Slimfit
  1. SİYASƏT

Paşinyanın növbəti məğlubiyyəti: Yalançı avantürist Azərbaycanın qalib lideri qarşısında yenidən aciz durumda - TƏHLİL

Paşinyanın növbəti məğlubiyyəti: Yalançı avantürist Azərbaycanın qalib lideri qarşısında yenidən aciz durumda - TƏHLİL
Sakura

Paşinyanın növbəti məğlubiyyəti: Yalançı avantürist Azərbaycanın qalib lideri qarşısında yenidən aciz durumda - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol  Paşinyan RİA Novosti agentliyinə müsahibə veriblər. Ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb.

Müsahibənin ilk dəqiqələrindən Nikol Paşinyanın narahat, özünə əminsizliyi və sərbəst ola bilməməsi aydın nəzərə çarpdı. Əslində, Paşinyanı anlamaq da olardı. Onun qarşısında güclü Azərbaycanın rəhbəri, son döyüşlərdə möhtəşəm qələbələrə imza atan bir ölkənin qalib lideri dayanırdı. Öz ölkəsini fəlakətə sürükləyən, yalançı və avantürist şüarları ilə məğlub durumda olan Paşinyan isə müsahibə boyunca daha da çətin vəziyyətə düşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin rus dilini yüksək səviyyədə bilməsi və mövzulara hakim olması onun açıq üstünlüyünü göstərirdi. Paşinyan isə bu dəfə də “həvəskar” və məğlub siyasətçi təsiri bağışlayırdı. İngilis dilini bilməyən Paşinyanın rus dilində danışmaqda da çətinlik çəkməsi, fikrilərini ifadə edə bilməməsi onu daha ağır duruma salırdı.

Ümumilikdə, bu müsahibədə Azərbaycan Prezidenti geniş bir proqrama malik olduğunu ilk dəqiqədən açıq şəkildə göstərdi. Paşinyan isə bu dəfə də yeni bir şey söyləmədi və hətta erməni şərhçi və ekspertlərin dediklərinə görə, bu müsahibə Ermənistan haqqında təsəvvürləri daha da bərbad elədi. Paşinyan populist siyasətçi kimi verilən sualları da cavablandıra bilmədi. Paşinyanın “naşı siyasətçi” olmasını hər kəs növbəti dəfə gördü. İlham Əliyev və Nikol Paşinyan arasında siyasi savad müstəvisində də böyük bir fərq olduğu diqqəti çəkdi. Prezident Əliyev beynəlxalq hüquqa istinadən edərkən, Paşinyanın  ekstravaqant davranışı qəribə qarşılandı, bununla o, özünü növbəti dəfə gülməli vəziyyətə saldı. Beynəlxalq müşahidəçilər, xüsusilə də erməni şərhçilərə görə, İlham Əliyevin çıxışlarının uğurlu olması Dağlıq Qarabağ müzakirələrinə yeni bir forma verəcək və problemin Azərbaycanın tam və qəti qələbəsi üçün əminlik yaradır.

Verilən suallara cavablara keçək:

“Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur” sualına cavabında Prezident İlham Əliyev öncə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verdi. Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını konkret faktlarla sübut edərək, heç bir şübhəyə yer qoymadı. Ölkə başçısının Azərbaycan Ordusunun uğurları barədə dilə gətirdiyi fikirlər və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdirilməsi barədə söylədikləri kənar müşahidəçidə kimin haqlı olması ilə bağlı şübhələrə yer qoymadı.

Nikol Paşinyanın eyni suala cavabı o qədər anlaşılmaz oldu ki, jurnalist eyni sualı dəfələrlə səsləndirdi və hər kəs Paşinyanın baş verənləri ayıq qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkdiyinin şahidi oldu.

Müsahibədə Prezident İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edən, Ermənistanın təxribatlarını, ermənilərin mülki şəxslərə qarşı müharibə apardığını sübuta yetirən, özünə və ölkəsinə güvənən, fikirlərinin həqiqiliyində əmin olan, qəti mövqe ortaya qoyan qalib lider təsiri bağışladı. Paşinyan isə danışmağa çalışdığı pozuq rus dilində sualı başa düşməyən, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən məktəbli kimi görünürdü.

Paşinyanın belə gülünc vəziyyəti müsahibə boyunca davam etdi.

Digər suala verilən cavablara diqqət edək. “Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar” sualına cavabında Prezident İlham Əliyev Azərbaycan ordusunun böyük potensiala malik olduğunu bildirdi və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırdı. Ölkə lideri Ermənistanın darmadağın edilmiş hərbi texnikasının nümunəsində tam məntiqli şəkildə qeyd etdi ki, muzdlular bunu etmək üçün heç bir texniki imkanlara malik deyillər. Azərbaycan terrorla mübarizənin ön cərgələrində gedən dövlət olduğunu bildirən Prezident Əliyev terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına imkan verməyəcəyini də söylədi. Prezident Əliyev bəyan etdi ki, bu günə kimi heç kim Azərbaycan tərəfindən muzdluların iştirakına dair heç bir fakt təqdim etməyib: ”Azərbaycanda heç bir muzdlu yoxdur. Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materialları və fake məlumatları buna əsas kimi göstərir”.

İlham Əliyevin sərt bəyanatından özünü itirən Paşinyan Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürdü, lakin heç bir fakt göstərə bilmədi.

Paşinyan müharibənin başlama səbəbini onunla izah etməyə çalışaraq gülünc iddia ilə çıxış etdi - “Azərbaycan Ordusu Dağlıq Qarabağdakı silahlı birləşmələrə qarşı vuruşmağa qadir olmadığına görə Türkiyə müharibəyə başlamaq barədə qərar verib”. Onun bu cavabından da görünür ki, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında məğlubiyyətini əsaslandırmaq üçün Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə çalışır. Yəni, Azərbaycanın uzun illərdir Dağlıq Qarabağdakı qondarma rejimlə deyil, Ermənistanla qarşı-qarşıya durduğu barədə dünyaya bəyan etdiyi həqiqəti çox bəsit şəkildə “Ermənistan-Dağlıq Qarabağ tandemi Türkiyəyə qarşı” fantaziyası ilə əvəzləməyə cəhd göstərirdi. Bundan başqa, Paşinyan guya Türkiyədən gələn yaraqlıların artıq Dağıstanda göründüyü və məhv edildiyini deməklə özünü daha da ağır duruma saldı. Bununla o, münaqişə coğrafiyasının genişləndiyi, onun regional xarakter aldığı iddiası ilə Rusiyanın üzərinə yük qoymaq istədiyini nümayiş etdirdi. Müsahibə boyunca Paşinyan heç bir fakt tapa, göstərə bilmədi.

Məsələ ondadır ki, Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir və bu faktı bütün dünyaya çatdıra bilir. Paşinyan isə olduqca bəsit şəkildə 30 illik Azərbaycan həqiqətini elə Azərbaycanın özünə qarşı çevirməyə çalışdı və Prezident Əliyevin tutarlı cavabları qarşısında özünü pis vəziyyətə saldı.

Başqa bir suala diqqət edək. “Oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsipləri xatırladılır. Xahiş edirik bu prinsipləri açasınız, siz onları necə başa düşürsünüz” sualına Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də  onun mahiyyəti barədə məlumat verdi. Ölkə başçısı aydın şəkildə bildirdi ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb, Paşinyan hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyulub, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərilib və ümumiyyətlə, danışıqlar prosesinə böyük zərbə vurulub. Ölkə rəhbəri qeyd etdi ki, Ermənistanın yeni hakimiyyəti aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bəyan etdi və açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladı.

Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider ranqı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymadı. Burada haqlı sual yaranır – necə olur ki, İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır və bu prinsiplər barədə ümumiyyətlə məlumat verə bilmir? Bu, yalnız Paşinyanın savadsızlığı ilə bağlı məsələ deyil. Məsələ ondadır ki, baza prinsipləri münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın statusunun həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınmaqla canını qurtarmaq istəyir.

Bu müsahibə ölkə başçıları üçün bir test oldu. “Əgər kompromislər haqqında danışsaq, siz hansı kompromisə hazırsınız? Elə bir xətt varmı ki, siz heç bir halda onu keçməyəcəksiniz” sualına cavabda Prezident İlham Əliyev aydın şəkildə izah etdi ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçısı onu da diqqətə çatdırdı ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, Rusiyada, Gürcüstanda bu nümunələrin olduğunu göstərdi və “nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını” soruşdu.

Prinsipcə, İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam göstərdi xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif etdi.

Ən maraqlısı isə odur ki, eyni sual Paşinyana üç dəfə verildi. Ermənistanın baş naziri ya sualı başa düşmədi, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışdı. Birinci dəfə o, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini söyləsə də, sonradan  bu müddəanı “qırmızı xətt” kimi göstərdi. Aydın görünürdü ki, Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlamalı oldu. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoydu.  Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir bildirdi ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq”. Kompromis barədə sualın üç dəfə təkrarlandığı və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, onda Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapmış olduğunu görərik. Müsahibəni dinləyən hər kəsdə belə bir sual yarandı: Daim inkarçılıq mövqeyi tutaraq irəli addım atmaq istəməyən qarşı tərəflə hansısa danışıqlar aparmaq olarmı?

Digər suallara verilən cavablara nəzər yetirək. “Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu  müharibə tarixinin bir hissəsiniz. Tarixdə necə qalmaq istəyərdiniz” sualına cavabında Prezident İlham Əliyevin böyük siyasətçi, mahir diplomat olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdıra bildi. Prezident Əliyev bəyan etdi ki, Azərbaycan üçün bu, azadlıq, Ermənistan üçünsə işğalçı müharibədir. Dağlıq Qarabağdakı silahlı birləşmələrin 90 faizinin Ermənistan vətəndaşları hesabına komplektləşdirildiyini diqqətə çatdıran İlham Əliyev bu gün beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərində Ermənistanın işğalçı qüvvələrinin olduğunu da bəyan etdi. Ölkə başçısı söylədi ki, 30 il ərzində azərbaycanlıların öz torpaqlarına buraxılmaması nə beynəlxalq hüquq, nə də insan mənəviyyatı baxımından izah oluna bilməz. “Azərbaycan əsgəri öz torpağında və bu torpaq uğrunda həyatını qurban verir, Ermənistan əsgəri isə onun hakimiyyətinin işğal altında saxladığı başqa ölkənin ərazisində ölür” deyən Prezident Əliyev onu da diqqətə çatdırdı ki, özünün tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür və bu suala cavabı rəyini rəhbər tutduğu və iradəsini ifadə etdiyi xalq verə bilər.

Paşinyan isə eyni suala cavab verə bilmədi. Heç bir aidiyyəti olmadığı halda, bu məsələnin şəxsi ambisiyalarla bağlı olmadığını dedi, eyni zamanda,  münaqişənin özünün də ya anlamadığı, ya izah edə bilmədiyi, ya da şüurlu şəkildə qaçdığı kompromis əsasında həll olunması məsələsinə toxundu.

Müsahibə ərzində İlham Əliyevlə Nikol Paşinyan arasında dərin uçurum olduğu növbəti dəfə aydın göründü. Prezident İlham Əliyev Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəklik barədə qısa, lakin müfəssəl məlumat verə bildi. Eyni zamanda, hazırkı dövrdə Azərbaycanın Rusiyaya münasibəti və Azərbaycan-Rusiya əlaqələrinin mahiyyətini çatdırdı. Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini nümayiş etdirdi. Prezident İlham Əliyevin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə göstəricisi idi.

Rusiya auditoriyası İlham Əliyevin simasında təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli liderlə tanış oldu. İlham Əliyevə opponentlik etmək istəyən Paşinyan isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin bir insan təsiri bağışladı. Son olaraq gəlinən nəticə budur ki, Paşinyan növbəti dəfə Prezident Əliyevə ağır şəkildə məğlub oldu.

Mənbə:  Apa.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR