Parlament niyə buraxılır? - Şərtlər və gözləntilərin təhlili
Dünən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması və növbədənkənar seçki keçirilməsi ilə bağlı təşəbbüs göstərməsi ölkənin siyasi arenasına yeni hərəkətlilik gətirib.
BAKU.WS xəbər verir ki, artıq parlamentdəki bitərəf deputatlar da bu qərara dəstəklərini nümayiş etdiriblər.
Son məlumatlara görə, YAP-ın bu müraciətinə 2 dekabrda Milli Məclisin xüsusi iclasında baxılacaq. Qərar təsdiqləndiyi təqdirdə növbədənkənar seçki keçirilməsi üçün tarix təyin ediləcək və parlamentin yeni tərkibinin formalaşması üçün namizədlər müəyyənləşdiriləcək.
İdarəetmənin qanunverici qolunda bu islahatın aparılması ölkədə bir müddətdir davam edən sosial, iqtisadi, hüquqi, struktur və kadr islahatlarının məntiqi davamı kimi qiymətləndirilib.
Aparılan islahatları təhlil etdikdə görürük ki, əslində ölkə yeni reform paketi ilə yeni mərhələyə keçid edir.
Prezident İlham Əliyev hələ oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bildirmişdi ki, islahatlar davam etdiriləcək:
“Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.
Bu çıxışdan sonra bir çox qurumda həm struktur, həm də kadr islahatları aparıldı. Yaşlı nəslin yerinə idarəetməyə yeni nəfəs gətirəcəyi gözləntisi ilə gənc kadrlar təyin edildi. Bundan başqa, büdcəyə əlayə yük gətirən bəzi qurumlar ləğv edildi və ya birləşdirildi.
Prezident bir neçə gün öncə - Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə isə islahat mövzusuna bir daha toxundu və qeyd etdi ki, bundan sonra da daha böyük addımlar atılacaq:
“Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var”.
Qanunverici hakimiyyətin islahatlara qoşulması
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı REAL TV-yə müsahibəsində bildirib ki, Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü müsbət dəyərləndirilməlidir:
“Çünki Azərbaycanda hakimiyyətin iki qolu - məhkəmə-hüquq sistemində və icra hakimiyyətləri istiqamətində Prezident tərəfindən fundamental və sistemli iş başlanıb. Prezident bu islahatlarla icra hakimiyyətlərini daha çevik, mobil, az maliyyə ilə daha çox nəticələr oraya qoyan və günün tələblərinə, qlobal çağırışlara innovativ yanaşmalar ortaya qoyan struktur kimi formalaşdırıb.
Dövlət idarətmə aparatının digər qolu olan məhkəmə-hüquq sistemi ilə bağlı bu il 3 apreldə Prezident tərəfindən imzalanan fərmanda ədalət mühakiməsində şəffaflığın artırılması, vəkillik institunun gücləndirilməsi və digər məsələlər öz əksini tapıb.
Hakimiyyətinin hər iki qanadında dərin islahatlar olduğu halda, qanunverici hakimiyyət sanki bu islahatlarla uyğunsuzluq var idi. Bu isə dövlət idarəetməsi nöqteyi-nəzərindən o qədər də yaxşı hal deyildi. Çünki dövlət idarəetməsində qanunverici hakimiyyət də sistemli və uzlaşdırılmış şəkildə özünü ehtiva edir. Mən dünürəm ki, qanunverici hakimiyyətdə islahat günümüzün tələbi idi. Bu, çox zəruri element kimi görünürdü”.
Gedən proseslər növbədənkənar seçkiləri labüd edirdi
V.Qasımlı sözlərinə əlavə edib ki, 2015-ci ildə xarici şokların təsiri altında formalaşan indiki parlament islahatların indiki sürətini nəzərə aldıqda, artıq bu tələblərə cavab verə bilmirdi:
“Bu baxımdan düşünürəm ki, istər dövlət idarəetməsi baxımından, istərsə də cəmiyyətin, iqtisadiyyatın və qlobal trendlərin gözləntiləri baxımından qanunverici hakimiyyətdə islahata ehtiyac var idi”.
Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsinin iqtisadi islahatlara hansı formada təsir göstərəcəyi ilə bağlı suala Vüsal Qasımlı bildirib ki, burada təsis çox vacib əhəmiyyət kəsb edir:
“Bildiyiniz kimi iqtisadi islhatların özü təhlildən başlayır. Belə ki, biz birinci cəmiyyətin tələblərini müəyyən etməliyik və bu təhlil qanunvericiliyin təkmilləşdirilməsində öz əksini tapmalıdır. Bunun üçün parlament mühüm qurumdur. Parlament məhz iqtisadi islahatların qanunvericilik bazasını təşkil edir, mühüm qərarlar verir.
İndiki halda parlamentdə islahat Azərbaycanda biznesin gözləntiləri baxımından da vacib əhəmiyyət kəsb edir. Yəni, islahatlar davamlı xarakter daşıyanda həmin ölkəyə daha güclü biznes baxışı formalaşır.
Bir faktı nəzərə çatdırmaq istəyirəm ki, “Deloitte” şirkətinin bu yaxınlarda Azərbaycanda dövriyyəsi 100 milyon dollardan artıq olan şirkətlər arasında apardığı sorğuda şirkətlərin 87 faizi gəlirlərinin artacağına ehtimal etdiklərini bildiriblər. Deməli biznesin gözləntilər çox müsbətdir.
Biznesin gözləntiləri müsbət olduqda Azərbaycana daha çox sərmayə yatırılmasına səbəb olur. Bu da öz növbəsində yeni iş yerləri, yeni vergi bazası, ümumdaxili məhsulun artması, ölkənin ixrac imkanlarının artması, yeni texnologiyaların gətirilməsi və sair sahələrə müsbət təsir göstərir.
İndiki halda növbədənkənar parlament seçkiləri həm də bir yarış olacaq. Yəni, siyasi partiyalar, ictimai birliklər, seçki blokları və digər majoritar dairələr öz namizədlərini irəli sürəcəklər, özlərinin təklifləri ilə meydana çıxacaqlar. Seçki kompaniyasında islahatlara ideya bankı şəklində əlavə bir dəstək gələcək. Bu da islahatların daha sistemli və inklüziv olmasını təmin edəcək. Artıq hamı islahat barədə fikirləşir. Seçki kampaniyasında cəmiyyətin bütün qüvvələri islahatlar ətrafında mobilizasiya olunacaqlar”.
Gözləntilər...
Yeni formalaşacaq parlamentdən hansı gözləntilərin olacağını V.Qasımlı belə şərh edib:
“Gözləntilər çox böyükdür. Parlament geniş sahələri əhatə edən biri qurumdur. Bu baxımdan parlament yaş məsələsinin əhəmiyyətini görmürəm. Əlbəttə ki, parlamentdə gəncləşmə olmalıdır. Gənclər innovativlik, yeni yanaşma formalarını ortaya qoyacaqlar.
Lakin, Prezident kadr islahatları ilə bağlı çox vacib bir məqamı qeyd etmişdi ki, yeni yanaşma ilə təcrübə ilə arasında bir sintez olmalı, balans qorunmalıdır. Parlamentdən danışdıqda isə ora peşəkarların yeridir. O peşəkarlar ki, həm vətənpərvər, həm innovativ, həm də yeni yanaşmalara daha çevik reaksiyalar verirlər. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan hökuməti iqstisadi yeniliklərə çevik reaksiyası üzrə 140 ölkə arasında 5-ci yerdədir”.
İdarəetmənin rəqəmsal transformasiyasında parlamentdən gözləntilər
“Bizim gözləntimiz budur ki, həm məhkəmə-hüquq sistemi, həm icra hakimiyyəti, həm də parlament birlikdə Azərbaycanda islahatların daha da irəli aparılmasına, dövlət idarəetməsinin effektivliyinin artırılmasına, vətəndaş mərkəzli fəaliyyətin ortaya qoyulmasına öz töhfəsini verəcəklər.
Bu məsələdə iki məqama xüsusi diqqət yetirək. Birincisi, növbədənkəmnar parlament seçkisi özü bir vətəndaş mərkəzli siyasətin təntənəsidir. Çünki artıq cəmiyyətin yeni gözləntiləri formalaşıb və imkan yaranıb ki, öz sözünü dövlət idarəetməsində təmin etsin.
İkincisi hakimiyyətin iki qolunun rəqəmsal tranformasiyası ilə bağlıdır. Yeni parlament bunu da təmin etməlidir. Artıq Azərbaycanda elektron hökumət və elektron məhkəmə formalaşdırılıb. Hətta rəqəmsallaşdırma üzrə işlər də aparılır. Mən düşünürəm ki, parlament də bu prosesə qoşulmalıdır”.
Qanunverici hakimiyyətdə qlobal trendlər nöqteyi-nəzərindən qiymətləndirilməsi
V.Qasımlı sonda vurğulayıb ki, BMT-nin davamlı inkişaf məqsədlərinin 2030-cu il gündəliyinin 16-cı bəndi ondan ibarətdir ki, ədalətli, açıq və sülhpərvər cəmiyətin formalaşmalıdır:
“Parlament dövlət idarəetməsində tarzlıq yaradan çox vacib platformadır. Bu məsələdə parlamentin çox böyük rolu olacaq. Yeni parlamentin formalaşması dövlət idarəetməsinin tələbi olan açıq hökumət, şəffaflıq, hesabatlılıq baxımında çox vacibdir. Cəmiyyətin gözləntisi ondan ibarətdir ki, parlamentin yeni tərkibi bu qlobal trendlərə cavab verəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət