Slimfit
  1. SİYASƏT

Paşinyan sülhdən imtina edir

Paşinyan sülhdən imtina edir
Sakura

Paşinyan sülhdən imtina edir

Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesi davam etsə də, tərəflər heç bir sənəd ətrafında müzakirə aparmır. 

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı müstəqil tərəf kimi danışıqlara qatmaq cəhdi prosesin demək olar ki, pozulmasına səbəb olub. Dialoq hazırkı mərhələdə faktiki olaraq, danışıqlar formatı ətrafında yaranmış mübahisəli vəziyyətdən ibarətdir. Tərəflər arasında ən yaxşı halda əldə olunan razılaşmalar humanitar sahələri əhatə edir. Danışıqlar masasında münaqişənin nizamlanmasına dair hər hansı yol xəritəsi isə yoxdur. Bunu hər iki tərəfin verdiyi rəsmi açıqlamalar da təsdiq edir. 

“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair tərəflərin hər hansı konkret sənəd ətrafında müzakirə aparmadıqlarını deyib. Bu baxımdan, bir neçə gün öncə, Baş nazir Nikol Paşinyanın Azad Vətən fraksiyası ilə görüşü zamanı danışıqlar masasında “Madrid prinsipləri”nin olmadığına dair fikri səsləndirməsi diqqəti cəlb edir. Hər halda danışıqlar masasında “Madrid prinsipləri”nin olmadığını politoloq Robert Hevondyan bir öncə deyirdi və bu indi rəsmi səviyyədə təsdiqini tapır”-Ermənistanın 1in.am portalı belə yazır. Son vəziyyəti təhlil edən erməni politoloqun fikirləri göstərir ki, Nikol Paşinyanın danışıqlarda status-kvonu dəyişməsi, yəni “Madird prinsipləri”nin gündəlikdən çıxması Ermənistanın üçün problem yaradıb. Çünki “Madrid prinsipləri” Dağlıq Qarabağa aralıq və yekun statusun verilməsini nəzərdə tutur. Bu təklifin reallaşması mexanizmləri ilə bağlı Azərbaycan və Ermənistan arasında fikir ayrılığı olsa da, faktiki olaraq, hər iki tərəf bu sənədi qəbul etmişdi. Son 12 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair müzakirələr, əsasən, “Madrid prinsipləri” ətrafında gedib. Paşinyanın “Qarabağ Ermənistandır.”-deməsi isə qeyd edilən“yol xəritəsi”ndən imtina etməsi demək idi. 
Noyabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı Paşinyanın danışıqlar formatını dəyişmək təşəbbüsünü dəstəkləməsi Ermənistanı mövqeyini dəyişməyə daha da ruhlandırdı. Ancaq indi Ermənistanda Paşinyanın populist bəyanatlarının Dağlıq Qarabağın gələcək statusunu qeyri-müəyyən vəziyyətə saldığının fərqinə varmağa başlayıblar. Dağlıq Qarabağın statusuna və ya münaqişənin həllinə gəlincə, Robert Hevondyan bildirib ki, hazırda bu istiqamətdə heç bir əsaslı danışıqlar aparmaq mümkün deyil.   

“Xarici işlər naziri sonuncu müsahibələrindən birində deyib ki, biz hazırda qarşılıqlıq atmosferin formalaşması ilə bağlı humanitar proqramlar, addımlar haqqında danışırıq. Son bir il ərzində Nikol Paşinyan da bu barədə danışıb və hesab edirəm ki, erməni tərəfi əsaslı da danışıqlar yolu ilə bunu daha dəqiq başa düşür. Bu gündəliyə əsasən, humanitar proqramlar və müəyyən ikitərəfli tədbirlərin həyata keçirilməsi aiddir. Təkrar edirəm, humanitar proqramların icrası ilə bağlı razılaşma var. Su paylama proqramı var: bu yazda müzakirə olundu və deyəsən, unuduldu. Danışıqların predmeti haqqında danışarkən, qeyd etdiyim xüsusi gündəliyi başa düşürük. Bu isə Qarabağ məsələsini və Qarabağın statusunu həll etmir. Bu Qarabağın təhlükəsizlik məsələsinin bizim üçün vacib olan müəyyən həllinə aid deyil. Yəni ikitərəfli irəliləyiş yoxdur. Bu, yalnız humanitar proqramlarla əlaqədardır. Bu da status-kvonu qoruduğu üçün müsbət haldır. Status-kvonu saxlayan və müharibənin qarşısını alan nə varsa, bizim üçün məqbuldur”-erməni politoloq belə deyib. 

Xatırladaq ki, dekabr ayının əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəyi gözlənilir. Məsələyə münasibət bildirən Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov mətbuata açıqlamasında bildirib ki, Ermənistanın substantiv danışıqlara hazır olub-olmadığı Bratislavada məlum olacaq. Bu isə tərəflər arasında real müzakirələrin getmədiyini təsdiq edir. 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə Cebhe.info-ya açıqlamasında masada konkret təkliflərin deyil, tezislərin olduğunu söyləyib. 

Lakin Paşinyan iqtidarı “Madrid prinsipləri”ndən imtina etdiyini de-fakto nümayiş etdirsə də, rəsmən elan etməyib. Ona görə də Ermənistan hökuməti yaxın vaxtlarda konkret mövqeyinə aydınlıq gətirməlidir. Əgər rəsmi İrəvan “Madrid prinsipləri”ni qəbul edərsə, o halda danışıqlar əvvəlki formatda və həmin təkliflər əsasında davam etdirlməlidir. Əks təqdirdə, ya müzakirə masasına yeni təkliflr təqdim olunmalıdır. Bu da baş verməsə, Azərbaycan hərbi əməliyyatlara başlamaq üçün ciddi hüquqi və siyasi arqument əldə edə bilər. Onu da qeyd edək ki, Ermənistanın “Madrid prinsipləri”ndən imtina etməsi Paşinyana qarşı beynəlxalq təzyiqlərin artmasına səbəb olacaq. 

Politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistan hər hansı müzakirə sənədindən, o cümlədən “Madrid prinsipləri”ndən imtina etməsi barədə rəsmi açıqlama verməyib. Ancaq müzakirələr də konkret təkliflər əsasında aparılmır. Bu isə Ermənistanı manevr imkanlarını artırır:

“Xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamalarına baxmayaraq, danışıqlar masasında Dağlıq Qarabağ probleminin həllinə dair hər hansı sənəd müzakirə predmeti deyil. Elmar Məmmədyarovun özünün də etiraf etdiyi substantiv məsələlər müzakirə mövzusu deyil. Hər görüşdə bəzi şifahi fikirlər səsləndirilir. Ancaq sözü sənədə tikmək mümkün deyil. Söhbət imza atdığı sənədi icra etməyən, götürdüyü öhdəliklərdən imtina edən bir ölkədən gedir. Ona görə də Paşinyanın “Madrid prinsipləri”ndən imtina etməsi faktı yoxdur. Predmetlər üzrə müzakirə planı olmalıdır ki, bunu da Ermənistan qəbul etmir. Bu baxımdan, konkret sənəddən getmir. İndiyə qədər əsas olaraq qəbul edilən və “Madrid prinsipləri” adlandırılan təkliflər paketi var. Paşinyan komandası hakimiyyətə gələnə qədər bu təkliflər əsasında aparılırdı. Lakin Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra Dağlıq Qarabağ probleminin həlli substantiv müzakirə predmeti olmayıb. Bu, həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində dilə gətirilməyib. Ona görə də Ermənistan hökumətinin hansı sənəddən imtina etməsi müzakirə obyekti deyil. Əgər Dağlıq Qarabağ probleminin nizamlanması müzakirə edilsəydi, o halda, hansısa sənəddən danışmaq mümkün olardı. Qeyd edilən səbəbdən, dəfələrlə Azərbaycanın görüş xatirinə keçirilən görüşlərdən imtina etməsi təklif edilib. “Dağlıq Qarabağ Ermənistandır.”-ifadəsini işlədən bir dövlət başçısı ilə danışıqlar dayandırılmalıdır. Çünki Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hər hansı müzakirə sənədini qəbul etməyən bir tərəflə danışıqlar aparmaq Ermənistana zaman qazandırır. Nəticədə, Azərbaycan tərəfinin sanki bu məsələdə maraqlı olması təəssüratı yaranır. Ona görə də Azərbaycan heç bir sənədin müzakirəsinə razı olmayan Ermənistan tərəfi ilə danışıqları dayandırmalıdır”. 

Natiq Miri bildirdi ki, “Madrid prinsipləri” mövcuddur. Amma Ermənistan bu təkliflər paketinin müzakirə predmeti olması üçün masaya gəlməsini qəbul etmək istəmir. “Ermənistan bu məqsədlə müxtəlif bəhanələr uydurur. Paşinyan Baş nazir seçildikdən sonra Dağlıq Qarabağdakı qondarma rejimin müstəqil subyekt kimi danışıqlara qatılması şərtini irəli sürdü. Yəni Ermənistan tərəfi belə süni fikirlər ortaya atmaqla diqqəti substantiv müzakirələrdən yayındırmağa nail olur. Təəssüflər olsun ki, ortada hər hansı predmet olmadığı halda, Azərbaycan Ermənistanla danışıqlar masasına əyləşir. Bu isə Ermənistana vaxt qazanmağa və dünya ictimaiyyətinin başını qatmağa kömək edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR