Prezident işinin öhdəsindən gələ bilməyən məmurları istefaya çağırdı: Aydın və konkret tələblər – ŞƏRH
Mayın 1-də Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən Azərbaycanda həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.
Ölkə başçısı çıxışında Azərbaycanda əldə olunan nailiyyətlərdən söz açıb, dövlətin iqtisadi-maliyyə resurslarının əhalinin sosial rifahının yaxşılaşdırılması üçün səfərbər olunduğuna diqqət çəkib.
Prezident deyib ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir.
“Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artıb.
Pandemiyaya baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 1,1 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb. İqtisadi artımın əsas səbəbi aparılan islahatlardır. Bu imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin”, - deyə İlham Əliyev qeyd edib.
İqtisadi artımın, şəffaflığın təmin olunmasının stimulverici qüvvələrindən biri də aparılan kadr islahatlarıdır.
Peşəkar, bilikli, innovativ kadrların önə çəkilməsi ilə idaretmə mexanizmi müasir dövrün tələb və standartları çərçivəsinə salınmaqla təkmilləşdirir.
Hüquq mühafizə orqanlarındakı nöqsanlar
İqtisadi, sosial islahatlarla yanaşı, ölkədə hüquq-mühafizə orqanlarının işinin, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər görülür.
Bununla belə, Azərbaycanda hələ də görüləsi işlər var. Prezidentin söylədiyi kimi, hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işə böyük ziyan vurur. Prezident İlham Əliyev qanunun aliliyini təmin edən qurumlar qarşısında duran vəzifələri bir daha xatırladıb.
“Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq-mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”, - deyə Prezident söyləyib.
Prezidentin çıxışı hüquq-mühafizə orqanlarının qarşısındakı prioritetləri daha aydın və konkret şəkildə müəyyənləşdirir.
Demokratik prinsipləri, qanunun aliliyini rəhbər tutan dövlət başçısı bildirib ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.
İlham Əliyevin sözlərinə görə, bütün hüquq-mühafizə orqanları elə çalışmalıdırlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları, qanunun aliliyi təmin edilsin.
Korrupsiyaya qarşı “savaş”
Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bu, özünün səmərəsini verir.
Lakin bəzi məmurlar qanun qarşısında və ictimai məsuliyyəti dərk etmirlər, dövlətin malını, əhalinin pulunu mənimsəyirlər.
Prezident cəmiyyətdə korrupsiya və rüşvətxorluq səviyyəsinin sıfırlanması üçün də tapşırıqlarını verib.
Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək, bəzi icra başçıları da daxil olmaqla, rüşvətxorluqla məşğul olan yüksək vəzifə sahiblərini ifşa edib. Onlar artıq cinayət məsuliyyətinə cəlb ediliblər. Prezident söyləyib ki, heç kim məsuliyyətdən qaça bilməyəcək.
Prezidentin sözlərinə görə, hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə və ya bunu istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa verməlidir.
İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində prokurorluq orqanlarının fəal iş aparmalı olduğunu diqqətə çatdırıb.
Dövlət başçısının Kamran Əliyevi qəbul edərkən çıxışında toxunduğu məqamlar vəzifə sahiblərinə öz məsuliyyətini, xalqa xidmət etməli olduqlarının vacibliyini bir daha xatırladıb.
Korrupsiya faktları rəqəmlərdə
2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma, 68 şəxs barəsində 43 iş rüşvət vermə və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya halları ilə bağlı olub.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət