Slimfit
  1. AZƏRBAYCAN

Polis Akademiyası magistratura pilləsinə daxil olmaq istəyənlərə müraciət edib

Polis Akademiyası magistratura pilləsinə daxil olmaq istəyənlərə müraciət edib
Sakura

Polis Akademiyası magistratura pilləsinə daxil olmaq istəyənlərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının magistraturasında ikiillik təhsil üzrə əyani formada dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasında təhsilə namizədlərin seçilməsi və müsabiqəyə buraxılması Qaydaları”na əsasən qəbul elan edilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq ikinci ildir həyata keçiriləcək qəbul prosesində hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizasi” ixtisaslaşması üzrə 10 namizədin qəbulu keçiriləcək.

Polis Akademiyasının magistraturasında təhsilə namizədlər daxili işlər orqanlarının hüquq ixtisası üzrə ali təhsilli, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətə həvəsi olan, orta və böyük rəis heyəti sıralarından olan 45 yaşadək əməkdaşlar seçilir. Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət etdikləri orqanda həyata keçirilir.

Seçim şərtlərinə uyğun gələn və təhsil almaq istəyən əməkdaş sənədlərin qəbulu üçün müəyyən olunmuş müddətdə orqan rəisi (nizami polis hissəsinin komandiri) vasitəsilə Azərbaycan Respublikasının daxili işlər nazirinə raportla müraciət edir.

Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyi üzrə namizədlərin seçimi və sənədlərinin hazırlanması bu qaydaların tələblərinə uyğun olaraq, həmin orqanın müvafiq qurumları və müvafiq seçmə komissiyası tərəfindən təşkil edilir. Namizədlərin sənədləri DİN-in Baş Kadrlar İdarəsinə təqdim olunur. Namizədlərin seçimi DİN-in Baş Kadrlar İdarəsində yaradılan seçmə komissiyasında həyata keçirilir və nəticələri müvafiq qaydada protokollaşdırılır. Nazirlik tərəfindən seçilmiş namizədlər müsabiqədə yalnız Akademiyanın magistraturasına qəbul üçün iştirak edirlər.

Magistraturaya qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na uyğun keçirilir.

Magistraturaya qəbul olunanlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər. Onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən olunmuş normalar həcmində saxlanılır.

Dinləyicilərin vəzifə və xidmət yerinin dəyişdirilməsinə, ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir. Təhsil müddətində dinləyicilər tutduğu vəzifə üçün müəyyən olunmuş həddə növbəti xüsusi rütbəyə nomenklatura aidiyyəti üzrə təqdim olunur, həmçinin Akademiya rəisinin səlahiyyətləri ilə mükafatlandırılan və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.

Magistraturada təhsil proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə “magistr” elmi-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

Qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzinin 2018-ci il dekabrın 19-da rəsmi internet səhifəsində verdiyi elana əsasən, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, ikinci mərhələsi mayın 26-da keçiriləcək. Birinci mərhələdə namizədlərin ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdə namizədlərə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (45 test tipli, 5 açıq tipli), informatika üzrə 25 (20 test tipli, 5 açıq tipli) və xarici dil üzrə 25 (20 test tipli, 5 açıq tipli) test tapşırığı təqdim olunacaq. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt verilir.

İkinci mərhələdə isə namizədlərin ixtisas fənləri üzrə (Cinayət hüququ, hüquq nəzəriyyəsi, mülki və ailə hüququ, konstitusiya hüququ və beynəlxalq hüquq) bilikləri yoxlanılır. Hər bir fənn üzrə 10 sual olmaqla, ümumilikdə, ikinci mərhələdə namizədlərə 50 sual təqdim olunur (45 test tipli, 5 açıq tipli sual). İkinci mərhələdə sualların cavablandırılması üçün 1 saat 30 dəqiqə vaxt ayrılır.

Hər iki mərhələ üzrə sualların cavablandırlmasında səhv cavablar düzgün cavabların silinməsinə səbəb olmur. Namizədlər hər iki mərhələdə topladıqları ümumi balların yekun nəticəsi əsasında müsabiqəyə buraxılırlar. Müsabiqə Dövlət İmtahan Mərkəzi tərəfindən elektron qaydada təşkil olunur və namizədlərə 20 ixtisas seçmə imkanı verilir. Hər iki mərhələ üzrə toplanmış balların cəminə uyğun olaraq, namizədlər ixtisas seçimini həyata keçirir. Müsabiqənin nəticələri bir həftə ərzində rəsmi surətdə elan edilir.

Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının (012) 454-34-57; 454-13-85 və ya Baş Kadrlar İdarəsinin (012) 590-98-16 (daxili 18-16) nömrəli telefonları vasitəsilə almaq mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR