Övladı məktəbə gedən valideyn bunları bilməlidir
Dərs ili başlayan kimi uşaqdan akademik düzəltməyə çalışmayın. Bir neçə ay məktəbə, mühitə, sinifə, müəllimə, kitab-dəftərə adaptasiya olmağına imkan verin!
Axar.az-ın məlumatına görə, uşaq həkimi Vaqif Qarayev övladı ilk dəfə məktəbə gedən valideynlərə tövsiyyələrini verib. Həkim bildirib ki, xüsusilə birincilərin valideynləri uşaqlara qarşı diqqtli olmalı, saatlarla dərslə məşğul olmağa məcbur etməməlidir:
“Yadda saxlamaq lazımdır ki, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasıyası eyni cür olmur! Ona görə nə qədər oxuya bilirsə, o qədər oxuyacaq!
Dərsə hazırlıq zamanı hər irili-xırdalı səhvə görə uşağın psixikasını zədələmək düzgün deyil. Əksinə həmişə ruhlandırmaq lazımdır. Mövsümlə bağlı havalar tez-tez dəyişəcək. Ona görə uşağın çantasında nisbətən qalın geyim olsa yaxşıdır. Yağışlı, çiskinli hava uşağın ovqatına pis təsir edir. Ona görə həmin günlər uşaqla daha mehriban davranmaq lazımdır.
Əgər uşaq uzadılmış saatlara gedirsə, dərsdən sonra mütləq onun istirahətinə fikir verilməlidir. Evə gələn kimi dərs oxutmaq mənasızdı. Hər gün gündüz 2-2,5 saat yatsa yaxşıdı. Axşamlar saat 21.30-dan gec olmayaraq yatağa girməlidi”.
V.Qarayev bildirib ki, dərsdən sonra uşağı müxtəlif dərnəklərə aparmaq düzgün deyil. Çünki bu hələ oxumağa yeni başlayan usagı yora bilər:
“Hansısa bir sahəyə real həvəsi hələ 5-6 il sonra yaranacaq. Amma fitri istedadı olan uşaqları mütəxəssisin köməyi ilə uyğun dərnəklərə yönləndirmək olar!
Uşağın qidalanmasına xüsusi fikir vermək lazımdı. Məktəbin bufetində satılanları yox, özünüzün hazırladığınız buterbrod və s. kimi yeməkləri yesə yaxşıdı. Qida rasionunda meyvə-tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə (şirə kimi yox) qəbul eləsin. Gündəlik menyuda ət yeməkləri də olmalıdı”.
Məktəblilərin ən böyük problemlərindən olan ağır çanta ilə bağlı da fikir bildirən həkim qeyd edib ki, əgər uşaq özü çantasını daşıyacaqsa, çantanın ağırlığı bədən çəkisinin 10 faizi qədər olmalıdır. Yəni altı yaşlı uşaq üçün çantanın ağırlığı 2-2,5 kq ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət