Praqa qaçqınların qəbulu məsələsində öz mövqeyini dəyişmir
Çexiya Avropaya miqrasiya probleminin uzunmüddətli həlli məqsədilə Afrika dövlətlərinə yardım göstərilməsi üçün xüsusi “Marşall planı”nın zəruri olmasına əmindir. Eyni zamanda, Praqa qaçqınların Avropa İttifaqında Dublin sazişində nəzərdə tutulan qaydada yenidən paylanmasında iştirak etməyə hazır deyil.
Çexiyanın Baş naziri Andrey Babişin Almaniyada işgüzar səfərdə olarkən söylədiyi bu fikirlər “Die Welt” qəzetinin 6 sentyabr nömrəsində sitat gətirilir.
AZƏRTAC xəbər verir ki, 64 yaşlı siyasətçi və dollar milyarderi Babiş bir gün əvvəl Berlində AFR kansleri Angela Merkel ilə görüşüb. Bu, 2017-ci ilin dekabrında Babişin Baş nazir vəzifəsində işə başladığı vaxtdan onların ilk görüşüdür. Almaniya hökumətinin başçısı əmin olduğunu bildirib ki, Aİ hüdudlarında qaçqınların ədalətli bölgüsü və Avropa İttifaqının xarici sərhədləri yanında yerləşən İtaliyaya dəstək problemi “vacib mövzu” kimi qalır.
Babiş bu məsələdə Praqanın mövqeyinin birmənalı olduğunu bildirərək, vurğulayıb: “Çexiya qaçqınların məcburi qaydada bölüşdürülməsinə heç vaxt razılıq verməyəcək. Lakin federal kanslerin bu fikri ilə mən də razıyam ki, insan qaçaqmalçılığına qarşı mübarizə üçün Şimali Afrika dövlətləri ilə saziş, həmçinin Afrika üçün “Marşall planı” lazımdır. Praqa bu tədbirdə iştirak edəcək”. Babiş onu da xatırladıb ki, 2015-ci ildən bəri Çexiya qaçqınlar probleminin həllində iştirak edən ölkələrə yardım kimi 100 milyon avro ayırıb.
Andrey Babiş bundan əvvəl dəfələrlə deyib ki, potensial miqrantların “ümumiyyətlə yola çıxmaması” üçün onlara öz ölkələrində kömək etmək lazımdır. Onun sözlərinə görə, Çexiya bundan sonra Aralıq dənizindən keçməklə Avropa İttifaqına gələn qaçqınların heç birini qəbul etməyəcək, çünki o, Ukraynadan gələn insanları qəbul edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət