Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Oftalmoloq: Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir

Oftalmoloq: Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir
Sakura

Oftalmoloq: Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir

Gözlər insanın ətraf-mühitlə balanslı şəkildə əlaqəsini təmin edən əsas duyğu orqanlarından biridir. Buna görə bu orqanda hər hansı problemin yaranması birbaşa olaraq insan həyatına təsir edir.

Gözdə yaranan xəstəliklər, görmə qabiliyyətinin zəifləməsi və səbəbləri daimi olaraq insanlarda müxtəlif suallar yaradır.

Oftolmoloq  Qurban İsmayılov Modern.az-a müsahibəsində bu sualları cavablayıb:

 

- Qurban doktor, neçə yaşdan sonra göz əvvəlki görmə qabiliyyətini itirməyə başlayır?

- Əgər insanın anadangəlmə görmə qabiliyyəti normaldırsa, yəni göz emmetropdursa, 40 yaşınadək problem olmur.  Artıq 40 yaşdan sonra yaxını görmə zəifləyir ki, bu da billurun ölmüş hüceyrələrinin kənara çıxa bilməməsi, billurun nüvəsinin əmələ gəlməsi ilə əlaqədardır.

Ancaq uzağı və yaxını anadangəlmə yaxşı görə bilməyən şəxslərdə  görmə qabiliyyəti istənilən yaşda zəifləyə bilər.

- Kompüterdən aktiv olaraq istifadə gözü zəiflədə bilər? Ümumiyyətlə, kompüterin gözə nə kimi mənfi təsirləri var?

- Nə kitab oxumaq, nə də ki, kompüterdən istifadə gözü zəiflədir. Bəzən valideynlər də narahat olur ki, uşağımız çox dərs oxuyur, gözü zəifləyəcək. Amma kompüter, ya da kitabdan daimi olaraq istifadə heç bir halda görmə qabiliyyətinə mənfi təsir etmir.

Sadəcə olaraq, saatlarla yaxın məsafədə kompüterlə məşğul olmaq, yaxud da kitab oxumaq gənclərdə göz yorğunluğu yarada bilər. Amma kompüterlə mütəmadi işləyən şəxslər şüalardan qorunmaq üçün xüsusi eynəklərdən istifadə edə bilərlər.

- Qohum evliliyindən dünyaya gələn uşaqlarda hansı göz xəstəlikləri yaranır? Bu xəstəliklərin qarşısını almaq mümkündürmü?

- Biz Azərbaycanda, tez-tez müxtəlif regionlarda qohum evliliyindən törəyən uşaqlarda göz xəstəlikləri yarandığının şahidi oluruq. Adətən bu uşaqlarda gözün arxa seqmentinin, torlu qişanın xəstəlikləri yaranır, bu xəstələrin gecə görməsi pozulur, görmə qabiliyyəti zəifləyir və 40 yaşdan sonra  artıq görmə qabiliyyəti tamamilə itir. Torlu qişanın xəstəliyi elədir ki, artıq onun qarşısını almaq mümkün deyil.

- Sağlam görmə qabiliyyətini necə qorumaq olar?

- Əgər ata və ya anada müəyyən xəstəliklər varsa, vaxtında göz həkimi ilə gözü müayinə etdirmək lazımdır. Bu tək göz yox, digər orqanlarda da keçərlidir, orqanizm üçün qəbul olunmuş bir standartdır. 40 yaşdan sonra xüsusilə kişilərdə fiziki cəhətdən ağır iş rejimi, əsəbilik müşahidə olunduğundan məsləhətdir ki, gözün daxili təzyiqi ölçülsün. Yəni, qlakoma deyilən xəstəliklər var ki, bu xəstəliklərin qarşısı vaxtında alınmalıdır.

Azərbaycan isti və allergik zona olduğuna görə, məsləhətdir ki, gənclər arasında gözün quruluq dərəcəsi yoxlanılsın.

“Şermer” testi vasitəsilə bilmək olar ki, gənclərdə quru göz sindromu var, yoxsa yox. Əgər göz normal halda islanmazsa, göz qapaqları gözün buynuz qişasının sürtür və gələcəkdə geriqayıtmaz xəstəlik olan “kerotokonus” və ya “kerotoqlobus” xəstəliyi meydana gəlir.

- Son zamanlar ələxsus uşaqlarda və gənclərdə hansı göz xəstəliklərinin daha çox olduğunun şahidisiniz?

- Demək olar ki, bütün göz xəstəliklərinin sayı artıb. Ola bilsin ki, müasir diaqnostikalar daha dürüstdür deyə nəticə belədir, amma yenə göz xəstəliklərinin hamısında artım müşahidə edirik.

Bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetin, uşaqlarda anadangəlmə qlakoma, retenoblostoma, anadangəlmə kataraktaların sayı artıb.

- Yuxusuzluq, yəni yuxu rejiminin pozulmasının gözə hər hansı mənfi təsiri ola bilər?

- Yuxusuzluğun gözə mənfi təsiri odur ki, gözdə quruluq əmələ gəlir. Yəni, göz qapaqları qapanmadıqda gözlər maye ilə islanmır və gözkənarı vəzlər biri-birinə sürtünmür. Bu da quru göz sindromunun yaranmasına gətirib çıxarır.

- Biz göz xəstəlikləri arasında tez-tez “mirvari suyu” xəstəliyinin adını daha çox eşidirik. Bu xəstəliyin yaranma səbəbi nədir?

- Mirvari suyu fizioloji bir xəstəlikdir, yəni bu, birbaşa olaraq yaşın çoxluğuna bağlıdır. Lakin hər hansısa xəstəliyin fonunda yaranan mirvari suyu xəstəliyi də var. Məsələn, şəkərli diabet bu xəstəliyi yarada bilər .

Kataraktalar müasir dövr üçün bəlalı bir xəstəlik deyil. Hətta narkozsuz xırda kəsiklər vasitəsilə bulanmış billur sovrulur və onun içərisinə müxtəlif funksiyanı yerinə yetirən süni billurlar implantasiya olunaraq görmə bərpa olunur.

- Düzgün təyin edilməmiş eynəyin gözə ziyanı ola bilərmi?

- Əslində bu, sadəcə boşuna yaranmış bir söz və qorxudur. Bu optiklərin və bəzi həkimlərin biri-birlərinin ünvlarına atdıqları ittihamdır.

Düzgün təyin edilməmiş eynək gözdə hər hansısa fəsad yaratmaz. Maksimum şəkildə belə eynəklər insana baş və ya göz ağrısı verə bilər.

Təbii olaraq da insan təfəkkürü bunu qəbullana-qəbullana aylarla ya da illərlə həmin eynəyi istifadə etməz, həkimə müraciət edər. Yəni, düzgün eynək istifadə edib göz zəifləməsi kimi hal hələ ki, dünya təbabətində müşahidə olunmayıb.

- Qidalanmanın görməyə təsiri barədə danışmanızı istərdim. Görmə qabiliyyətini artıran qidalar varmı?

- 24 illik həkimlik təcrübəm var. İndiyədək heç bir xəstəyə vitamin yazmamışam. O təfəkkür heç cür mənə çatmır ki, ağız boşluğundan qəbul olunan bir vitamin gedib göz dibində hansısa xəstəliyi müalicə etsin. Belə bir anlayış mümkün deyil. Bu cür vitaminlərdənsə Allahın yaratdığı təbii qidalardan istifadə daha məsləhətlidir.

Gözün patologiyasında iki üsul var. Biri eynəkdən istifadə, digəri də cərrahi əməliyyat. Gözdə hər hansı bir xəstəlik varsa da, təyin olunan dərmanlar belə sadəcə olaraq köməkçi vasitə rolunu oynayır, onu sağaltmır. Yəni, vitaminlərə və qidalanmaya ümid etmək olmaz.

- Görmə qabiliyyətini necə artırmaq olar?

- Görmə qabiliyyətini artırmaq üçün hansısa üsul yoxdur. Əgər ehtiyac yaranarsa, eynək istifadə edəcəksən, 18 yaşı keçmisənsə əməliyyat olunacaqsan. Yəni, görmə qabiliyyətini bərpa etmək və artırmaq üçün metod yoxdur.

- Bəzi hallarda insanlar bilmədikləri bir yerdən necə gəldi gün eynəyi alıb istifadə edirlər. Bu eynəklərin gözə nə kimi mənfi təsirləri var?

- Ümumiyyətlə, eynək alarkən həkim məsləhətinin olması daha uyğundur.  Bura optiki eynəklər də, gün eynəkləri də daxildir. Küçədə eynək satan adam nə bilir ki, gözün daxili quruluşu necədir, alıcıya hansı tip eynək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR