bununla bağlı İşçi Qrupunun yaradılması zərurətini diqqətə çatdırdıq. Vətəndaş cəmiyyətinin resurslara çıxışı, qarşılaşdıqları maneələrlə bağlı məsələlərə toxunuldu. Həmkarlarım tərəfindən dayanıqlı inkişafda vətəndaş cəmiyyətinin rolu ilə bağlı əhəmiyyətli fikirlər səsləndirildi. Bu fikirlər çox diqqətlə izləndi, hər bir təklif və irad qeydə alındı. Konfransın formatından da görünür ki, bu, sadəcə görüş xarakteri daşımır. Hikmət müəllim dövlət və vətəndaş cəmiyyətinin problemlərini bölüşür və bu istiqamətdə dəyişikliklərin olmasını istəyir. Bu görüşlərin davamlı olacağı və sektoral xarakter daşıyacağı bildirildi. Yəni qanunvericilik, demokratiya, şəffaflıq, hesabatlılıq, qadın hüquqları, veteranlar və Qarabağ həqiqətləri ilə bağlı ayrılıqda görüşlər keçiriləcək. Bildirildi ki, dövlət orqanları vətəndaş cəmiyyətinin işinə, təkliflərinə diqqətlə yanaşır. Məsələyə bu dəfə konseptual yanaşma var, problem var, problemin həlli istiqamətində təkliflər də var. Növbəti görüşlər konkret istiqamətlər üzrə olacaq, ixtisaslaşmış QHT-lər iştirak edəcək. Vətəndaş cəmiyyəti ilə bağlı yeni strategiyanın hazırlanmasının zəruriliyi məsələsinə də toxunuldu. Bu strategiya bütövlükdə vətəndaş cəmiyyətini mövcud böhrandan çıxarmağı hədəfləyir".

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da görüşün keçirilməsini müsbət addım kimi dəyərləndirib:

"Hikmət müəllim fərqli bir insandır, dialoq qurmağı, münasibət yaratmağı yüksək səviyyədə bacarır. O, vətəndaş cəmiyyətinin mövcud durumunun daha da inkişaf etməsini istəyir. O, beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda bizim də vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunmasını istəyir. Görüşdə, əsasən, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş müzakirələr edildi, rəy və təkliflər irəli sürüldü. Burada 20-dək QHT rəhbəri iştirak edirdi, hər kəs üçün 3 dəqiqə vaxt verildi. Hikmət müəllim söz verdi ki, bu görüşün davamı olacaq. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti olduqca pis vəziyyətdədir. Hikmət müəllim qeydiyyatdan, şuralardan danışdı. Mən ictimai şuranın fəaliyyəti ilə bağlı təklif və iradımı bildirdim".

M.Qəhrəmanlı onu da əlavə edib ki, 20 nəfər QHT nümayəndəsi vətəndaş cəmiyyətinin fikrini tam şəkildə çatdıra bilməz:

"Peşəkar QHT-lərlə, komissiyalarla, platformalarla görüşlər təşkil olunmalıdır. Əgər doğurdan da hökumətin niyyəti vətəndaş cəmiyyətini beynəlxalq aləmdə möhkəmlədirməkdirsə, bu görüşlər təkrar keçirilməlidir. Ümumi təkliflər hazırlanmalıdır. O ölkədə ki vətəndaş cəmiyyəti inkişaf etmir, orada demokratiyadan söhbət gedə bilməz. Beynəlxalq təşkilatların təşkil etdiyi görüşlərdə vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunması ölkəmiz üçün önəmlidir. Bu görüşü dövlət qurumları tərəfindən atılan ilk addım kimi dəyərləndirirəm, əgər nəticəsi olarsa, o zaman müsbət qiymətləndirəcəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR