Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Konstantinopol Patriarxlığı ilə əlaqələrini kəsib
Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Konstantinopol Patriarxlığı ilə əlaqələrini kəsib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rus Pravoslav Kilsəsinin nümayəndəsi Volokolamski İlarion deyib. Onun sözlərinə görə, Konstantinopol Patriarxlığı ilə münasibətlər yalnız Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanımaqdan imtina edəcəyi halda bərpa ediləcək.
Qeyd edək ki, bundan öncə Konstantinopol Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi prosesini başladıb. Üstəlik, patriarxlıq Moskvanın Ukrayna Pravoslav Kilsəsinə mitropolit təyin etmək haqqını da əlindən alıb. Konstantinopol Patriarxlığının bu addımı Moskvanın sərt reaksiyasına səbəb olub. Moskva Patriarxlığı Konstantinopola cavabın çox sərt olacağını bildirib.
Bu, Moskva ilə Konstantinopol arasında ilk belə hal deyil. 1996-cı ildə tərəflər arasında münasibətlər Eston Pravoslav Kilsəsi ucbatından pozulmuşdu. Belə ki, arxiyepiskop Varfolomeyin Eston Pravoslav Kilsəsini öz yurisdiksiyasına almaq istəməsi Rus Pravoslav Kilsəsinin etirazına səbəb olmuş və tərəflər arasında əlaqələr kəsilmişdi. Lakin vəziyyət bu halda yalnız bir neçə ay qalmışdı.
Ukraynada üç böyük kilsə var. Bunlar Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi, Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Avtokefal Pravoslav Kilsəsidir. Əgər Ukrayna Pravoslav Kilsəsi müstəqil olsa, o zaman Rus Pravoslav Kilsəsi öz gəlirlərinin üçdə birindən məhrum olacaq. Digər tərəfdən, bəzi ekspertlər kilsəyə müstəqillik verilməsinin Ukraynada müəyyən toqquşmalara səbəb yaradacağını da iddia edirlər. Onların fikrincə, bu, həm də Rus Pravoslav Kilsəsinin Şərqi Avropadakı pravoslavlar arasında mövqelərinin itirilməsinə şərait yaradacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət