Slimfit
  1. CƏMİYYƏT

Övladlığa götürmə ilə bağlı vacıb məqamlar

Övladlığa götürmə ilə bağlı vacıb məqamlar
Sakura

Övladlığa götürmə ilə bağlı vacıb məqamlar

Azərbaycanda az yayılsa da, bir çox şəxslər tərəfindən maraq dairəsində olan mövzulardan biri də övladlığa götürmədir. Bəzən övlad sahibi ola bilməyən valideynlər, bəzən doğma ata-anasını itirmiş uşaqlar bu situasiya ilə qarşılaşırlar.
Bəs bu prosesin qanuni tərəfləri necə həll olunur? Övladlığa götürmə asan bir prosesdirmi? Hansı dövlət qurumları ilə əlaqəlidir? Suallarımıza Azərbaycan Vəkillər Kollegiyasının gənc üzvü Turan Abdullazadə aydınlıq gətirib. Onun Femida.az-a açıqlamasına görə, övladlığa götürmə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir:

“Məcəllənin 19-cu fəsli, yəni 117-135-ci maddələr tamamilə bu məsələyə həsr olunub. Məsələ kifayət qədər genişdir. Övladlığa götürmə məhkəmə tərəfindən həyata keçirilir.
Əvvəlcə bilməliyik ki, kimlər övladlığa uşaq götürə bilər, kimlərə icazə yoxdur. Məsələn, fəaliyyət qabiliyyəti olmayan, valideynlik hüquqlarından məhrum edilmiş, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa götürə bilməz. Aralarında nikah olmayan şəxslər də birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.

Valideynləri həyatda olan uşağın övladlığa götürülməsi üçün valideynlərin razılığı olmalıdır. Lakin valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə, onların razılığı olmadan uşaq başqasına övladlıq verilə bilər. 10 yaşı tamam olan uşaqların övladlığa götürmə ilə bağlı mütləq öz razılığı olmalıdır. Övladlığa götürmədən sonra uşağın adı, soyadı, yaşayış yeri və doğum tarixi (3 aydan çox olmayaraq) dəyişdirilə bilər. Təbii ki, bu da gizlilik prinsipi üçündür. Lakin bu proses uşaq 1 yaşına çatana qədər edilməlidir”.




Vəkilin sözlərinə görə, Azərbaycanda əcnəbilər də övladlığa uşaq götürə bilər. Yalnız o halda ki, uşağın qohumları tərəfindən övladlığa götürülməsi mümkün olmasın:

“Uşaq xarici vətəndaşa övladlığa verilirsə, həmin ölkənin müvafiq dövlət qurumun müsbət rəyi olmalıdır. Uşağın həyat şəraitini təmin etmək üçün lazımı imkana və ev şəraitinə malik olmayan şəxslər övladlığa götürən şəxs kimi çıxış edə bilməzlər. Lakin uşağı onun qohumu övladlığa götürürsə, uşaq şəxsi öz valideyni hesab edirsə, qeyd olunan şərtlər vacib hesab olunmur. Bir uşaq iki şəxs tərəfindən övladlığa götürə bilməz. Qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Qeyd edim ki, övladlığa götürmənin ləğvi də mümkündür və məhkəmə qərarı ilə həyata keçirilir. valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşağa qəddar münasibət bəslədikdə, xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv edilə bilər.

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin tərəflər arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir”.


T.Abdullazadənin sözlərinə görə, bu məsələ ilə bağlı “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı var. Həmin Qərarda Ali Məhkəmə Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə Məhkəmələrə bir sıra məqamları izah edir:

“Övladlığa götürmənin qanunla qorunan sirrinin mühafizəsi məqsədilə övladlığa götürmə barədə işlər üzrə məhkəmə qətnaməsi qapalı iclasda elan olunmalıdır.

Bir şəxs iki və daha çox uşağı övladlığa götürə bilər. Aliment ödənilən uşaq övladlığa götürüldükdə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.

Bu qərarda məhkəmələrə izah edilir ki, övladlığa götürənin təqsirli davranışı olmadan da məhkəmələr övladlığa götürməni ləğv edə bilər. Məsələn, uşaqla onu övladlığa götürən şəxs arasında qarşılıqlı anlaşma olmazsa, uşağın özünü ailə üzvü hiss etməzsə, məhkəmə övladlığa götürməni ləğv edə bilər”.



“Avropa İnsan Hüquqları Məhkəməsinin maraqlı bir qərarını qeyd etmək istəyirəm. Hansı ki, burada İsveçrəyə qarşı məhkəmə işindən söhbət gedir. İsveçrə Mülki Məcəlləsinin 264-cü maddəsinə əsasən, övladlığa götürməzdən əvvəl həmin şəxslər uşağa ən azı bir il qayğı göstərməli, təhsil verməli, rifahına müsbət təsir göstərməlidir. Əks təqdirdə onlar uşağı övladlığa götürə bilməzlər. Yəni Övladlığa götürən və götürülənlər arasında 1 il isti münasibət olmalı və məhkəmədə inam yaranmalıdır ki, uşağın gələcəyi əmin əllərdədir. Azərbaycanda isə belə bir müddət məhdudiyyəti yoxdur”, - deyə vəkil xarici təcrübə ilə müqayisəni əlavə edib.

Amin Nəzərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR