Slimfit
  1. AZƏRBAYCAN

“Odun peçi tez-tez tüstülənib-söndüyü üçün dərslərimizi də pozurdu” –Ucqar kənd müəllimi

“Odun peçi tez-tez tüstülənib-söndüyü üçün dərslərimizi də pozurdu” –Ucqar kənd müəllimi
Sakura

“Odun peçi tez-tez tüstülənib-söndüyü üçün dərslərimizi də pozurdu” –Ucqar kənd müəllimi

“İşə qəbul olunandan sonra kəndə valideynlərimlə bərabər gəlib, ev axtarmağa başladıq. Məktəb direktoru bizə sakinlərin çoxunun kənddə yaşamadığını, burada qalanların isə evlərinin çox balaca olduğunu bildirdi. Kənddə yaşamaq üçün şərait olmadığını biləndə, açığı,  atamla imtina etmək haqda düşündük, lakin...” – Ucqar kənd müəllimi

Mir Cəlal Paşayevin əsərdə öz qəhrəmanının dilindən dediyi kimi, doğrudan da kənd müəllimlərinin işi digərlərindən daha çətindir. Çünki onlar maarif işığı yandırmaqdan ötəri ta uzaq kəndlərimizə gedib, belə demək olarsa, sözün əsl mənasında mübarizə aparırlar.

“Gərək unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir. Kəndli sizə inanmasa, nə sözünüzə məna verər, nə də ixtiyarınıza uşaq verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar? Xoş rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli, dərrakəli, təvazökar dolan! Müəllim kəndlinin əli qələmli dostudur. Kəndli ona həm uşaq tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini deyəcək”. (red: Nazik Mətləb, səh:149)

İndi isə böyük yazıçımızın “Nazik Mətləb”indən, birbaşa öz mətləbimizə keçək:

AzEdu.az davamlı olaraq respublikanın ucqar rayonlarının kəndlərində işləyən gənc müəllimləri elə onların öz dili sizə təqdim edir.

Budəfəki müsahibimiz Ağsu rayonunun Qarabağlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səfərli Kifayətdir.

Gənc müəllimin öz dilindən  DOSYE

“Uşaqlara olan sevgimlə peşəmə vurğunluğum bir-birini tamamlayır”

-Mən, Səfərli Kifayət Murad qızı İsmayıllı rayonunda anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri Yeni Günəşli qəsəbəsində yerləşən 285 saylı tam orta məktəbdə almışam. Buranı bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai Təhsil” fakültəsinə daxil olmuşam. Sonra isə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək, Ağsu rayonunun Qarabağlı kənd tam orta məktəbində müəllimə kimi fəaliyyətə başlamışam.

Doğrusunu desəm, müəllim olmaq kimi bir məqsədim yox idi. Amma, universitetə daxil olandan sonra peşəmi sevməyə başladım. Həm də balacalara olan sevgim də elə ixtisasımla üst-üstə düşdü, tamamlandı. Pedaqoji təcrübə keçdiyim müddətlərdə isə özümü artıq müəllim kimi daha yaxından tanıdım.

Biliyə doğru aparan enişli, yoxuşlu və ən uzun yollar

“İşə başladığım ilk gün məktəbə gedəndə yol mənə o qədər uzun gəldi ki...”

- İşə qəbul olunandan sonra kəndə valideynlərimlə bərabər gəlib, ev axtarmağa başladıq. Məktəb direktoru bizə sakinlərin çoxunun kənddə yaşamadığını, burada qalanların isə evlərinin çox balaca olduğunu bildirdi. Kənddə yaşamaq üçün şərait olmadığını biləndə, açığı,  atamla imtina etmək haqda düşündük, lakin yaxşı ki, qonşu kənddən bizə təklif gəldi: dedilər ki, bura gəlib kənddə yaşaya bilərsən. Yaşayacağım kənddən dərs dediyim yerə getmək üçün 40 dəqiqə piyada yol qət etmək lazım idi. Həmin məktəbdə oxuyan uşaqlar da hər gün məktəbə bu yolla gedirdilər. Düşündüm ki, uşaqlar gedə bilirsə, mən niyə getməməliyəm?

...Və beləliklə, işə başladım. İşə başladığım ilk gün məktəbə gedəndə yol mənə o qədər uzun gəldi ki... Təbii ki, zamanla öyrəşdim.

İlk dərs günü məktəblə tanışlıq...

“Sinfə daxil olanda gördüm ki, heç bir plakat və əyani vəsait yoxdur”

-Baxdım ki, partalardan biri hündür, digəri alçaqdır. Şkaflar, müəllim stolu isə pis vəziyyətdədir. Düşündüm ki, olmayan şəraiti özüm yarada bilərəm. Beləcə plakatlar hazırladım və fəal təlimlə məşğul olmağa başladım. Təbii ki, bu da şagirdlərin çox xoşuna gəlirdi.

İstilik sistemi yoxdur, siniflər odun peçi ilə qızdırılır. İşə başlayana qədər heç vaxt odun peçi yandırmamışdım, ancaq bura gəldikdən sonra öyrənməyə başladım. Odun peçi olduğundan, bəzən tüstüləyir və dərsimiz tez-tez pozulur. Ya da elə olur ki, peç sönür, yenidən yandırmaq məcburiyyətində qalırıq. Bu cəhətdən məktəbdəki vəziyyət çətindir.

Kənddə işləməyin digər üstün cəhəti sağlam qidalanmaqdır. Burada yeməyə ziyanlı nəsə tapmaq mümkün deyil.

-İbtidai sinifdə dərs deməyin müsbət cəhətləri çoxdur, uşaqlar çox saf olurlar. Həm kənddəki uşaqlarla şəhərdəkilər arasında fərq çox olur. Burada 5 yaşlı uşağın texnologiyadan anlayışı, demək olar ki, yoxdur. İşə təzə başladığım vaxtlarda, məktəbimiz kompüter və internetlə təmin olunmadığından uşaqlara dərsə aid texnoloji ünsürləri telefonumda göstərirdim. Bu cəhətdən bu kənddəki uşaqlar çox  şeydən xəbərsizdilər. Bilmədiklərini şagirdlərə öyrətmək isə mənə zövq verir. Mən işimə maraqla yanaşanda, işimdən zövq alanda uşaqlar da dərsi daha həvəslə öyrənməyə başlayırlar.

Fəal təlim metodları... Və ya Gənc müəllimin FANTAZİYASI

“Üçüncü sinifdə oxuyanlar birincilərə baxıb təəssüflənirlər ki, kaş biz də “bir”də oxuyanda dərsləri bu şəkildə keçə bilərdik”

-Mən məktəbdə yalnız birinci və üçüncü siniflərə dərs deyirəm. Birinci sinifdə təhsil alan 6 şagirddən 4-ü əlaçı, 1-i orta səviyyəli, digəri isə zəif oxuyur. Həmin zəif oxuyan uşaq əməliyyat olduğu üçün dərsləri mənimsəməsi bir az çətin başa gəlir. Buna baxmayaraq, onun da dərslərindən yayınmasının, zəifləməsinin qarşısını almağa çalışırıq. Dərsi başa düşməyəndə, bir necə dəfə təkrar-təkrar izah etməyə çalışıram. Dərs dediyim üçüncü sinfə isə əvvəlcədən bir neçə müəllim dərs dediyi üçün müəyyən boşluqlar yaranıb. İlboyu onlara da keçmədikləri dərsləri öyrətməyə çalışmışam və çalışıram. Hazırda isə bilik səviyyələri xeyli yüksəlib.

Bəzən şagirdləri təhsilə həvəsləndirmək üçün onlarla bərabər oyunlar təşkil edirəm. Uşaqlarla birgə həftənin təmbəlini və qalibini seçirik. Beləcə, qaliblərin sayına uyğun kağızdan “smayliklər” düzəldib sinifdən asırıq. Uşaqlar rəngləri, şəkilləri çox sevdikləri üçün bu, onları həvəsləndirir. Hesab edirəm, fərqli metodlardan bütün müəllimlər istifadə etməlidirlər. Hətta üçüncü sinifdə oxuyanlar birincilərə baxıb təəssüflənirlər ki, kaş biz də “bir”də oxuyanda dərsləri bu şəkildə keçə bilərdik.

Övladlarını şəhərli müəllimin ixtiyarına buraxan kəndlilər

“Valideyn iclaslarında iştirakı çox da önəmsəmirlər”

-Şagirdlərimin valideynləri ilə münasibətim normaldır. Bir neçə dəfə valideyn iclası keçirmişəm, qarşılıqlı ünsiyyətimiz olub. Təəssüf, iclaslara o dərəcədə də, önəm vermirlər.

Hətta, oğlanlar dərsə az-az gəlirlər. Səbəbini soruşanda deyirlər ki, “nobata” (red: qoyunları otarmaq üçün başqa yerə aparmaq) gedirik. Qızlar isə erkən yaşdan ailə həyatı qururlar.

Bunlarda təhsilə çox önəm verilmədiyini deməyə əsas verir. Təbii ki, bütün valideynlər belə deyil, övladlarının təhsilini birinci planda tutanlar da az deyil. Valideynin uşağının təhsilinə önəm verməsi ümumi təhsilin keyfiyyət və kəmiyyətinə də ciddi təsir göstərir.

Min bir arzu, min bir həvəs

“Dərs sevgi qarşılığında olmalıdır”

-İdeal müəllim daim axtarışda olmalı, əlində olanlarla kifayətlənməməlidir. Şəxsən mən evdə araşdırmalar apararaq yeni metodlar tapır və onu tətbiq etməyə çalışıram. Dərs dedikcə ağlıma yeni ideyalar gəlir. Düşünürəm ki, gələn il bundan daha yaxşı dərs deməliyəm.

Daim yeniliklər fikirləşməlisən, uşaqların marağını öyrənməlisən. Mütləq onların diqqətini cəlb edəcək məqamlara toxunmalısan. Bir şeyi də unutmayaq ki, ibtida sinif müəllimləri şagirdlərlə ünsiyyətdə elmi cümlələrdən yox, onların başa düşəcəyi cümlələrdən istifadə etmək lazımdır.

İdeal müəllimə həm geyimi, həm davranışı ilə uşaqlara nümunə olmalıdır. Hər bir şagirdə fərdi yanaşmalı, onun xüsusiyyətlərini bilməlidir. Çünki bütün şagirdlərin dərsi mənimsəmə şəkli eyni deyil. Adi bir sığal şagirddə özünə güvən yaradar, onu dərslərdə daha aktiv olmağa təşviq edər.

Bir şagirdim var, həddən artıq utancaqdır. Ona sual verəndə, dərs soruşanda əvvəlcə başını sığallayıram ki, özünü kompleksli hiss etməsin. Bu da təbii olaraq ondakı güvəni artırır.

Sonluq üçün

“Bütün məktəblərdə qoyulan qaydalara eyni dərəcədə əməl olunmur”

-Təhsil sistemimiz düzgün qurulub, lakin şəhər, kənd və qəsəbədəki məktəblər arasında fərqlər çoxdur. Şəhər məktəbləri lazım olan bütün texnoloji avadanlıqlar və əşyalarla təmin edilib. Təəssüf ki, kənd məktəblərində isə belə deyil. İstənilən halda rayonlarımızda yeni məktəblərin tikildiyinin, təmir olunduğunun tez-tez şahidi oluruq. Bu problem hələki tam şəkildə öz həllini tapmasa da, görülən işlər bizi çox sevindirir.

Bir günümü isə qısaca belə təsvir edərdimş: Səhər şagirdlərlə bir yerdə məktəbə gedirik. Dərsimi deyirəm, uşaqlarla məşğul olduqdan sonra evə qayıdıram. Evdə tək olduğum üçün qayğılarımı özüm çəkirəm. Sonra sabahkı dərsimin icmalını hazırlayıram və daha yaxşı nəticə əldə etmək üçün MİQ imtahanına hazırlaşıram.

Şükufə Süleymanlı

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR