PFL-dən çempionatla bağlı rəsmi açıqlama
Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı bəyanatda bildirilir. Rəsmi açıqlamada qeyd olunur ki, bu barədə UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.
Aparılan müzakirələrə uyğun olaraq, PFL-in qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal və final oyunları keçiriləcək. Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.
Azarkeşsiz keçiriləcək Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı PFL-in saytında məlumat yerləşdiriləcək.
Bəyanatda o da bildirilir ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun müvafiq qərarlar qəbul oluna bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət