Slimfit
  1. CƏMİYYƏT

PAZ-ı çıxartmağın vaxtı yetişib – Çətin olsa da, labüddür

PAZ-ı çıxartmağın vaxtı yetişib – Çətin olsa da, labüddür
Sakura

PAZ-ı çıxartmağın vaxtı yetişib – Çətin olsa da, labüddür

"Bölgələrdə sərnişindaşımada istifadə olunanlar köhnə avtobuslardır. Hətta 15-20 il istismar olunan avtobuslar var"

Paytaxtda sərnişindaşımada istifadə edilən avtobusların parkı yenilənsə də, “artıq hər şey düzəlib” sözlərini bölgələrdə sərnişindaşımaya şamil etmək olmaz. Elə rayon və şəhərlərimiz var ki, orada sərnişinlər hələ də kiçiktutumlu mikroavtobuslarla daşınır. Kəndlərə sərnişin daşıyan avtobuslar isə sovet dövründən qalma köhnə PAZ avtobuslarıdır.

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu problemə toxunaraq ciddi tapşırıqlar verib. Prezident bildirib ki, Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir. Ancaq Sumqayıtı çıxmaq şərtilə başqa şəhərlərdə vəziyyət acınacaqlıdır: "Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər".

Sputnik Azərbaycan hansı bölgələrdə nəqliyyat infrastrukturunun bərbad durumda olduğunu araşdırıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq Prezidentin tapşırığından sonra bölgələrdə sərnişindaşıma ilə bağlı tələblər sərtləşdirilib. Bu məqsədlə rayonlarda sərnişindaşımada istifadə edilən avtobusların monitorinqi aparılıb: "Məlum olub ki, rayonlararası və rayonlarda daxili sərnişindaşımada istismar edilən avtobus parkında 77 faiz istismar müddəti köhnə olan avtobuslardır. Verilən tapşırıqlarıdan sonra bu hədd 64 faizə enib".

N.Allahyarova bildirir ki, rayonlarda fəaliyyət göstərən avtobusların yenilənməsi prosesi davam etdiriləcək: "Gəncə, Mingəçevir, Zaqatala, Quba və Şamaxıda avtobus parkının yenilənməsinə başlanılıb. Növbəti mərhələlərdə, 2020-ci ildən sonra daha çox tələb olunan istiqamətlər üzrə avtobus parkları yenilənəcək. Buraya Lənkəran, Şəki, Qax və Balakən, Ağdam rayonları daxildir. Həmin rayonlarda daxili sərnişindaşımada da yeniliklər gözlənilir".

N.Allahyarova bu tədbirlərin "2019-2023-cü illər Yol Hərkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı" çərçivəsində aparıldığını söyləyib. O bildirib ki, qarşıdakı dörd ildə daşıyıcılar qarşısına tələb qoyulub ki, avtobus parkı tamamilə yenilənsin.

DANX sözçüsü deyir ki, müasir avtobuslar bəzi böyük şəhərlərdə də istifadəyə veriləcək: "Bununla bağlı müəyyən təhlillər aparılıb. Bölgələrdə də nəqliyyat vasitələri yenilənəcək. Ümumilikdə hədəfimiz əhaliyə xidmətin keyfiyyətini artırmaqdır. Bölgələrdə müntəzəm şəhərdaxili və şəhərlərarası daşımalar da yeni nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Bölgələrdə sərnişindaşımada istifadə olunanlar köhnə avtobuslardır. Hətta 15-20 il istismar olunan avtobuslar var. Nəqliyyat vasitələri ilə bağlı vəziyyət o qədər də yaxşı deyil. Onların yenilənməsinə ehtiyac var. Tədbirlər planına uyğun olaraq bölgələrdə bu istiqamətdə işlər aparılacaq. Bundan əlavə, sərnişindaşıma ilə bağlı qanunvericilik hissəsində də yeniliklər olacaq. Standartlar yenidən işlənəcək. Əgər mövcud daşıyıcılar qoyulan tələblərə cavab verə bilməsələr, biz məcbur olacağıq ki, yeni daşıyıcılar prosesə cəlb olunsun".


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR