Rusiya bununla da özünü mümkün dünya iqtisadi böhranından qorumağa çalışır
Rusiya bazarda olan qızılı aktiv şəkildə alır və 2019-cu ilin birinci rübündə öz ehtiyatını 145,5 tona qədər artırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Daily Express" nəşrinə beynəlxalq broker şirkəti "BullionVault"un araşdırma şöbəsinin rəhbəri Adrian Eş bildirib.
O, qeyd edib ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 68% çoxdur. Ekspert hesab edir ki, Rusiyanın bazarda aktivliyi dünya üçün "pis əlamətdir": "Hökumətlər və ya mərkəzi banklar tərəfindən belə böyük həcmdə sövdələşmələri nadir hallarda yaxşı əlamət sayılır".
Nəşr isə qeyd edir ki, Rusiya qızıl almaqla yanaşı ABŞ-ın qiymətli kağızlarında olan sərmayəsini azaldır. Məqalənin müəllifləri hesab edirlər ki, Rusiya bununla da özünü mümkün dünya iqtisadi böhranından qorumağa çalışır.
Hazırda ən böyük qızıl ehtiyatlarına malik ölkə ABŞ-dır. Rusiya bu göstəriciyə görə dünyada beşinci yerdə qərarlaşıb. Qızıl Rusiyanın valyuta ehtiyatlarının 1/5 hissəsini təşkil edir. Nəşr yazır ki, Rusiya yaxın vaxtlarda Fransa və İtaliyanı keçərək qızıl ehtiyatlarına görə ilk üçlüyə daxil ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət