Dərc edildi: Baxış sayı: 840
Orta məktəblər pullu olacaq? - Nazirlikdən cavab, ekspert rəyi
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malik olacaq.
Bu dəyişiklik isə birmənalı qarşılanmayıb, "orta məktəblər pullu olub?” deyə sual yaranıb.
BakuPost-un əməkdaşı dəyişikliyi şərh etməsi üçün təhsil eksperti Kamran Əsədova müraciət edib. K. Əsədov bildirib ki, burada təkcə valideynlərin ödəniş etməsi nəzərdə tutulmur:
"Burada söhbət tamam başqa formada maliyyələşmədən gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir.
Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər.
Bilirsiniz, hər bir məktəbin böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indiki bir çox məktəb direktoru kimi qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox.
Məktəbin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar.
Belə ki, məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək olar. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər.
Bunlardan başqa, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir.
2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb.
Məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür.
Əlbəttə ki, yox. Çünki qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur.
Bundan başqa orta məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta məktəblərin pullu olması mümkün deyil”.
Ekspert hesab edir ki, bu dəyişikliklərdən sonra məktəblərin publik hüquqi şəxsə çevrilməsi prosesi başlayacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələ ilə bağlı BakuPost-a açıqlamasında bildirib ki, əcnəbi proqramlar məktəbdə hər zaman ödənişli olub: "Kembric və bu kimi bir sıra xarici proqramlar var ki, onlar əsasında təhsil ödənişlidir. Bu proqramlar orta məktəblərdə ödənişli tədris olunur. Bu, əvvəlcədən də məlum olan məsələdir. Xüsusi dəyişiklik yoxdur”.
Mənbə : BakuPost
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət