Paytaxt küçələrinə yeni aparatlar qoyulacaq: plastik qabı at, pul qazan
Bu ekoloji layihə 2017-ci ildən “Ecobox Collection and Recycling” MMC tərəfindən həyata keçirilir.
Layihə barədə Oxu.Az-a danışan MMC-nin direktoru Hacıağa Quliyev bildirib ki, bu günə qədər bir çox supermarket şəbəkələrində 50-yə yaxın belə aparat quraşdırılıb:
“Layihənin əsas məqsədi ekoloji mühitin təmiz saxlanılmasına, Bakıda plastik və alüminium tullantıların azalmasına, eləcə də gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət edilməsinə töhfə verməkdir. Aparatlar Avropadan gətirilir. Hazırda onların sayının 400-500-ə çatdırılmasına çalışırıq.
Taranın toplanışı onları bonuslara çevirən fandomat adlandırılan avadanlıq vasitəsilə aparılır. Belə ki, boş plastik şüşə və ya alüminium qutu xüsusi qəbuledici pəncərəyə daxil edilir. Avtomatlar taranın barkodu, çəkisi, forması və həcmini tanıdıqdan sonra onu qəbul edir. Fandomatlar həcmi 0.25 litrdən 2.5 litrə qədər olan plastik qabları və alüminium qutuları qəbul etmək üçün proqramlaşdırılıb”.
H.Quliyev deyib ki, avtomat hər taranı qəbul etmir:
“Alacağınız bonuslar taranın növündən asılıdır. Tara fandomat tərəfindən qəbul edildikdən sonra bonus növünü seçə bilərsiniz. İanə, vauçer və mobil telefon üçün danışıq dəqiqələri şəklində bonuslar qazanmaq mümkündür. Bonuslar müvafiq olaraq təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağışlamaq, supermarketlərdə alış-veriş etmək (bir konteyner iki qəpik dəyərindədir) və danışıq dəqiqələri (bir ədəd qutu bir danışıq dəqiqəsidir) qazanmaq imkanı yaradır”.
Direktor gələcəkdə aparatların ictimai yerlərdə, parklarda, insanların daha sıx toplaşdığı mərkəzi küçələrdə də quraşdırılacağını qeyd edib:
“Obyekt daxilində quraşdırmaq məqsədilə hazırlandığı üçün bu aparatları hələ ki küçələrdə yerləşdirmək mümkün deyil. Məhz bu istiqamətdə danışıqlar aparılır. Mütəxəssislər hazırda bunun üzərində çalışırlar. Artıq aidiyyəti qurumlarla ilkin danışıqlarımız olub.
Parklarda quraşdırılan aparatlar insanların su şüşələrini ətrafa atmasının da qarşısını alacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət