Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Orta məktəb dərslikləri 100 ballıq şkala üzrə qiymətləndiriləcək

Orta məktəb dərslikləri 100 ballıq şkala üzrə qiymətləndiriləcək
Sakura

Orta məktəb dərslikləri 100 ballıq şkala üzrə qiymətləndiriləcək

Nazirlər Kabineti  “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, tədris-metodik vasitə  tədris məqsədləri üçün istifadə olunan kağız və ya elektron daşıyıcılarda olan resurs və ya resurs dəsti, açıq tədris-metodik vasitə  ödənişsiz və məhdudiyyətsiz istifadəyə icazə verilən tədris-metodik vasitədir.

Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər. Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:

- materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş

xüsusiyyətlərinə uyğunluğu;

- pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu;

- dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;

- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.

Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir. Açıq tədris-metodik vasitələrdən əlavə olaraq dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün başqa dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müstəsna və ya qeyri-müstəsna hüquqlarının alınması yolu ilə törəmə (tərcümə, dəyişdirmə) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi Nazirlik tərəfindən sifariş edilir.

Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir. Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir. Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada Nazirliyə təqdim etməlidir. Dərsliyə qrif almaq üçün müraciət Nazirliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin  iymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər. Dərsliyə qrif verilməsi üçün müraciətə 2 ay ərzində baxılır.

 Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal);

- dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı,dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu (40 bal);

- dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu (20 bal);

- dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi (10 bal).

Qrif verilməsi üçün dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat ərizəçinin şəxsi kabinetinə göndərilir. Dərsliyə qrif verilməsindən imtinadan ərizəçi yazılı formada (o cümlədən, elektron formada şəxsi kabineti vasitəsilə) 1 ay ərzində Nazirliyə şikayət verə bilər. Şikayət həmin dərsliyin qiymətləndirilməsində iştirak etmiş şəxslərdən ibarət tərkibdə yaradılan komissiyada ərizəçinin iştirakı ilə baxılaraq cavablandırılır.Dərsliyə qrifin verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir. Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən sonrakı 5 tədris ili ərzində istifadəyə yararlı hesab olunur. Qrifin verilməsi barədə əmrdə dərsliyin adı, əsaslandığı təhsil proqramı (kurikulumu) və fənni (inkişaf sahəsi), əhatə etdiyi təhsil müddəti, müəllifləri və müstəsna müəlliflik hüququnun (©) sahibi (sahibləri), kağız və ya elektron daşıyıcıda olması və qrif göstərilir. Qrif verilməsindən imtina edilmiş dərslik təkmilləşdirildikdən sonra növbəti təqvim ilində yenidən qrif verilməsi üçün Nazirliyə təqdim edilə bilər. . Nazirlik qrif verilmiş və qrifi ləğv edilmiş dərsliklərin reyestrini aparır və onlar barədə məlumatı rəsmi saytında dərc edir.

 Aşağıdakı hallarda Nazirlik dərsliyin qrifini vaxtından əvvəl ləğv edir:

- dərsliyin əsaslandığı təhsil proqramı (kurikulumu) qüvvədən düşdükdə;

-dərsliyin təkmilləşdirilmiş nəşrinə qrif verildikdə;

- dərslikdə başqa əsərlərdən qeyri-qanuni istifadə (plagiat) faktı öz təsdiqini tapdıqda.

 Qrif verilmiş dərsliklərdən mülkiyyət formasından asılı olmayaraq, eyni təhsil proqramını (kurikulumu) həyata keçirən bütün ümumi təhsil müəssisələrində növbəti dərs ilindən istifadə edilə bilər. Ümumi təhsil müəssisəsində istifadə edilməsi üçün dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi barədə qərar ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində isə pedaqoji şura tərəfindən qəbul edilir. Özəl ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına, Nazirlik tərəfindən “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq təşkil edilən satınalma yolu ilə həyata keçirilir. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün rəqəmsal dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri internet şəbəkəsi üzərindən həyata keçirilir. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim edilir. Təhsil müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanılmasına 6 ay qalmış TMİS-də bu məqsədlə açılmış xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq edirlər. Daxil edilən məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən 1 ay müddətində dəqiqləşdirilərək, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşır.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı istifadəyə yararlılıq müddətləri nəzərə alınmaqla həyata keçirilir:

- məktəbəhazırlığın və 1-ci sinfin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – bir

tədris ili;

- 10-11-ci siniflərin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili;

-digər təhsilalanlar üçün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı dörd

tədris ili;

- təhsilverənlər üçün kağız dərs vəsaitləri və digər tədrismetodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı tiraj həcmlərində təşkil edilir:

- istifadəyə yararlılıq müddəti bir tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr hər il istifadəçilərin proqnoz sayının 105 faizi həcmində;

- istifadəyə yararlılıq müddəti dörd və ya beş tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr istifadə müddətinin ilk ilində istifadəçilərin proqnoz sayının 105 faizi həcmində, istifadə müddətinin qalan dövründə istifadəçilərin proqnoz sayının 45 faizi həcmində birdəfəlik, yaxud illərə bölünməklə.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr tədris ilinin başlanılmasına 2 ay qalmış nəşr edilir və tədris ilinin başlanılmasına 1 ay qalmış dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazi

üzrə yerli təhsili idarəetmə orqanlarına çatdırılır. Yerli təhsili idarəetmə orqanları ərazisində yerləşən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrini onların təqdim etdiyi proqnoz tələbat əsasında tədris ilinin başlanılmasına 15 gün qalmış Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri hər bir istifadəçini tədris ili başlananadək kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər. . Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri kağız dərslikləri, dərs vəsaitlərini və digər tədris-metodik vasitələri kitabxana fonduna daxil edirlər.Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində qrifi qüvvədən düşmüş kağız dərsliklər və ya bu Qayda ilə müəyyən edilən istifadəyə yararlılıq müddəti bitmiş kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr köhnəlmiş hesab olunur və kitabxana fondundan qanunvericilikdə nəzərdə tutulmuş qaydada çıxarılırlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR