Slimfit
  1. AZƏRBAYCAN

Ombudsman ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Ombudsman ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
Sakura

Ombudsman ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ-ın) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib. 

Ens.az xəbər verirki,Ombudsman Aparatından "Report"a verilən məlumata görə, Səbinə Əliyeva qonağa təsisatın fəaliyyəti haqqında geniş məlumat verib.

O bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Ombudsman təsisatında insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin qaynar xətlər, sosial şəbəkələr və elektron formada qəbulu davam etdirilib.  Pandemiya dövründə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə mütəmadi olaraq monitorinqlər keçirildiyi, saxlanılan şəxslərin hüquqlarının təmininin Müvəkkilin diqqət mərkəzində olduğu vurğulanıb. 

Görüş zamanı Müvəkkil hər bir şəxsin müraciətinə heç bir ayrı-seçkiliyə yol verilmədən, həssaslıqla yanaşıldığını bildirib. Qonağın əfv məsələləri ilə bağlı sualına cavabında Ombudsman cari ilin aprel ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad edildiyini, o cümlədən 10 məhkumun Ombudsmanın müraciəti nəzərə alınmaqla azadlığa buraxıldığını qeyd edib.

Ombudsman Ermənistan tərəfindən girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının kobudcasına pozulması, onlara qarşı işgəncə və ləyaqəti alçaldan rəftar barədə aidiyyəti beynəlxalq qurumlara dəfələrlə xüsusi müraciətlər ünvanlanmasına baxmayaraq problemin həll edilməməsi məsələsinə toxunub. O, beynəlxalq ictimaiyyətin bu məsələyə qısa zamanda lazımi hüquqi qiymət verəcəyinə, ABŞ-ın da əsir və girov düşmüş soydaşlarımızın qaytarılmasında müvafiq dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Müvəkkil Ermənistanın pandemiya dövründə də atəşkəs rejimini mütəmadi olaraq pozmaqla Azərbaycana qarşı təxribat xarakterli hücumlar törədərək regionda sülhün bərqərar olmasına ciddi maneə yaratdığını qeyd edib. O, bu il iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi qəfil hücum barədə danışıb. Ombudsman həmin müddətdə hərbi təxribatların baş verdiyi ərazilərdə faktaraşdırıcı missiya həyata keçirdiyini, toplanmış materiallar əsasında aralıq hesabatın hazırlanaraq aidiyyatı beynəlxalq qurumlara ünvanlandığını diqqətə çatdırıb. Səbinə Əliyeva bu təxribatçı hücumlar zamanı Ermənistan tərəfinin mülki şəxsləri və obyektləri hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarını ciddi şəkildə pozduğunu qeyd edib. Müvəkkil ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın təxribatlarına adekvat reaksiya verməsinə ümid etdiyini bildirib.

ABŞ səfiri Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında iqtisadi, sosial, enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Ombudsmanın insan hüquqlarının səmərəli müdafiəsi sahəsində çox önəmli bir vəzifə olduğunu vurğulayıb. Həmçinin insan hüquqları sahəsində bilik və təcrübələrin artırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR