Azərbaycanda saxlanılan erməni diversant Karen Kazaryanın ailəsi etiraz aksiyası keçirib
Azərbaycanda saxlanılan erməni diversant Karen Kazaryanın ailəsi etiraz aksiyası keçirib.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, onlar Ermənistandan Gürcüstana gedən yolu bağlayıblar.
Ermənistan baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan məsələyə münasibət bildirərkən qeyd edib ki, Ermənistan Azərbaycanın hərbçilərin dəyişdirilməsi təklifindən imtina edir.
“Keçirilən etiraz aksiyası bir sıra suallar doğurur. Bu aksiya kimə qarşıdır? Əgər Azərbaycan hakimiyyətinə qarşıdırsa, onda Gürcüstana gedən yolu niyə bağlayıblar?
Mənim həyat yoldaşım iki dəfə bu ailəyə baş çəkib. Bu məsələ heç vaxt diqqətdən kənarda qalmayıb”, - deyə Paşinyan bildirib.
O həmçinin xatırladıb ki, Azərbaycanda daha bir Ermənistan vətəndaşı qalıb – Zaven Karapetyan.
“Niyə ona görə yolları bağlamırlar. Çünki o yetimdir? Belə məntiqlə hərəkət edirik?”, - Paşinyan sual ünvanlayıb.
Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi hərbçilərin dəyişdirilməsini təklif edir.
“Biz razılaşmalıyıq? Yəni biz Azərbaycana daha iki Ramil Səfərovu qaytarmalıyıq? Kazaryan ailəsini başa düşürəm. Lakin Gürcüstana gedən yolu bağlamaq düzgün deyil”, - deyə Paşinyan fikrini yekunlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət