Paşayeva Kokandda: şəhər rəhbəri ilə maraqlı müzakirə
Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Özbəkistanın Kokand şəhərinə səfər çərçivəsində şəhərin rəhbəri - hakim Marufjan Usmanov ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən hakim Özbəkistanla Azərbaycanın regionları arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet məsələlərdən olduğunu bildirib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında danışıb, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Kokandla Azərbaycanın şəhərlərindən birinin qardaşlaşmasını təklif edib.
Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib, bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib.
“Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır” deyən millət vəkili iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında siyasətçilərlə yanaşı, ictimai xadimlərin, ziyalıların, yazar və şairlərin, elm xadimlərinin, mətbuat və medianın, qadın və gənclər təşkilatlarının, iş adamlarının da üzərinə böyük işlər düşdüyünü vurğulayıb
Qardaşlaşmış məktəblər layihəsi, ortaq mədəni-ədəbi tədbirlər, mətbuat və media təmsilçilərinin qarşılıqlı səfərləri və s. istiqamətləri nəzərdə tutan təkliflər Kokand rəhbəri, hakimi tərəfindən müsbət qarşılanıb. Millət vəkili Qənirə Paşayevanın Özbəkistanın qədim şəhəri Kokandın Azərbaycan bölgələrinin biri ilə qardaşlaşması təklifini böyük məmnuniyyətlə dəstəklədiyini deyən vilayətin rəhbəri-hakim Marufjan Usmanov buna çox böyük ehtiyac olduğunu qeyd edib və bu cür addımların iki qardaş ölkənin əməkdaşlığının daha da genişlənməsinə yüksək səviyyədə xidmət edəcəyini deyib.
Görüşün sonunda Marufjan Usmanov millət vəkili Qənirə Paşayevaya Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim edib. Millət vəkili Qənirə Paşayeva vilayətin rəhbəri-hakim Marufjan Usmanova Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib.
Q.Paşayeva Özbəkistan Yazıçılar Birliyinin Kokand filialının rəbərliyi, Kokand şəhərinin fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Kokandın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil, ədəbiyyat mərkəzlərini də ziyarət ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət