Slimfit
  1. CƏMİYYƏT

Övladla ana arasında yaş fərqi ən azı bu qədər olmalıdır - Ekspert

Övladla ana arasında yaş fərqi ən azı bu qədər olmalıdır - Ekspert
Sakura

Övladla ana arasında yaş fərqi ən azı bu qədər olmalıdır - Ekspert

Son zamanlar istər dünya mediasında, istərsə də ölkəmizdə yaşı 50-dən yuxarı olan qadınların ana olması ilə bağlı faktlara rast gəlinir. Bəzi həkimlər bunun istər anaya, istərsə də doğulan körpəyə mənfi təsirləri olduğunu bildirirlər.

Mövzu haqda Axar.az-a danışan həkim-ginekoloq Elnarə Məmmədova müəyyən bir yaşdan sonra uşaq dünyaya gətirən qadınların öz yumurtalıqlarından hamilə qalmaq ehtimalının az olduğunu deyib:

“Yaşlı qadınların hamilə qalmaq ehtimalı olduqca azdır, çünki onlarda yumurtalıq rezervi çox aşağı olur. Günümüzdə görünən və reklam olunan 50 yaşdan yuxarı qadınlar var ki, onların hamısında over (yumurtalıq) donorundan istifadə olunub.

Yaşlı qadın hamilə qalarsa, onun uşağında xromosom anomaliyası, daun və başqa sindromların müşahidə olunması riski çoxdur. Digər tərəfdən, onların təbii və ya keysəriyyə əməliyyatı ilə doğum etmələri çox çətin başa gəlir. Çünki toxumaların rigidliyinin artması səbəbilə qadın üçün təhlükə yarana bilər”.

Psixoloq Gülnar Orucova isə qeyd edib ki, ana ilə övlad arasında yaş fərqi 18-20-dən az olmamalıdır:

“Bir qadın 16-18 yaşında uşaq dünyaya gətirsə, onda analıq hissi tam formalaşmamış olacaq. Ona görə də bəzən görürük ki, azyaşlı xanımlar öz uşaqlarını ata bilirlər. Ancaq bəlli bir yaş var ki, o yaşda uşaq dünyaya gətirən analar uşaqlarını daha çox sevir, daha çox qayğı göstərir, öhdələrinə həddən artıq məsuliyyət götürməyi bacarırlar. Ona görə də ana olmaq üçün ən ideal yaş həddi 23 yaşdan yuxarıdır.

İnsan yaşından asılı olmadan öz uşağını sevir. Sadəcə, bu sevginin həddi, qədəri var. Bəzən qadınlar nənə olacağı yaşda uşaq dünyaya gətirirlər. Bu hal dövrümüzdə geniş yayılıb. Amma o qadının həm fiziki baxımdan gücü yetmir, həm də əsəbləri tab gətirmir. Bəlli bir yaşdan sonra insanların əsəbləri daha gərgin olur. 25 yaşlı ana ilə 50 yaşlı qadının metabolizması eyni deyil. Yaşlı ananın təzyiq problemi olur, psixoloji cəhətdən də narahatlığı yaranır. Onlar uşaq səsini belə yadırğamış olurlar”.

Psixoloqun sözlərinə görə, yaşlı ikən uşaq dünyaya gətirən analarda mərhəmət hissi daha çox olur:

“Bu da uşaqların özbaşına, ərköyün uşaq kimi yetişməsi ilə nəticələnir. Bu yaşda ana olanlar gec ana olduqları üçün övladlarına qarşı həddən artıq həssaslıq nümayiş etdirirlər. Uşaq da bu sevgidən ərköyün böyüyür.

Başqa bir məqama da toxunmaq istərdim. Hər bir uşaq istəyir ki, onun anası gənc, baxımlı olsun. Bəzən uşaqlar yaşlı analarından utandıqları üçün onları nənələri kimi təqdim edirlər”.

Psixoloq vurğulayıb ki, övladı olan bir qadının yaşlandıqdan sonra yenidən uşaq dünyaya gətirməsi ciddi problem yaradır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR