Slimfit
  1. ARAŞDIRMA

Paytaxtdakı binalarda lift təsərrüfatına qulluq necə təşkil olunur

Paytaxtdakı binalarda lift təsərrüfatına qulluq necə təşkil olunur
Sakura

Paytaxtdakı binalarda lift təsərrüfatına qulluq necə təşkil olunur

Ayın əvvəllərində ölkə Prezidentinin Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən lift təsərrüfatı ilə bağlı verdiyi göstərişlərə əsasən demək olar ki, paytaxtdakı binalarda lift təsərrüfatının qənaətbəxş səviyyədə olmasının təmin edilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olan məsələlərdən biridir. Görüşdə İcra Başçısının verdiyi məlumatda bu ilin sonuna qədər ümumilikdə Bakı şəhərində 581 liftin quraşdırılmasının nəzərdə tutulduğu bildirilib.

Report” Bakı şəhərində istər dövlət yaşayış fonduna aid olan, istər sovet dövründə tikilən kooperativ binalarda, istərsə də özəl şirkətlər tərəfindən inşa edilən çoxmərtəbəli evlərdə lift təsərrüfatının vəziyyətini, liftlərə qulluğun hansı səviyyədə təşkil olunduğunu, liftlərin texniki vəziyyəti ilə bağlı, eyni zamanda yaranan nasazlıqlar və ya liftdə qalma halları zamanı hansı qurumların məsuliyyət daşıdığını, onların xarab olmasına səbəb olan amilləri və paytaxtın lift təsərrüfatı ilə bağlı digər problemləri araşdırıb.

Araşdırmadan məlum olub ki, paytaxtda liftlərə servis xidməti göstərən şirkətlər fəaliyyət göstərirlər. Paralel olaraq liftlərin satışı ilə də məşğul olan bu şirkətlərin fəaliyyət dairəsinə əsasən özəl kooperativlər tərəfindən tikilən binalardakı liftlərin texniki qulluğu və təmiri daxildir. Dövlət yaşayış fonduna aid olan və sovet dövründə tikilən kooperativ binalarda isə liftlərin təmir və texniki qulluğu üçün adətən fərdi şəkildə fəaliyyət göstərən ustalara müraciət edirlər. Mövzu ətrafında detallı araşdırmamızı təqdim etmədən öncə paytaxtın lift təsərrüfatı ilə bağlı bir sıra hüquqi nüansları diqqətə çatdırmaq istəyirik.

Bu barədə Vəkillər Kollegiyasının üzvü, vəkil İlhamə Həsənova “Report”a bildirib ki, dövlət mənzil fonduna aid binalarda liftlərin texniki vəziyyətinə nəzarəti “Lifttəmir” İstehsalat Birliyi həyata keçirir: “Dövlət mənzil fonduna aid olmayan, hər hansı Mənzil Tikinti Kooperativi (MTK) və ya Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) tərəfindən tikilən binalarda isə həmin MTK və ya MMC üzvlərinin ümumi yığıncağının qərarı ilə tender əsasında liftlərə texniki xidmət göstərəcək təşkilat seçilir və həmin təşkilatla müqavilə bağlanılır. Əgər binanın tikintisi başa çatdırılıb və bütün mənzillər satılıbsa, həmin bina sakinlərin formalaşdırdığı bir cəmiyyətə təhvil verilir. Bu zaman liftlərə servis xidməti göstərən şirkətlə müqaviləni həmin cəmiyyət bağlayır.

 

İlhamə Həsənova

Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova

"Liftdə adam qalarsa Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vurmaq lazımdır".

 

Əgər lift xarab olarsa və ya liftdə adam qalarsa Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vurmaq lazımdır. Liftdən təhlükəsiz istifadə qaydalarının təbliğat-təşviqat işləri ilə də Fövqəladə Hallar Nazirlıiyi məşğul olur.

Sovet dövründə tikilən kooperativ yaşayış binaları isə dövlət balansına aid deyil. Bu binalarda kooperativ üzvlərinin ümumi qərarı ilə hər hansı bir şirkət seçilir və onunla müqavilə bağlanılır”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə “Report”a açıqlamasında paytaxt binalarında lift təsərrüfatının ümumi vəziyyəti ilə bağlı məlumat verib: “Köhnə tikili yaşayış binalarının bir çoxunda liftləri dəyişsələr də bərbad vəziyyətdə olan liftlərin sayı hələ də az deyil. Binalarda lift təsərrüfatının yararsız vəziyyətə düşməsinin səbəblərindən biri bizdə hələ Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyətlərinin (MMMC) tam formalaşmaması və bütün binaları əhatə etməməsidir. Azərbaycanda 150-ə yaxın MMMC qeydiyyatdan keçsə də bunlardan tam fəaliyyət göstərənlərin sayı 50-dən çox olmaz. Bina tikiləndən sonra Mənzil Tikinti Kooperativi (MTK) onu sakinlərə təhvil verməlidir. 

 

Elnur Fərzəliyev

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev:

"Araşdırma aparsaq əksər liftlərin problemli olduğunu görəcəyik".

 

Bina sakinləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərini yaratmalı və binanın idarəçiliyi həmin cəmiyyətlər və ya xüsusi idarəedici şirkətlər tərəfindən həyata keçirilməlidir. MMC və ya idarəedici şirkətlər vətəndaşlardan yığılan pullardan büdcə formalaşdırır və həmin büdcənin bir hissəsinin liftlərin texniki xidmət xərclərinə yönəldirlər. Bu zaman liftlərə servis xidməti göstərən şirkətlərlə müqavilə bağlanılır ki, həmin şirkətlər binadakı liftlərə mütəmadi qulluq göstərsinlər. Lakin bu gün araşdırma aparsaq əksər binalarda problemli liftlərin olduğunu görəcəyik.

Liftlərin nasaz vəziyyətdə olmasının səbəbləri müxtəlifdir. Bunlardan biri MTK-ların mənzilləri təmir etmədən sakinlərin ixtiyarına verməsidir. Belə ki, vətəndaş mənzil aldıqdan sonra bir neçə ay onun təmiri ilə məşğul olur. Bu zaman ağır sement kisələri, müxtəlif tikinti ləvazimatları liftlə daşınır. Liftlərlə müəyyən çəkidən artıq yükün daşıması onun torsunun qırılmasına, mühərrikinin xarab olmasına gətirib çıxara bilər. Bakıda dəfələrlə liftin trosunun qırılması hallarına rast gəlinib.

Digər səbəb isə MTK-lar tərəfindən liftlərə servis xidməti göstərən şirkətlərlə müqavilə bağlanmaması, liftlərə mütəmadi qulluq göstərilməməsidir. Bir sıra MTK-lar təyin etdikləri inzibatçılar vasitəsilə sakinlərdən yığdıqları pulu özlərinə saxlamağa çalışdıqları üçün binanı sakinlərin öhdəsinə təhvil vermir, özləri də həmin şirkətlərlə əməkdaşlıq etmirlər. Buna görə də liftlər xarab olur. Bakıda elə 16-mərtəbəli binalar var ki, hər mərtəbəsində 8-9 mənzil var. Bəzən olur ki, bu binaların blokunda yalnız bir lift işləyir. Səhərlər sakinlər işə gedərkən liftə 7-10 nəfər adam yığılır”.

 

Bakıda lift satışı və liftlərə texniki xidmət göstərilməsi ilə məşğul olan şirkətlərdən birinin nümayəndəsi Kamran Abdulhəsənov isə göstərdikləri xidmət formasından danışarkən liftlərə mütəmadi texniki qulluq olunmasının vacibliyini vurğulayıb: “Bizim şirkət özəl şirkətlər tərəfindən tikilən binaların liftlərinə aylıq müəyyən məbləğ qarşılığında servis xidməti göstərir. Bunun üçün sahibkarlar bizimlə müqavilə bağlayır. Şirkətimizin nümayəndələri tərəfindən liftlərə həftəlik, aylıq baxışlar keçirilir, yaranmış problemlər dərhal aradan qaldırılır. Baxış keçirilən zaman liftin bütün hissələrinə baxılır. Həm mexaniki, həm də elektronik bütün problemlər vaxtında aşkar olunur və yarana biləcək fəsadların qarşısı alınır. Nəticədə sakinlər əlavə xərclərdən də sığortalanmış olur. Şəhərdə servis xidməti göstərilməyən liftlər çoxdur. Bu cür liftlər tez köhnəlir və yararsız hala gəlir. Lakin mütəmadi servis xidməti göstərilən liftlər bir neçə ilin lifti olmasına baxmayaraq, istismara yeni verilmiş kimi görünür. Ona görə də istismar olunan istənilən avadanlığa, o cümlədən liftlərə texniki xidmət göstərilməli, mütəmadi baxış keçirilməli və qeydə alınan nəticələrlə bağlı aidiyyatı şəxslərə obyektiv məlumat verilməlidir. Liftə ümumi baxış keçiriləndən sonra qüsur aktı tərtib edilməli, aktın bir nüsxəsi komendanta verilməli, bir hissəsi isə servis xidmətini göstərən şirkətdə qalmalıdır. Bakıda liftlərin istismar müddəti 28-35 ildir. İstismar müddəti liftin markasından asılı olaraq dəyişir. Əgər liftin istismar müddəti bitibsə o yenisi ilə əvəz edilməlidir.

Şirkətimizdə baş mühəndis tərəfindən ustalara fərdi və qrup şəklində dərslər keçirilir. Bundan əlavə ustanın özünü də biliyi və elektronika sahəsində təhsili olmalıdır. Bizə kompleks şəkildə bir neçə binanın liftləri üçün müraciət edirlərsə bu zaman aylıq qiymətlərdə müəyyən endirimlər edirik. Çünki bazarda bizim kimi şirkətlər çoxdur. Onlarla rəqabətdə sahibkarların diqqətini daha çox cəlb etmək üçün müəyyən qiymət güzəştlərinə getməliyik. Biz əsasən yeni binalarla işləyirik. Köhnə binalardan təkliflər olanda götürmürük. Çünki onlar dövlətin nəzdindədir. Dövlət nəzdində olmayan köhnə binalarda isə adətən sakinlər özləri fərdi şəkildə fəaliyyət göstərən ustalara müraciət edirlər”.

K. Abdulhəsənov onların xidmət dairəsinə daxil olan binalardakı liftlərdə adam qalarsa sakinlərin müraciəti ilə dərhal hadisəyə müdaxilə etdiklərini bildirib: "Yaşayış binalarında olan liftlərdə təchizat siqnalı olur. Liftdə qalan adam həmin siqnalın düyməsini basdıqda siqnal bütün şaxtada səslənir və bütün mərtəbələrdə eşidilir. Bundan əlavə, şirkətimizin qaynar xətti olur. Liftdə qalan adam həmin qaynar xəttə zəng vurub liftin kodunu deyir, biz də öz sistemimizdə həmin kodu daxil etməklə problem yaşanan liftin hansı binada olduğunu müəyyənləşdirir və dərhal yardım üçün müdaxilə edirik. Liftin kodu və şirkətimizin qaynar xətt nömrəsi liftin divarında yazılmış olur.

Şirkətimiz tərəfindən 12 və 24 saatlıq servis xidməti təklif olunur. 12-saatlıq xidmət müqaviləsinə əsasən, saat 12-dən sonra gələn çağrışlara, əgər liftdə adam qalmayıbsa sabah səhər baxılır. 24-saatlıq xidmət müqaviləsinə görə isə, günün istənilən saatında edilən müraciətləri qarşılayır, problem yaşanan lifti 2-3 saat ərzində təmir edirik”.

Proseslə daha yaxından tanış olmaq üçün paytaxtda fəaliyyət göstərən MTK-ların binalara təyin etdikləri komendantlar və sovet dövründə tikilmiş köhnə kooperativ bina sədrləri ilə əlaqə saxladıq.

Bakı şəhərindəki yeni tikili binalardan birinin komendantı Tağıyev Həsənəli hər ay liftlərə servis xidməti göstərən şirkətə 400 manat ödədiklərini deyib: “Liftlərə servis xidməti göstərən şirkət var. Onlara 19 liftin qulluğuna görə aylıq 400 manat ödəyirik. Hər ay onların nümayəndəsi gəlib liftlərə texniki baxış keçirir və lazımi formada qulluq göstərir. Bundan əlavə biz özümüz də liftlərdə hər hansı bir problem çıxan kimi onlara zəng vururuq. Dərhal da gəlib köməklik göstərirlər. Elə gün olur ki, gün ərzində bir neçə dəfə onlara müraciət edirik. Aylıq ödənişi kommunal xərclər üçün toplanan puldan veririk. Hansısa bir detal xarab olanda isə onu şirkət deyil, özümüz alırıq. Elə bu zaman da kommunal xərclər üçün topladığımız puldan xərcləyirik”.

Bakıdakı köhnə kooperativ binalardan birinin sədri Teyyub Bayramov isə şirkətə deyil, fərdi fəaliyyət göstərən mexanikə müraciət etdiklərini bildirib“Bizim özümüzün liftlərə baxan mexanikimiz var. Hər ay bir liftə görə ona 10 manat ödəyirik ki, bu da 8 liftə görə 80 manat edir. Həmin şəxs bu məbləğin qarşılığında yalnız liftlərin təmirini və texniki qulluğunu həyata keçirir. Hər hansı bir detal xarab olduqda və ya digər səbəblərdən dəyişilməsi lazım gəldikdə isə ona görə əlavə pul xərcləyirik. Bu zaman mexanikə pul veririk ki, yeni detal alsın. O da keyfiyyətli detal alır ki, tez xarab olmasın və əlavə əziyyətə düşməsin. Bütün bu pullar sakinlərdən toplanılır.

Liftdə adam qaldıqda isə hər blokda olan nümayəndələrimiz yardım göstərir. Əsas da mən özüm litfdə qalanları çıxardıram. Bizdəki liftlər 30 ilin liftləridir. İstismar müddəti bitib, amma dəyişməyə ehtiyac olduğunu düşünmürəm. Mütəmadi qulluq göstərdiyimiz üçün liftlər tam işlək vəziyyətdədir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR