Ölkədə dini ədəbiyyatların çap olunmasının azalma səbəbi açıqlandı
Azərbaycanda illər üzrə çap olunan dini ədəbiyyatların sayı azalıb.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivləri" mövzusunda keçirilən konfransda bildirib.
Dini ədəbiyyatların çap olunmasının azalma səbəbini açıqlayan G.İsmayılov deyib ki, artıq bu funksiyanı komitə, onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb: "Ölkədən kənarda tərcümə əsasında nəşr olunan dini ədəbiyyatlar isə Fondun sifarişi ilə çap edilir".
Komitə sədrinin müavini qeyd edib ki, 2017-ci ildə ölkədə 309 ədəbiyyatın nəşrinə icazə verilib, 4 ədəbiyyat nəşrə buraxılmayıb. 2018-ci ildə nəşrinə icazə verilən ədəbiyyatların sayı 166, icazə verilməyən ədəbiyyatların sayı 26 olub.
Onun sözlərinə görə, 2001-ci ildə idxalına icazə verilən ədəbiyyatların sayı 17, icazə verilməyən ədəbiyyatın sayı 1 olub: "2017-ci ildə 1477 ədəbiyyatın idxalına icazə verilib, 63 ədəbiyyat isə idxaldan kənarda qalıb. 2018-ci ildə isə idxalına icazə verilən ədəbiyyatların sayı 1652 olub, 52 ədəbiyyatın idxalına icazə verilməyib".
G.İsmayılov bildirib ki, 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınan dini qurumlarn sayı 374, 2017-ci ildə 760, 2018-2019-cu ildə 940 olub.
Komitə sədrinin müavini bir dini icmanın dövlət qeydiyyatından keçməsi üçün 50 təsisçinin olmasının vacibliyini də nəzərə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət