Prezident İlham Əliyev: 'Dünya dinlərinin nümayəndələrinin sözündən çox şey asılıdır'
"Sizə bir daha “Xoş gəlmisiniz” demək istəyirəm, Sizi yenidən görməyimə çox şadam. Sağ olun ki, Dünya Dini Liderlərinin Sammitində iştirak edirsiniz. Sizin bu tədbirdə iştirak etməyiniz ona xüsusi əhəmiyyət verir. Sizin dərin nitqinizi çox diqqətlə dinlədim. Sizin tezislərinizlə, vəziyyətə verdiyiniz qiymətlə, ənənəvi dəyərləri, dünya dinlərinin prinsiplərini müdafiə etmək və dinlərarası dialoqu inkişaf etdirmək üçün nə etmək lazım olması barədə fikirlərinizlə tam razıyam".
"Report"un xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir:
"Ona görə ki, dini liderlərin bu formatda keçirilən, bu cür təmsil olunmuş Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığa yönəlmiş əhval-ruhiyyəsini əks etdirir. Dünya dinlərinin nümayəndələrinin sözündən çox şey asılıdır. Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər. Ona görə də bu gün bütün çıxışlarda səslənən bu cür konsensus belə bir nikbinlik yaradır ki, biz birgə səylərimizlə humanizm, əməkdaşlıq, sülh, qarşılıqlı anlaşma dəyərlərini inkişaf etdirəcəyik. Əlbəttə ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Mən öz çıxışımda dedim ki, biz mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı humanitar xarakterli çoxlu tədbirlər keçiririk. Lakin bugünkü tədbir, əlbəttə ki, xüsusi tədbirdir. Sevindirici haldır ki, bu tədbirdə dünya dinlərinin görkəmli nümayəndələri, rəhbərləri iştirakı edirlər.
Bir daha təşəkkür edirəm ki, Siz vaxt tapıb gəlmisiniz və bu tədbirdə iştirak edirsiniz. Bu gün Mehriban ilə mən Sizinlə həm Bakıda, həm də Moskvada bütün görüşlərimizi xatırladıq. Bütün Azərbaycan xalqının adından Sizə bir daha dərin ehtiramımızı bildirmək istərdim. Biz bilirik ki, Sizin bizə, ölkəmizə münasibətiniz çox xeyirxahdır, Siz dəfələrlə bizə təşrif gətirmisiniz. Sizə bir daha təşəkkür edirəm və ümidvarıq ki, yaxın vaxtlarda yenidən görüşəcəyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət