Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib:
“O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”.
Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.
Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında Fuad Abbasovun döyülərək, təhqir olunmasını pisləyib. A. Abbas Azərbaycan Xarici İşlər Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb:
“Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir”.
Modern. az saytı Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən döyülməsinə, eləcə də, Rusiyadakı səfirliyimizin susqunluq nümayiş etdirməsinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət öyrənməyə çalışıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlmasında deyib ki, Rusiyadakı səfirliyimizin konsulluq şöbəsinin əməkdaşları mayın 20-də Fuad Abbasovla görüşüblər.
“Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə Səfirliyin konsulluq şöbəsinin əməkdaşları Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində Fuad Abbasovla görüşüblər. Səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirlər görülür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət