Slimfit
  1. SİYASƏT

Prezident: Komanda üzvlərimə sual verdim: “O bizə nə verəcək”

Prezident: Komanda üzvlərimə sual verdim: “O bizə nə verəcək”
Sakura

Prezident: Komanda üzvlərimə sual verdim: “O bizə nə verəcək”

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri adlı sənədin imzalanması ilə bağlı danışıqlar yaxşı gedir.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Ölkə başçısı qeyd edib ki, sənədin bəndlərinin 90 faizi razılaşdırılıb.

“Amma razılaşdırılmayan bəndlər bizim üçün qəti münasib deyil. Avropa İttifaqı mövqeyini dəyişsə, biz danışıqları davam etdirə bilərik”, - deyə Prezident bildirib.  

Dövlət başçısı deyib ki, Azərbaycan Avropa ölkələri ilə yaxşı münasibətlər qurub, lakin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamayıb.

İlham Əliyev söyləyib ki, Azərbaycan Avropa İttifaqına daxil olmağa hazırlaşmır.

“Azərbaycan Avropa İttifaqına daxil olmağa hazırlaşmır. Və bizi orada gözləmirlər. Biz “Şərq tərəfdaşlığı”na qoşulan keçmiş SSRİ-yə daxil olan bəzi ölkələrdən fərqli olaraq assosiasiya razılaşmasını imzalamadıq. Mən onu başlanğıcdan sona kimi oxudum. Anladım ki, bu, razılaşma deyil, yerinə yetirməli olduğumuz təlimatdır. Mən öz komanda üzvlərimə sual verdim: Bizə bu təlimatlar niyə lazımdır? Bu bizə nə verəcək? Hansısa praktiki xeyri varmı?”, - deyə ölkə başçısı əlavə edib.

İlham Əliyev bildirib ki, buna görə də, Avropa Komissiyasına ikitərəfli razılaşma üzərində işləmək təklif edilib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan kiminsə xoşuna gəlmək üçün razılaşma imzalamır.

“Biz belə işləmirik. İstənilən razılaşma, istənilən razılıq konkret nəticələrə malik olmalıdır”, - deyə Prezident əlavə edib.

Qeyd edək ki, Prezident dekabrın 23-də  yerli KİV-lərə müsahibəsində demişdi ki, 2018-ci ildə Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb.

Prezident İlham Əliyev deyib ki, bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilib.

Amma sənəddə razılaşdırılmamış məqamlar da qalır. İlham Əliyev sənədin bəzi detalları ilə bağlı danışarkən Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması və bunun Avropa İttifaqında yaratdığı reaksiyaya diqqət çəkib:

“Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb.

Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq.

Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır.

Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər”.

Bundan başqa, sazişə belə bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Dövlət başçısı buna izah verərkən qeyd edib ki, hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır.

“İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR