Slimfit
  1. ƏDƏBİYYAT

Onun üçün... - Elşən İsmayıl

Onun üçün... - Elşən İsmayıl
Sakura

Onun üçün... - Elşən İsmayıl

Bir adam dəniz sahili ilə gəzərkən dənizə bir şey atmağa çalışan bir yaşlı kişiyə rast gəldi. Yaxınlaşdı və onun sahildəki balıqqulaqlarını aramla, səbrlə dənizə atdığını gördü. Təəccübləndi və kişidən:

 

  - Niyə balıqqulaqlarını dənizə atırsan? – deyə, maraqla soruşdu yolçu.

 

   Sahilboyu çılğın dalğaların gətirdiyi balıqqulaqlarını dənizə atmağa davam edən şəxs:

 

 -  Onun üçün... – solğun baxışlarla yolçunu süzüb “işinə” davam etdi. 

 

 -  Yaxşı, amma burada minlərlə balıqqulaqları var. Hamısını ata bilməzsən axı. – maraqla kişiyə baxan yolçu dedi.

 

 - Ataram! – qoca yolçuya baxmadan cavab verdi.

 

 - Onları da dənizə atsan nə dəyişəcək?

 

  Qoca dəyişməz üz ifadəsiylə yolçunu süzüb yerdən başqa bir balıqqulağını götürərək dənizə atdı. Sonra nə düşündüsə, yolçunun sual dolu və həyəcanlı üzünə baxaraq, sanki dərdini danışırmış kimi yanıqlı səs tonuyla:

 

 - Bəlkə vicdana gələr. Axı mən bütün yer üzünü onun üçün dənizin dibinə göndərməyə hazıram. Bir tək səs, bir tək duyğu istəyirəm! Başqa heç nə! – deyə, yavaş-yavaş qırışlaşmış üzünü isladan gözyaşlarını yolçudan gizlədən qoca için-için fəğan edirdi...

 

   Nüsrət kişi onunla tələbəlik illərində tanış olmuşdu. Ah. Necə şirin olur gəncliyin qoxusu, tamı... Qısa zamanda bir-birinə öyrəşən ikili öncə yaxın dost, sonra sirdaş, nəhayət tələbəliyin sonlarına doğru sevgili olmuşdular. Hər şey elə rahat, elə sadə idi ki. Sanki fələk bütün vicdansızlığını unudub bu möhtəşəm cütlüyün eşqinə tamaşa edirdi, yana-yana yox, məğlubiyyətilə barışaraq, sakitcə, səssiz-səmirsiz...

 

   Məlum olay bir neçə il bundan öncə baş vermişdi. Tunay Nüsrətlə uzun müddət idi ki, bir yerə gəzməyə çıxmırdı. Həm iş, həm uşaqların qayğısı – bir sözlə həyat bir ilmik olub dolanmışdı ayaqlarına, qoymurdu bir yana getsinlər, azacıq nəfəs alsınlar. Ancaq nəhayət o gün, bəli, məhz o ƏCLAF payız gecəsi imkan tapa bilmişdilər.

 

    İndi hər şeyi olduğu kimi xatırlamaq necə də ağır idi: zülm, vəhşət səsi gəlirdi o gecədən. O gecənin acıması yox idi. Nə cavan ailəyə, nə də onların sevgisinə acımadı. Acımadı o ƏCLAF payız gecəsi...

 

  - Mən od qalamaq üçün meşəyə gedirəm, sənsə uşaqlardan muğayət ol! – deyə, Nüsrət həyat yoldaşına səsləndi.

 

     Tunay isə qızları Göyçə və Dənizlə volleybol oynayırdı dəniz sahilində. Nə Nüsrətin qayğı dolu baxışlarından, nə də ona səslənən narahat səsindən xəbəri olmadı Tunayın. Hava isə elə bil bütün miskinliyini, bədxahlığını bu gecəyə saxlamışdı...

 

     Hər şey bir gözqırpımında baş verdi. Top qəfildən şıltaq dalğaların qoynuna tələsdi. Ardından Göyçə, sonra Dəniz topu gətirmək üçün suya tərəf getdilər. Bədbəxt ana Tunay isə onlara “ehtiyatlı olun!” deməyilə qaldı. Biranlığa hər şey – bütün dövri-aləm dəyişdi. Göylər guruldadı. İldırım çaxdı. Və qızlarını zalım dənizin qoynundan almağa çalışan məzlum ana qəfildən əvvəllər özü də bilmədiyi, ancaq uzun müddətdir onu içdən içə yeyən xəstəliyi kəşf etdi. Və bu xəstəlik onun qan dövranını tədricən yavaşıtdığı kimi, ürəyini də sıxmağa başladı. Qısa zaman içində Tunay nəfəs ala bilmədi və əl-qolu boşaldı. Qızlarıyla vidalaşa bilmədən dənizin zalım sularına qərq oldu.

 

    Onu uzun müddət axtardılar. Hətta aylarla, illərlə...

 

    İki qızını anasız böyüdən məzlum ata illərlə ayrıla bilmədi sevdiyindən. Hər gecə, hər gün o o ƏCLAF payız gecəsinin yarını aldığı yerə gəldi. Çığırmaq, hayqırmaq istəsə də, bacarmadı. Sanki qəhrdən boğulurdu Nüsrət kişi...

 

    Qızlarının imdadına yetişə bildi o gecə. Ancaq nə fayda, Tunayı, bircəciyini, yarını, ruhunun sahibini ki itirdi. Həm də həmişəlik...

 

    Ağırdır. Fələyin zalımlığına, kələyinə, əclaflığına dözmək ağırdır. Zülm, qan, qada qoxan nəfəsini duyaraq yaşamaqsa ondan da ağırdır...

 

  - Ta o gündən bəri elə hey onu səsləyirəm. Səsimlə deyil! Bu dərd sanki səsimi də alıb məndən, sevgilimi aldığı kimi – deyə, gözləri yaşla dolan qoca kişi əlindəki çomağa söykənərək uzaqlara baxırdı.

 

    Yolçu isə qəhrdən boğulurdu. Qocanın dedikləri onun içinə yerləşmiş hiyləgər bir xəstəlik kimi sıxırdı onu. Xəyallar, xatirlər və dəniz. Bəli, məhz bu bivəfa dəniz onun da sevdiyini alıb aparmışdı birdəfəlik, necə?! Daha orası maraqlı deyil! Maraqlısı odur ki, baxanda sanki varlığıyla adamı sehrləyən bu dəniz kinayə ilə, murdarlıqla ona baxıb gülümsəyirdi. Həm də heç acımadan. Sanki onu da almaq istəyirdi...

 

   Qoca hər gün ora gəlməyə davam etdi. Ta ki günlərin bir günü dəniz onu da ağuşuna alanadək... Və sanki indi dəniz rahat idi. Şıltaq dalğalarından əsər-əlamət qalmamışdı. Və sanki Tunay gəlmişdi. Nüsrətə əlini uzadıb səslənirdi:

 

- Sənin üçün gəldim, Nüsrət, sənin üçün!

 

    Nüsrət də gülümsəyirdi və başa düşürdü, qısqanc dəniz hər şeyi etmişdi. Bəli. Sevgisi üçün, məhz onun üçün...

 

ELŞƏN İSMAYIL

Hüzünlü bir musiqinin ilhamından...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR