Slimfit
  1. PSİXOLOGİYA

Ofis köməkçisi olaraq işə başladı, bu gün BP-də yüksək vəzifədədir

Ofis köməkçisi olaraq işə başladı, bu gün BP-də yüksək vəzifədədir
Sakura

Ofis köməkçisi olaraq işə başladı, bu gün BP-də yüksək vəzifədədir

BP-nin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktor təyin edilən Leyla Novruzovanın müsahibəsini təqdim edirik.

- İş həyatınızın başlanğıcı haqqında məlumat verə bilərsinizmi? İlk işiniz nə idi?

- Xarici Dillər Universitetinin 5-ci kurs tələbəsi olarkən Milli Məclisdə tərcüməçi işləməyə başladım. 1992-ci ildə mənim kimi gənc bir tələbə üçün dövlət adamlarına tərcüməçilik etmək böyük bir təcrübə idi.  Həmin il ən yadda qalan hadisə isə mənim Parlament Assambleyasının Yeni Dehlidəki iclasında Azərbaycan nümayəndə heyətinin tərcüməçisi olaraq Hindistana yola düşməyim oldu. Ölkəmi gənc yaşda təmsil edə bildiyim üçün böyük qürur duyurdum

Sonra bir gün bir dostum mənə zəng edib, Bakıda açılan xarici şirkətlərdən birinə ingilis dilini bilən və “kompüter anlayışı olan” (yəni kompüterdə “Word”ü açıb-bağlamağı bacaran) insanlara ehtiyac olduğunu dedi. Bu, AMOCO şirkəti idi və mən oraya müraciət etdim. Ofis köməkçisi olaraq işə başladım. Bu, mənim 25 illik yolumun başlanğıcı idi.

- Neft sektorunda uğur qazanmağın başlıca şərtləri nələrdir?

- Məncə, işlədiyiniz sektordan asılı olmayaraq, müvəffəqiyyətin ən böyük açarı çox çalışmaq, gördüyün işdən zövq almaq və böyüməyə davam etməkdir. Mən həmişə deyirəm ki, əlinizdən gələnin ən yaxşısını edin, yeni fürsətlər üçün daima ayıq olun və yeni imkanlarla qarşılaşdıqda onları buraxmayın. Məncə bu, uğurun açarıdır.

- İnsan resursları üzrə direktor vəzifəsi birbaşa işçilərlə təmasda olmağı, işə qəbulda yüksək həssaslığı tələb edir. Milli mənsubiyyətiniz və çalışdığınız insanların müxtəlif millətlərdən olması hansı məqamlarda sizə problem yaradır?

- İşimdən zövq almağımın səbəblərindən biri də odur ki, mənə müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla işləmək imkanı verir. Hesab edirəm ki, kiminsə fərqli bir millətdən olması hər hansı bir problem təşkil etmir. Əksinə, şirkətdə müxtəlif millətlərdən insanların olması şirkəti daha da uğurlu edər. Mənə görə, insanların bir-birinə qarşı nəzakətsiz və hörmətsiz münasibəti problemlər yarada bilər, onların müxtəlif millətlərdən olması yox.

- Hər firmanın, iri şirkətin işçi qəbulu zamanı spesifik sualları olur və zaman keçdikcə bu suallar yenilənir, dövrün tələblərinə uyğunlaşdırılır. Sizin işçi qəbul edərkən suallar bankınız, istifadə etdiyiniz özəl testlər varmı?

- İki tip suallarımız  var: texniki və davranış. Texniki suallar namizədlərin təcrübə və bacarıqlarının iş tələblərinə uyğun olub-olmadığını müəyyənləşdirməyə kömək edir. Davranış sualları isə namizədin sərgilədiyi dəyərlərin şirkətimizin dəyərlərinə uyğun olub-olmadığını müəyyənləşdirməyə kömək edir. BP-nin güclü Dəyərlər və Davranışlar dəst-xətti var. Bunlar təhlükəsizlik, mükəmməllik, OneTeam (komanda olmaq), hörmət və cəsarətdir. Bütün İnsan Resurslarına aid suallar bu dəyərlərin dərk edilməsini nümayiş etdirməyə təşviq edir.

- Sizcə, BP markasına sədaqəti qorumaqda insan resurslarının rolu nədir?

- İnsan resursları işçilərin şirkətə sadiqliyini inkişaf etdirməkdə böyük rol oynayır. İş mühiti sağlam və narahatlıqdan uzaq olduqda işçilər sadiq olacaq. Güclü kadr şöbəsi işçilərlə proaktiv əlaqə yaratmaqla həmişə şirkətin nəbzində mühüm rol oynayacaq. Həmçinin, işçilərin hər hansı narahat olduqları bir məsələ barədə açıq şəkildə danışa biləcəyi təmin edilməlidir. İşçilər təşkilatın həyatına müsbət təsir göstərə biləcəklərini, şirkəti davamlı inkişaf etdirə biləcəklərini hiss etdikdə, onların şirkətə sadiqliyi daha da artacaq.

- Bu mərhələyə gələnə qədərki karyera mərtəbələriniz barədə danışa bilərsiniz?

- İnsan resurslarında ilk rolum 2000-ci ildə “benefits advisor” (Müavinətlər haqqında məsləhətçi) rolu idi. Bu, BP və AMOCO birləşməsindən və birləşən şirkətin xarici şirkətlər konsorsiumu olan ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) vahid operatorluğunu almasından dərhal sonra idi.

Mənim ilk insan qaynaqları ilə əlaqəli layihələrimdən biri müxtəlif şirkətlərdən gələn işçilər üçün şərtləri və müavinətlərini uyğunlaşdırmaq idi. Daha sonra BP-nin digər bölmələrində də oxşar təcrübə tələb olundu və ilk olaraq Pakistan və sonra Rusiyada işləmək imkanları yarandı. Bu sahədə ilk yüksək vəzifəli rolum isə 2007-ci ildə oldu və üç il sonra ABŞ-ın Hyuston şəhərində işləmək üçün seçildim. Fərqli yerlərdə fərqli işlər görmək mənə bacarıqlarımı inkişaf etdirmək və 2013-cü ildə başlayan İnsan resursları üzrə vitse-prezident rolunda uğurlu olmağa kömək edib.

- Pakistan, Rusiya, ABŞ kimi müxtəlif ölkələrdə çalışmısınız. Bu ölkələrdə yaşamaq və işləmək sizə nələr verib?

- Fərqli ölkələrdə yaşamaq imkanı mənim həyatımda baş verən ən yaxşı şeylərdən biri idi. Alışdığınız və rahat hiss etdiyiniz mədəniyyət və mühitdən çıxdıqdan sonra siz həm peşəkar, həm də şəxsi həyatınızda böyüyürsünüz.

Həm də yeni insanlarla tanış olmaq, dost olmaq şansınız olur. Yaşadığınız müxtəliflik sizi daha yaxşı insan edir və üfüqünüzü, dünyaya, həyata baxışınızı genişləndirir.

- İnsan resurslarında karyera arzulayanlara nə məsləhət verərdiniz?

- Qorxmayın! Mən insan resursları sahəsində fəaliyyətimə 18 il əvvəl başladım və bir dəfə belə bu barədə təəssüflənmədim. Güclü insan resursları idarəsi, güclü təşkilat deməkdir. Unutmamaq lazımdır ki, doğru insanların doğru rollarda olması müvəffəqiyyətin mahiyyətini təşkil edir.

- İşə qəbul zamanı verilən ən klassik sual budur: 5 il sonra özünüzü harada görürsünüz? Sizin bu suala cavabınızı bilmək maraqlı olardı. Siz 5 il sonra özünüzü harada görürsünüz?

- Sizinlə bir sirr paylaşmalıyam. Bir insan resursları üzrə vitse-prezident olaraq bu cavabım qəribə səslənə bilər, ancaq mən karyeramı planlamaqda çox da yaxşı deyiləm. Sizə çox demək istəyərdim ki, 5 ildən sonra özümü müəyyən bir yerdə, rolda görürəm, ancaq bunu deyə bilmərəm. 5 ildən sonra hansı imkanların yaranacağını kim bilə bilər? Ancaq onu deyə bilərəm ki, ümidvaram məni həyəcanlandıran bir yerdə olacağam.

 

Mənbə: Fed.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR