Onlar Azərbaycanı gücləndirirlər - Nazir
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov “Xəzər hövzəsində və ətrafında enerji balansı siyasəti” mövzusunda ADA Universitetində keçirilən 13-cü illik Bakı Yay Enerji Məktəbində çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, E.Məmmədyarov ənənəvi tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, enerji təhlükəsizliyinin Azərbaycan üçün əhəmiyyəti və regional siyasətin balanslaşdırılmasına töhfəsindən danışıb.
Nazir qeyd edib ki, bizim üçün enerji təhlükəsizliyi karbohidrogen ehtiyatlarının hasilatı, onları istehsal etmək və bazarlara nəql etmək üçün davamlılıq nümayiş etdirmək və bütün risklərə tab gətirmək qabiliyyətidir. E.Məmmədyarov bu baxımdan enerji təhlükəsizliyinin bir neçə faktordan asılı olduğunu vurğulayaraq deyib ki, enerji təhlükəsizliyi yalnız boru kəmərlərində baş vermir. Əslində, bu, geologiyadan başlayır. Əgər biz hətta boru kəmərləri çəkməmişdən əvvəl, yuxarı axında balanslı, davamlı və səmərəli layihələri təmin edə bilməyəcəyiksə, bizim istehsal etməyimiz və sata bilməyimiz mümkün deyil. Risklər çox yüksəkdir. Geofiziki və ya texnoloji xüsusiyyətlərdən başqa, onlar siyasi xarakter də daşıyırlar. Beləliklə, enerji diplomatiyamızın vəzifəsi riskləri qarşılamaq və uğur qazanmaq naminə mürəkkəb və çox milyardlı layihələr həyata keçirmək üçün əlverişli siyasi-diplomatik landşaft yaratmaqdır. Geoloji risklərə diplomatik qayğı vacibdir, sadə bir göstərici baxımından: enerji resurslarının hasilatı və satışı ortalama 10-15 ildir. Bundan əlavə, enerji daşıyıcılarının tədarükü və nəql müddətləri orta hesabla 30-40 il, hətta daha çox çəkir. Bu, ciddi bir enerji layihəsi üçün minimal müddətdir. Beləliklə, əgər siz özünüzü yuxarı axın (geoloji) siyasətinə uyğun şəkildə hazırlasanız müvəffəqiyyətin yarısını əldə etmisiniz deməkdir.
Digər faktordan danışan Xarici İşlər naziri bildirib ki, enerji təhlükəsizliyi tələbin təhlükəsizliyinə mütənasibdir - bu, enerji resurslarımızın alıcıları və bazarların bizim xam neft və ya təbii qaza nə qədər ehtiyacı var deməkdir. Yəni, alıcılar kommersiya mallarının təmin edilməsi üçün əlverişli siyasi və tənzimləyici mühit yaratmalıdırlar. Buna görə də, daha çox təchiz etmək üçün siyasətçilər bizə stimul və daha güclü ismarışlar verməlidirlər.
Bununla yanaşı, enerji təhlükəsizliyinin uğurları həmçinin, xarici şirkətlərə necə münasibət bəslədiyinizdən asılıdır. Onların uzun illər ərzində hasil və istehsal etməsinə imkan yaradan, eləcə də investor və tərəfdaş hüquqlarını qoruyan bir mühitdə fəaliyyətini təmin etmək üçün maliyyə, sərmayə və hüquqi rejimi necə yaratmağınız çox önəmlidir. Azərbaycan artıq buna nail olub və məhz bu səbəbdən də özünü etibarlılığı ön görülə bilinən, siyasi sabit bir tərəfdaş kimi sübut edib. Beləliklə, enerji layihələrində liberal investisiya və ticarət rejiminin qorunması müvəffəqiyyət üçün vacibdir. Burada xüsusilə qeyd etmək istərdim ki, bu müvəffəqiyyətimiz, həmin dövrdə prezidentimiz olmuş cənab Heydər Əliyevin o zaman bölgədə baş verən qarışıqlıq və Azərbaycanı nə gözləməsinin qeyri-müəyyənliyi dövründə dünya və xarici investisiyalara açılmaq kimi cəsarətli qərarı və liderlik keyfiyyəti ilə bilavasitə bağlı olub.
Daha bir faktor kimi, boru kəmərləri məsələsini qeyd edən nazir bu baxımdan Cənub Qaz Dəhlizini vurğulayıb. Bildirib ki, bu strateji boru kəmərləri kompleksi ətrafında proses 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Birgə Bəyannamənin imzalanması ilə başlayıb. Bu imza siyasi xarakter daşısa da, biz və tərəfdaşlarımız üçün çox şeyi ehtiva edirdi. Bu imza tərəfdaşımız qarşısında təbii qazın Aİ sərhədinə gətirilməsi üçün əlimizdən gələni əsirgəməmək kimi bir öhdəlik götürməyi nəzərdə tutur. Aİ tərəfindən isə bu imza, boru kəmərləri və ya birləşdiricilərin (interkonnektorların) qurulması və ya enerji təchizatı üçün əlçatan olması məqsədilə əlverişli bir mühitin yaradılmasını ehtiva edir. Ancaq inşa etməzdən əvvəl, inşa edərkən və təchiz etməyə başladıqdan sonra bu, xam neft və ya təbii qaz molekulu olsa belə yenə də əmtəədir. Beləliklə, əslində enerjidən danışdıqlarımızın hamısı (geologiya, təhlükəsizlik, boru kəmərləri, təchizat) ticarət məsələsidir. Enerji sahəsində ticarət maraqlarını qorumaq üçün Azərbaycan boru kəmərləri şəbəkəsini qurur və bir sıra müqavilələrə imza atır. Strateji planlaşdırma, tərəfdaşlıq (koalisiya) qurma, risklərin azaldılması baxımından, bu iş böyük diplomatik dəstək tələb edir. Bu, riskləri minimuma endirmək və mənfəəti artırmaq üçün siyasi coğrafiyadan necə istifadə edə biləcəyinizdən asılıdır. Biznesdə olduğu kimi, yəni sərmayə qoyarkən və sərmayədən gələn gəlirləri hesabladığın kimi, diplomatiyada da tərəfdaşlarla ağıllı şəkildə investisiya qoyur və siyasi kapitalda yüksək mənfəəti təmin edirsən. Bu, cəmi “sıfır” olan oyun deyil. Bu, əslində hər iki tərəfin qələbə qazanacağı formula olmalıdır. Boru kəmərləri canlı varlıqlar kimidir. Onlar bizə tərəfdaş olan ölkələrlə etibarlı əlaqələr şəraitində yaranır və mövcud olurlar. Beləliklə, boru kəmərləri malların daşınmasının baş tutduğu orta axındır, neft-qaz sənayesi əməliyyatlarının bir mərhələsidir. Enerji ehtiyatlarımızın Azərbaycana ən çox dost münasibəti bəsləyən və dəstəkləyən ölkələrdən keçməklə nəql olunmasını istəyirik. Siyasi baxımdan yanaşsaq, boru kəməri enerji təhlükəsizliyi ilə bağlı danışıqların ən çox intensivləşdiyi yerdir. Amma bu proses yaradıcı və siyasi cəhətdən sağlam olmalıdır. Heç bir boru kəməri layihəsi siyasi cəhətdən sağlam quruluşa malik olmazsa kommersiya baxımından uğurlu ola bilməz. Enerji təhlükəsizliyimizin arxitekturasının başqa bir təməlini, yəni boru kəmərlərinin diversifikasiyasını unutmamalıyıq. Şəbəkə nə qədər geniş olarsa, enerji axınında yaranan problemlərlə üzləşərkən daha az risklər meydana çıxar. Regional enerji arxitekturasının gələcək inkişafı etibarlı interkonnektorlar şəbəkələrinin inkişafından asılıdır. Ancaq çatışmayan və ya lazıminca istifadə olunmayan infrastruktur səbəbindən gecikmələr hələ də mövcuddur. Avropada regional interkonnektorlara az sərmayə qoyulur. Buna görə də biz Avropada İnterkonnektor Yunanıstan-Bolqarıstan, İon-Adriatik Boru Kəməri və İnterkonnektor Türkiyə-Bolqarıstan kimi bəzi interkonnektor infrastrukturlarını Cənub Qaz Dəhlizinin gələcək bazarlara genişləndirilməsi və təbliği, habelə iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin inkişaf etdirilməsi məqsədini güdən uzunmüddətli sabit və etibarlı qaz təchizatının təmin edilməsi baxımından potensial layihələr hesab edirik.
E.Məmmədyarov diqqətə çatdırıb ki, enerji təhlükəsizliyi həm də bazara çıxışdan ibarətdir. Bu, təkcə enerji mallarını necə istehsal etmək və nəql etməkdən ibarət deyil. Bu, həmçinin bazara çatmaq və girməkdə necə uğurlu olmaqdan ibarətdir. Azərbaycan əslində yeganə istehsalçı və ya daşıyıcı deyil, bazarlar axtaran, bazarları öyrənən və bazar imkanlarından istifadə etmək və hətta yaratmaq istəyən fəal təchizatçıdır. Bazarı, qanunvericiliyi və ya onu idarə edən tənzimləmə mexanizmini bilmədən buna nail olmaq çətindir. Bazara çıxış da ticarət məsələsidir. Belə ki, biz edə biləcəyimiz və ya etməli olduğumuz zaman diplomatik yolla siyasi-qanunverici dəstək göstəririk. Enerji diplomatiyamızın vəzifələrindən biri bazarlarda baş verən siyasi prosesləri araşdırmaq, siyasi proqnoz vermək və bazarlarda sabit enerji axını və ya enerji sərmayələrini necə təmin etmək istiqamətində məsləhət verməkdir. Beləliklə, Azərbaycan üçün Cənub Qaz Dəhlizi yalnız bir boru kəməri deyil. Bu, Avropa bazarına çıxışın əldə olunması hədəfidir.
“Sonuncu, bəlkə də ən vacibi isə Azərbaycan üçün enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi olmasıdır. Fəlsəfəmiz, enerji resurslarının milli təhlükəsizliyimizə yüksək əhəmiyyətə malik bir dəyər qatmalı və Azərbaycanın regional sabitlik və inkişaf perspektivlərini bölüşən bütün maraqlı iştirakçılar üçün daha güclü siyasi-iqtisadi əməkdaşlıq mühiti yaratmalı olduğu inancına əsaslanır. Suveren hüquqlar haqqında Quqlda axtarış etsəniz, “Dövlətlərin təbii sərvətləri üzərində daimi suverenliyi” haqqında bir çox ədəbiyyat tapa bilərsiniz. Bu, axtarış, istehsal və bu resurslardan istifadə üzrə suverenlik məsələsi barədə çox şeyi deyir. Beləliklə, təbii (enerji) resursları nə vaxt, necə və kiminlə bölüşmək milli təhlükəsizlik məsələsidir. Hər heydən öncə, milli təhlükəsizlik prioritetdir; biznes və bazarlar isə bundan sonra gəlir.
Gördüyünüz kimi, enerji diplomatiyasını həll etmək və regionda müxtəlif maraqları nəzərə almaqla balanslaşdırmaqda çətinliklər mövcuddur. Əslində, diplomatlar bu problemləri imkanlara çevirməyə qadir olmalıdırlar.
Təşəbbüskarı olduğumuz və təşviq etdiyimiz layihələr yalnız Azərbaycanın siyasi müstəqilliyini və iqtisadi rifahını təmin etmək üçün mühüm rol oynamayacaq, eyni zamanda bütövlükdə regionun inkişafına və Avropa ilə Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir. Onlar Azərbaycanı möhkəmləndirirlər. Onlar tərəfdaşlarımızı möhkəmləndirirlər. Məsələn, Cənub Qaz Dəhlizini götürün. Çətiri altında o, bir istehsalçı ölkəni (Azərbaycan), tərəfdaş və Aİ üzvlüyünə namizədlər olan tranzit ölkələri və istehlakçını (Avropa) bir araya gətirir”, - deyə nazir E.Məmmədyarov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət