Maliyyə Bazarlarına Nəzarət Palatası gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat…
Maliyyə Bazarlarına Nəzarət Palatası gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edilib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən təminatlı aktivlərdə 31-90 gün gecikənlər nəzarət altında olan, 91-240 gün gecikənlər qeyri-qənaətbəxş, 241-360 gün gecikənlər təhlükəli və 360 gündən çox gecikənlər ümidsiz aktivlər deyə müəyyənləşib.
Təminatsız aktivlər üzrə 31-90 gün gecikənlər nəzarət altında olan, 91-180 gün gecikənlər qeyri-qənaətbəxş, 181-270 gün gecikənlər təhlükəli və 270 gündən artıq gecikənlər ümidsiz aktivlər kimi müəyyən olunub.
Qeyd edək ki, bundan əvvəl aktivlər təminatlı, təminatsız deyil, yüksək, orta və aşağı keyfiyyət meyarları ilə bölünmüşdü və 270 gündən artıq gecikmələrin hamısı, bəzi hallarda isə daha az müddətə gecikmələr ümidsiz aktivlər kimi təsnif olunmuşdu.
Bundan başqa, təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələrində dəyişiklik edilib. Qənaətbəxş aktivlərdə milli valyutada olan istehlak və biznes kreditləri üzrə 1%, xarici valyutada 2%, digər aktivlər üzrə isə 1% müəyyən edilib.
Nəzarət altında olan aktivlərdə manatla istehlak kreditləri üzrə 5%, xarici valyutada 10%, biznes kreditləri üzrə 2%, xarici valyutada 3%, digər aktivlər üzrə isə 2% müəyyən olunub.
Qeyri-qənatəbəxş aktivlərdə isə bütün hallarda 25%, təhlükəli aktivlərdə 50%, ümidsiz aktivlərdə 100% müəyyən edilib.
Qeyd edək ki, əvvəlki qaydaya əsasən isə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilmişdi: qənaətbəxş aktivlər - 1%, nəzarət altında olan aktivlər – 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər isə 1%,qeyri-qənaətbəxş aktivlər - 25%, təhlükəli aktivlər - 50%, ümidsiz aktivlər - 100%.
Həmçinin, dəyişikliyə əsasən artıq istehlak kreditləri aşağıdakı kimi təsnifləşdirilib: 31-90 gün gecikmədə nəzarət altında olan, 91-120 gün olduqda qeyri-qənaətbəxş, 121-150 gün olduqda qeyri-qənaətbəxş, 150 gündən artıq gecikmədə isə ümidsiz aktivlər kimi müəyyənləşdirilir.
Borcalan vəfat etdikdə, Mülki Məcəllədə müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 31 gündən 60 günədək gecikdirilmiş kreditlər nəzarət altında olan aktivlər kimi, 61 gündən 90 günədək gecikdirilmiş kreditlər qeyri-qənaətbəxş aktivlər kimi, 91 gündən 120 günədək gecikdirilmiş kreditlər təhlükəli aktivlər kimi, 120 gündən artıq gecikdirilmiş kreditlər ümidsiz aktivlər kimi müəyyən edilmişdi.
Qeyd edək ki, qərar 2019-cu il mayın 29-dan qüvvəyə minəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət