Slimfit
  1. MEDİA

ORDUM VARSA, YURDUM VAR

ORDUM VARSA, YURDUM VAR
Sakura

ORDUM VARSA, YURDUM VAR

"Şəhidlər Vətənini sevən əsil azərbaycanlı övladları olmuşlar".

Heydər Əliyev

 

Əgər bu gün ŞƏHİD adına ürəyimizin sevgi qapılarını qədərincə açmamışıqsa, əgər bu gün şəhid anasının, şəhid atasının hüzurunda sevgilərimizdən doğan bir borc yükü altında əyilmiriksə, əgər bu gün qəlbi yaralı adamların könlünü ovuda bilmiriksə, demək yaşamağa dəyməz. Axı, şəhid adına ünvanlanan hır hansı xeyirxah iş bir ana qəlbinə işıq salır, bir ata könlünü ovundurur, bacı-qardaş yanğısına sərinlik gətirir, dərddən yanan ürəklərə azacıq da olsa, su çiləyir. 

Nə yaxşı ki, bu gün böyük Azərbaycanımızın hər yerində bu iş daim diqqət önündədir. Hər bir şəhid elin övladı, onun ailəsi elin ailəsidir. Bəli, bugünkü nəsil ağlımıza, xəyalımıza gəlməyən hadisələrlə üzləşdi. Yaddaşımıza əbədilik köçən və Qarabağ müharibəsi kimi beyinlərimizə həkk olan bu davada çox oğullar itirdik. Amma sınmadıq, əyilmədik. Gənclərimiz daha mətin oldular. Valideynlər fəxrlə "Vətən sağ olsun" söylədilər. 

İndi hər kəs yaxşı bilir ki, bu gün ölkədə sabitliyi qorumaq hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətidir. 

Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin nəticəsində müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas olub, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. 

Azərbaycan bu gün dünyanın ən islahatçı 20 ölkəsi sırasında qərarlaşıb. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. 

Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan deyiləndə göz önünə ilk olaraq Azərbaycan gəlir. Bütün bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti ilə yanaşı, xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına əldə edilib. 

Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir". Bunun üçün uğurlarımızı hər vəchlə qorumalı, ölkəmizin inkişafına töhfələrimizi artırmalı və istənilən pozucu hərəkətlərə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Bu gün istər dünyanı cənginə alan pandemiya ilə, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək vacibdir. 

Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalması Azərbaycan Ordusunun əsgərləri, gənclərimiz, bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün böyük örnəkdir.

 "ORDUN VARSA, YURDUN VAR" - deyirlər. Bu gün Azərbaycanın güclü, qüdrətli ordusu vardır. Bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatının qarşısını qətiyyətlə alması da bunu bir daha təsdiqlədi. 

Bu gün düşmənlə üz-üzə dayanan əsgərlərimiz qəhrəmanlıqları ilə gənclərimizdə vətənpərvərlik hissini daha da artırır, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hücum əmrini gözləyirlər. 

İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Bu, kimliyindən, siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin daim çağırışlarının əsas mahiyyətini təşkil edən bu tezisi bir daha yada salmaq istərdik: "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir". 

Orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. 

Amma bununla yanaşı, iyulun 14-ü gecə saatlarında orduya dəstək adı altında keçirilən yürüşdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Təbii ki, iyulun 12-də baş verən təxribat Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmaya bilməzdi. Bu, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsinə rəvac verdi. Bu kimi məqamlar bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Amma digər tərəfdən də unutmamalıyq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. İndiki həssas məqamda arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 

Müdrik Azərbaycan xalqı ordu-xalq birliyini 2016-cı ildə məhşur Aprel döyüşləri zamanı görmüşdü. Amma bu birliyi daha möhtəşəmliyini indi 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabı zamanı yaşadıq. Sözün əsl mənasında, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə vurduğu sarsıdıcı zərbə Azərbaycanda əsil Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi vəhdətinin yaşandığını sübut etdi. Ən əsası isə Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Çox təqdirəlayiqdir ki, ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmadı, bütün siyasi ambisiyalarını kənara qoyaraq həmrəylik, milli birlik ifadə edərək, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. 

Bu da, əlbəttə ki, Azərbaycanın müstəqillik tarixində bir ilk idi. Azərbaycanda dünən siyasi rəqiblər olan siyasi baxışları müxtəlif olan partiyalar Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər. 

43 partiya sədrinin imzaladığı Birgə Bəyanatdan: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.” 

Və bunun sübutu: insanlar, xüsusən də gənclər Səfərbərlik xidmətləri qarşısında könüllü olaraq ordu sıralarına yazılmaq üçün növbəyə dayandılar. 

Əlbəttə, bu həmrəylik, bu birlik ondan xəbər verir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordunun köməkliyi ilə torpaqlarımız düşmən tapdağından azad ediləcək, üçrəngli zəfər bayrağımız Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə... və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.

 

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YAP Qaradağ rayon təşkilatı Siyasi şurasının üzvü, Qadınlar Şuradının sədr müavini.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR