Ölkədə qazlaşma səviyyəsi 96%-ə çatdı
Dekabrın 28-də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Bununla da, 2019-cu ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Ümumilikdə 8607 m uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.
Qeyd edək ki, 2019-cu ildə respublikanın regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin 1-ci rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət