Ozon qatında açılmış dəlik - BMT ekspertlərindən şad xəbər
Günəşdən gələn ultrabənövşəyi şüaları udan və onların Yerin səthinə çatmasını əngəlləyən ozon təbəqəsində 1970-ci ildə aşkar olunmuş nəhəng dəlik daralır. Şimal yarımkürəsində bu dəlik 2030-cu ildə, Antarktida üzərində isə 2060-cı ildə tam qapana bilər. SİA BMT-nin hesabatına istinadla xəbər verir ki, ozon qatında gedən bu müsbət proseslərdə iqlim dəyişiklikləri ilə bağlı Paris sazişinin də mühüm rolu var.
Məlum olduğu kimi, təxminən 1970-ci ildən başlayaraq Yeni Zelandiyanın Milli Su və Atmosferin Tədqiqi İnstitutu Antarktika üzərində ozon təbəqəsinin dağılmasını qeydə alıb. 1982-ci ilin yanvarında BMT-nin Ətraf Mühit Proqramı "Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini keçirib və 1985-ci ilin mart ayında Vyana şəhərində müvafiq sənəd qəbul edilib. 1987-ci ilin sentyabrında isə Monreal şəhərində 180 ölkənin qoşulduğu ozon təbəqəsini dağıdan maddələr haqqında tarixi protokol imzalanıb. Bütün bu tədbirlər, həmçinin Paris sazişi Ozon qatına mənfi təsir edən freon (chlorofluorocarbons) qazının havaya buraxılmasını əhəmiyyətli dərəcədə azaldıb.
Hesabatda göstərilir ki, bu sahədə ən pis vəziyyət ötən əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ozon qatının 10 faizi dağılmışdı. Lakin 2000-ci ildən sonra bu rəqəm hər il 3 faiz azalmaqda davam edir.
Bununla yanaşı, Kolorado Universitetinin professoru Brayn Ton hesab edir ki, BMT-nin hesabatında ozon təbəqəsinin bərpası məsələləri düzgün əks olunmayıb. Onun sözlərinə görə, ozon qatının bəzi yerlərində bərpa prosesi getmir. "Digər tərəfdən, kimya sənayesində xlordan istifadə heç də azalmayıb. Bu isə ozon təbəqəsini dağıdan əsas maddələrdən biridir. Ən çox Çində istehsal olunan təhlükəli kimyəvi boyaların istehlakına da nəzarət olunmur”, - deyə alim vurğulayıb.
Hesabatın müəlliflərindən biri - NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin mütəxəssisi Pol Nyuman isə nikbin danışaraq bildirib ki, görülən tədbirlər nəticəsində ozon təbəqəsinin dağılması prosesi dayandırılıb və onun tam bərpası da zaman məsələsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət