Slimfit
  1. AZƏRBAYCAN

“Özü torpaq sahibi olsa da, kəndliləri müdafiə etmişdi” – Cümhuriyyət xadimi

“Özü torpaq sahibi olsa da, kəndliləri müdafiə etmişdi” – Cümhuriyyət xadimi
Sakura

“Özü torpaq sahibi olsa da, kəndliləri müdafiə etmişdi” – Cümhuriyyət xadimi

Bu il Azərbaycan Cümhuriyyətinin qurucularından Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Xudadad bəy Rəfibəylinin, hərbçilərimizdən Qaytabaşı, Tlexas, Sulkeviç və başqalarının bolşeviklər tərəfindən şəhid edilməsinin yüzüncü ildönümüdür.

27 apreldə Azərbaycanı ələ keçirən bolşevik rusların qətlə yetirdikləri şəxslər arasında Cümhuriyyətin Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi, parlament üzvü Məhəmmədbağır Şeyxzamanlı da var.

M.Şeyxzamanlı 1881-ci ildə Gəncədə doğulub, şəhərdəki real məktəbini bitirib. Gənc yaşlarından ictimai-siyasi həyata qoşulub, mədəni fəaliyyətlə məşğul olub. 1906-cı ildə Gəncədə dram cəmiyyəti təşkil edib, Azərbaycan və Avropa dramaturqlarının əsərlərini tamaşaya qoyub. Ermənilərin Azərbaycan türklərinə qarşı başlatdıqları qırğınlara cavab olaraq Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə qurulan Difai təşkilatının Gəncə şöbəsinin yaradılmasında yaxından iştirak edib. Həmçinin Gəncə şəhər dumasının üzvü olub.

1917-ci il fevral inqilabı Azərbaycandakı ictimai-siyasi xadimlərin daha aktiv fəaliyyətə keçməsinə səbəb olub. Məhəmmədbağır bəy Nəsib bəy Yusifbəylinin sədri olduğu Türk Ədəmi Mərkəziyyət Firqəsinə daxil olub, daha sonra bu firqə Müsavatla birləşdiyi üçün böyük partiyada təmsil olunub. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti yarandığı zaman Məhəmmədbağır bəy orada fəaliyyətinə davam edib. Onun Azərbaycan tarixində ən önəmli fəaliyyəti isə dövlət təhlükəsizliyinin qorunması ilə bağlı yaradılan təşkilatın ilk sədri olmasıdır.

Azərbaycan Cümhuriyyəti dönəmində təhlükəsizlik və xüsusi xidmət orqanları üç mərhələdə fəaliyyət göstərib: Hərbi Nazirliyin tərkibində fəaliyyət göstərən kəşfiyyat və əks-kəşfiyyat bölməsi (28 mart 1919-cu il – 11 iyun 1919-cu il), Əksinqilabla Mübarizə Təşkilatı (11 iyun 1919-cu il – 6 mart 1920-ci il) və Bakı general-qubernatorluğunun tərkibində fəaliyyət göstərən İnformasiya şöbəsi (12 mart 1920-ci il – 28 aprel 1920-ci il).

Əksinqilabla Mübarizə Təşkilatının yaradılması bilavasitə çar generalı Denikinin yaratdığı təhlükələrlə bağlı idi. Belə ki, 1919-cu ilin mayında Denikinin ordusunun Petrovsk və Dərbəndi tutması Azərbaycan hökumətini təcili tədbirlər görməyə vadar etmişdi.

1919-cu il iyunun 9-da Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul edildi. Xüsusi səlahiyyətlərə malik olan DMK ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsini aparmaq, müvafiq qərarlar qəbul etmək, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə yeni strukturlar yaratmaq və s. hüquqlara malik olan bir qurum idi. DMK ortaya çıxan fövqəladə məsələləri həll etməli və qəbul edilmiş qərarların icrasını təmin etməli idi. DMK-nın iclasları onun üzvlərindən üç nəfərin iştirak etdiyi şəraitdə hüquqi səlahiyyətli hesab olunurdu. İclasa Nazirlər Şurasının sədri rəhbərlik edirdi. O, iclasda iştirak etmədiyi təqdirdə, DMK-nın istənilən üzvünə sədrlik səlahiyyəti tapşırıla bilərdi.

İki gün sonra, iyunun 11-də isə Azərbaycan parlamenti DMK yanında əks-kəşfiyyat orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul etdi. Qaydaya görə, bu təşkilatın əməkdaşlarının üçdə ikisi Müsavat, üçdə biri isə Hümmət partiyasından olmalı idi. Eyni zamanda təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu. Qurumun sədri parlamentin Müsavat fraksiyasının üzvü Məhəmmədbağır bəy Şeyxzamanlı, sədrin müavini isə sosialist Mirfəttah Musəvi olur. M.Şeyxzamanlı təşkilata həmin ilin avqustun 20-dək başçılıq edir, onun istefasından sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilir. Musəvi öldürüldüyünə görə 1919-cu ilin noyabrın 19-dan qurum başçısının müavini Mahmud bəy Səfikürdski olur. Kəşfiyyat isə Hərbiyyə Nazirliyin tərkibində saxlanılır.

ƏMT-nin yaradılması məqsədini Nağı bəy xatirələrində bu şəkildə izah edir: “Milli Əmniyyət Təşkilatının qurulmasının lüzumunu Cümhuriyyətimizin ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, sıx-sıx hüdudumuzu zorlamaları və müxtəlif hadisələr törətmələri doğurub. Bu məqsədlə hökumətimiz Milli Əmniyyət Təşkilatı layihəsini parlamentə göndərir. Məclis böyük çoxluqla bu layihəni qəbul edir. Təşkilatda işləyənlərin üçdə ikisi Müsavat firqəsindən, üçdə biri isə sosialist Hümmət partiyasından olacaqdı. Təşkilatın başındakı ümumi müdir müsavatçı, müavini isə Hümmət partiyasından olacaqdı. Bu sosialistlərin içərisində Beriya da var idi. Vəzifə ağır və məsuliyyətli idi. Əcəba, çətinlik çəkəcəyəmmi, deyə düşünürdüm. Lakin çox keçmədən çox asan olduğunun fərqinə vardım”.

Azərbaycan KP(b)MK-nın gizli qərarına əsasən, ƏMT-yə 17 nəfər daxil olmuşdu. ƏMT-də hümmətçi əməkdaşları tək, müsavatçıları isə cüt rəqəmlə nömrələyirdilər. Partiya prinsipi əsasında yaranmış analoqu olmayan yeni qurumun elə ilk günlərdən fəaliyyəti şübhə doğururdu. Hümmətçi ƏMT-çilər gizli olaraq öz partiyalarının tapşırıqlarını yerinə yetirir, faktiki olaraq ölkənin əleyhinə işləyirdilər. Onlar Azərbaycanı Rusiyasız təsəvvür etmirdilər. Elə buna görə də təşkilatın fəaliyyətində tez-tez problemlər çıxırdı. Bəzən təşkilatın nümayəndələri əqidələrinə görə üz-üzə gəlirdilər.

ƏMT-nin fəaliyyətinin birinci ayında aparatda 19 nəfər çalışırdı. Onların 3-ü baş agent, 16-sı isə agent vəzifəsini tuturdu. Bir qədər sonra ƏMT-nin əməliyyat heyəti 27 nəfərə çatdı. Onlardan 2 nəfəri baş agent, 25 nəfəri isə agent vəzifəsini tutdu. Eyni zamanda Bakıda ƏMT-nin 8 rayon bölməsi yaradıldı və təşkilatın strukturu formalaşdırıldı. ƏMT-nin əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent vəzifələrindən ibarət idi. ƏMT-nin fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11‑dən 1920-ci il martın 6‑dək olan dövrdə təşkilatda yüzdən çox əməkdaş olmuşdu. Azərbaycanın milli təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi.

Məhəmmədbağır bəy şəhid edilir

1920-ci il aprelin 27-də ruslar Azərbaycan Cümhuriyyətini işğal etdikdən sonra ölkədə yeni hökumət qurulur. Bu hökumət bütün anlaşmaları pozaraq ilk gündən qətliamlara, qarətə başlayır. Öldürülən Cümhuriyyət üzvləri arasında Məhəmmədbağır Şeyxzamanlı da olur. Nağı bəy qardaşı ilə son görüşünü belə təsvir edir:

“1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndə bolşeviklər müsavatçıları məhv etmək üçün tutmağa başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputatı və “Müsavat” Partiyasının üzvü idi. Həbs olunduğunu ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar arayırdım. Nəhayət, “ÇeKa”dakıların ona “Qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq” dediklərini öyrəndim və dərhal “ÇeKa”nın yerləşdiyi binaya getdim. Mən “ÇeKa”nın binasının qapısına yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən görüb “Sən uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər mənə qulaq asmayıb içəri girsən, özümü pəncərədən küçəyə atacağam. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada”. Mən də pəncərəyə baxa-baxa geri çəkilərək “ÇeKa”nın binasının yanından uzaqlaşdım. Böyük qardaşımla son görüşüm belə oldu. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər”.

Ailə həyatı

Məhəmmədbağır bəy Rəfibəylilərdən Həcər xanımla ailə həyatı qurub, Ruqiyyə adlı qızı olub. Həcər xanım Türkiyəyə mühacirətə gedib, daha sonra Amerikaya köçüb. Ruqiyyə xanım isə Türkiyədə Kamil Rəfibəyli Arranla evlənib, Aydın adlı oğulları, Nigar və Bərtan adlı qızları olub.

Rəsulzadəyə görə Məhəmmədbağır bəy

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə “İstila qurbanları” başlıqlı məqaləsində Məhəmmədbağır bəydən də bəhs edib, onun istilanın ikinci günü, yəni 29 apreldə Çeka tərəfindən evindən aparıldığını yazıb. Bunun səbəbini Rəsulzadə belə izah edib: “Məclisi-Məbusan üzvü ikən mərhum digərləri kimi bu vəzifəni sadəcə söz söyləmək, növbəsi gəldikdə tənqid etməkdən ibarət bilənlərdən deyildi. Məfkurənin tətbiqatında pratik bir mücahid xilqətində yaradılmış Məhəmmədbağır bəy türkçülüyünün bütün səfvəti, demokratlığının bütün səmimiyyəti, istiqlalçılığının bütün eşqi və azərbaycançılığının bütün hərarəti ilə daim təhküləli və məsuliyyətli işlərə atılırdı. Bu xüsusiyyəti idi ki, onu qırmızı qüvvət nəzərində amanverilməz bir düşmən halına gətirmişdi. Belə ki, dəfələrlə rus-bolşevik konspirasiyasını açan, Moskvanın hesabına çalışan xainlərə göz verib işıq verməyən Məhəmmədbağırı xain istila əfv edə bilərdimi?”.

Rəsulzadə yazısında Məhəmmədbağır bəyin maraqlı bir xarakterini də verib: “Özü mülk və torpaq sahibi olduğu halda, firqə konqresində torpağın bədəlsiz olaraq mülkədarlardan alınaraq kəndlilərə verilməsini hərarətlə müdafiə etmişdi”.

Mənbə: Konkret.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR