Prezident İranın hərbi təlimləri barədə: “Nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?”
“Sərhədlərimiz yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüb doğuran bir hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr yaşanmamışdı”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı İranın ölkəmizlə sərhəddə keçirdiyi hərbi təlimlər barədə danışarkən deyib.
“İlk növbədə deməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimləri keçirə bilər. Bu onun suveren hüququdur. Buna heç kim söz deyə bilməz. Ancaq bunu bir zaman kəsimində təhlil edərkən, daha əvvəl heç vaxt belə bir şeyin olmadığını görürük. Niyə indi və bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nəyə görə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə nəyə görə təlim keçirilmirdi? Nəyə görə biz bu əraziləri azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə ki, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir halın olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və təmkinli davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olduğuna ümid edirəm”, - deyə dövlət başçısı bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət