Slimfit
  1. AZƏRBAYCANLI

O XAL NƏ XALDIR...

O XAL NƏ XALDIR...
Sakura

O XAL NƏ XALDIR...

Heç bir musiqi təhsili almayan, özünü həmişə musiqişünas kimi təqdim etmiş ixtisasca tarixçi Firudin Şuşunskinin (1925–1997) söylədiyinə görə, “İrəvanda xal qalmadı” mahnısının musiqisi və sözləri Xalq artisti Cabbar Qaryağdıoğluya (1861–1944) məxsusdur. Guya ustad xanəndə bu mahnını 1924-cü ildə İrəvanda keçirilən varlı bir şəxsin övladının toy mərasimində bəstələmişdir. Toyda C.Qaryağdıoğlunu tarda Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov (1880–1965) və kamançada Məşədi Qulu Əlizadə (XIX əsrin sonu, XX əsrin əvvəli) müşayiət etmişlər.

Öncə bildirək ki, mahnının yaranması ilə bağlı F.Şuşinski heç bir elmi əsası olmayan, ciddi faktlara söykənməyən, reallığı əks etdirməyən və milli mentalitetimizə uyğun gəlməyən bir uydurma təqdim etmişdir (Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, s. 148-150).

Guya gəlinin atası bəy tərifi zamanı xanəndədən qızını niyə tərif etmədiyini soruşur. Xanəndə Cabbar da qızı görmədiyi üçün deyir: “Gəlini məclisə gətirin, ona baxıb tərif edim”. Cabbara belə bir adətin olmadğını, gəlinin məclisə gətirilməsi ayıb sayıldığını söyləyirlər. O da gəlinin nişanələrini soruşur və qızın üzündə qoşa xal olduğunu bildirirlər. Cabbar da bədahətən bu mahnını oxuyur.

Bütün deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Müasir dövrdə də bütün bölgələrin toy mərasimlərində gəlinin atası özünü çox ağır aparır. Əksəri heç qol qaldırıb oynamırlar da. XX əsrin əvvəllərində bu məsələyə daha ciddi yanaşırdılar. Hansı ata toyda yad kişiyə, yəni xanəndəyə qızının gözəlliyindən danışa bilər, xanəndə də mahnı oxuyub gəlinə eşqnamə söyləyər, erotik ifadələr işlədər: “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”,“bir öpərəm, bir dişlərəm” və s. Mahnının yaranmasının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin aşağılanması, təhqir edilməsidir.

Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli (1950–2017) məsələyə belə münasibət bildirir: “İrəvanda xal qalmadı” xalq mahnısının tarixi Cabbar Qaryağdı dövründən daha qədim olması hamıya məlumdur. Bununla belə, o zamanlar başdan-başa müsəlmanlardan ibarət olan İrəvan mahalında gəlinin toy məclisinə gətirilməsi xalqımızın dünənində qeyri-mümkün hesab edilərdi” (Nəğməli, muğamlı dünyam. B.: Elm və təhsil, 2012, s. 32).

Xalq artisti Xan Şuşinskinin (1901–1979) oğlu Aslan Cavanşirov da haqlı olaraq F.Şuşinskinin fikirlərilə razılaşmır: “Gəlinin tərifi ilə bağlı hadisə inandırıcı deyil və bu, F.Şuşinskinin təxəyyülünün məhsulu, bədii əlavələridir”.

Doğrudur, F.Şuşinskinin yazdıqlarını 2007-ci ildə Cabbarın qızı Şəhla Kürçaylı (1930–2013) İTV-nin hazırladığı telefilmdə dilə gətirmişdir. Biz film efirə getdikdən bir neçə il sonra Şəhla xanımla tamam başqa bir məsələ barədə görüşüb söhbətləşdik. Belə ki, ondan 1905-ci il inqilabçılarından biri olmuş dayısı tanınmış memar-bənna, “Qırx pilləkan”ın müəllifi Dağlı Bağırla bağlı məlumat aldım. Sözarası Şəhla xanıma “O xal nə xaldır”la bağlı yayılan fikirlərin mentalitetimizə uyğun gəlmədiyini və mahnıya aid qədim qaynaqların olduğunu söylədim. Şəhla xanım çox səmimi şəkildə etiraf etdi ki, o vaxt uşaq olub və bəy tərifi məsəlini atasından deyil, Firudin Şuşinskidən eşitmişdir.

Faktları araşdırdıqda bəlli olur ki, bu mahnını Cabbar Qaryağdıoğlu 1924-cü ildə deyil, ən azı 1910-cu ildən əvvəl bilirdi. Çünki 1910-cu ildə Məşədi Hilal Zeynalovun ifasında “O xal nə xaldır” mahnısı qrammofon valına yazılmışdı. Görünür, o bu mahnını Cabbar Qaryağdıoğludan öyrənibmiş. Şübhəsiz, aşıq havası “O xal nə xaldır” mahnısını xanəndə yaradıcılığına ilk dəfə Cabbar Qaryağdıoğlu gətirib.

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri səhifəsində bu mahnı ilə bağlı (nümunənin reyestr kodu : FM0203010002) yazılır: “Şifahi ənənədə mahnının sözləri ilə bənzərlik təşkil edən nümunələrin mövcudluğu, həmçinin “bu xal nə xaldır” misralı kərkük mahnısının olması vaxtilə xalq arasında belə bir mahnının mövcud olduğunu göstərir. “İrəvanda xal qalmadı” mahnısı da həmin mahnının Cabbar Qaryağdıoğlu tərəfindən ustalıqla interpretasiya edilməsi nəticəsində meydana gəlmişdir. Başqa sözlə, Cabbar Qaryağdıoğlu yeni bir mahnının sözlərini “yazmamış”, yeni mahnı bəstələməmiş, sadəcə məlum mahnının yadında qalan bəzi parçalarını təkrar edərək ifa etmişdir”.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məsələyə obyektiv yanaşsa da, mahnını öz ilkin adı ilə deyil, “İrəvanda xal qalmadı” kimi qeydə almışdır.

Mahnının poetik mətnini ilk dəfə “O xal nə xaldır” adı ilə 1938-ci ildə folklorşünas Hümmət Əlizadə (1907–1941) tərtibçisi olduğu kitabda təqdim etmişdir (Aşıqlar. İki cilddə, II c. B.: Azərnəşr, 1938, s. 357-358). Biz, həmin mətndə nəqəratın yerini göstərmişik:

 

O XAL NƏ XALDIR

 

İrəvanda bir quyu var,

Şəkərdən şirin suyu var.

Hər gözəlin bir xoyu var.

 

Nəqərat:

 

Ay qız, o xal nə xaldır,

Sən ora düzdürmüsən?

Ay naz, o xal nə xaldır,

Sən üzə düzdürmüsən?

 

İrəvanda yol işlərəm,

Xəncəlimi gümüşlərəm.

Bir öpərəm, bir dişlərəm.

 

Nəqərat:

 

İrəvanda ayaq quşu

Gedər yazı, gələr qışı.

Yaxşı olar yar görüşü.

Nəqərat:

 

İrəvanda Çarşı bazar,

İçində bir gəlin gəzər.

Dərdlərimə dərman yazar.

 

Nəqərat:

 

İrəvanda Zəngi çayı,

Hüsnün mat eyləyir ayı,

Mən yazıq yetimin payı,

Nəqərat:

 

İrəvanda olar dügü,

Tacirlər bağlayar yükü,

Hindistandakı qul təki,

 

Nəqərat:

 

İrəvanda xan qalmadı,

Gəncədə soltan qalmadı,

Daha məndə can qalmadı.

 

Mətndən göründüyü kimi, bu mahnı Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda yaranmışdır. Mətn aşıq şeiri üslubunda yazılmışdır, bu baxımdan mahnının ozan-aşıq yaradıcılığının məhsulu hesab edirik. Musiqişünaslıq üzrə elmlər doktoru, tanınmış ustad sənətkar Aşıq Çingiz Mehdioğlunun söylədiyinə görə, “O xal nə xaldır”ın melodiyası ən qədim aşıq mahnılarından biri olan “Gəraylı gülü” qaydasındadır və bu havaya çox uyğundur.

Mahnı müasir ifaçılıqdan fərqli olaraq duet şəklində deyil, kişilərə məxsus mətn və tərzlə təqdim olunur. Sayı yeddi olan bəndlərin hər biri İrəvan sözü ilə başlayır. Burada bəndlər müasir ifaçılıqda olduğu kimi iki deyil, üç misralıdır. Diqqəti çəkən bir məqam da odur ki nəqəratın həm melodiyası, həm də sözləri dəyişikliyə uğrayıb. İlkin mətndə nəqəratdakı “Ay naz, o xal nə xaldır, Sən üzə düzdürmüsən?” misralarından bəlli olur ki, İrəvanda qızlar estetik baxımından daha gözəl görünməkdən ötrü üzə xal qoyurmuşlar. Buna Azərbaycanın portretçi və ornamentalist rəssamı Mirzə Qədir İrəvaninin (1825–1875) rəsmlərində rastlaşırıq.

Üçüncü bənddəki “İrəvanda ayaq quşu, Gedər yazı, gələr qışı” misralardan bəlli olur ki, bu mahnı daha qədim əsrlərdə yaranmışdır. Belə ki, İrəvan ərazisində hələ XVI əsrə qədər “ayaq quşu” adlı köçəri bir quş olub, yalnız qış aylarında şimaldan İrəvana gəlirmiş və şeirdə deyildiyi kimi, yazda da geri dönürmüş. Bu quş o qədər nəhəng və yırtıcı olub ki, hətta öküzü ayaqları ilə tutub aparırmış. Qüvvətli ayaqlarına görə, həmçinin dörd ayaqlı yerdə də sürətlə hərəkət etdiyindən onu ayaq quşu adlandırmışlar. Sonralar görünür, ayaq quşunun da kələzlər və dinozavrlar kimi kökü kəsilmişdir. Deməli, “ayaq quşu” ifadəsindən mahnının təxminən XVI əsrdə, bəlkə də bir neçə əsr əvvəl yarandığı bəlli olur.

Dördüncü bənddə qafiyə pozulur. Belə ki I misra “bazar”, II misra “gəzər”, III misra “yazar” sözləri ilə tamamlanır. Tanınmış rejissor, ssenarist, şair Füzuli Sabiroğlu “gəzər”i texniki səhv kimi dəyərləndirir və onun “azar”la əvəzlənməsini təklif edir. Fikrimizcə, həmin misradakı “gəlin” sözü də “gözəl”lə əvəzlənməli, yəni “İçində bir gözəl azar” kimi oxunmalıdır. Çünki mahnıda gəlin deyil, hər hansı bir gənc və bakirə gözəl vəsf olunur.

Sonuncu bənd – “Şəkidə soltan qalmadı” kimi oxunmalıdır. Çünki Azərbaycanda Gəncədə deyil, Şəkidə soltanlıq olmuşdur. Tanınmış xanəndə Məşədi Hilal Zeynalov da 1910-cu ildə bu mahnını oxuyarkən məhz Şəki sözünü işlətmişdir. Xatıqladaq ki, o, bu mahnını Tiflisdə Pate qardaşlarının istehsal etdiyi qrammofon valı üçün oxumuşdur. Mahnının xronometrajı 2.30 dəqiqədir.

Burada işlədilən “xan” və “soltan” sözləri mahnının xanlıqlar dövründə də oxunğunu təsdiqləyir. Sonralar sovet ideologiyasına uyğun gəlmədiyindən xan və soltan sözləri mətndən çıxarılmışdır. Həmin misralar “İrəvanda xal qalmadı, Daha məndə hal qalmadı” ilə əvəzlənmişdir. Şübhə etmirik ki, mahnının poetik mətninin və melodiyasının dəyişilməsində C.Qaryağdıoğlunun müstəsna rolu olub.

Əməkdar jurnalist, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yazır: “Mahnıdakı xan sözü İrəvan xanlığının dəhşətli şəkildə köçünə və xanlığın süqutuna bir işarədir” (Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı Gəlin. “Yeni Azərbaycan” qəzeti, 2011, s. 8 yanvar, s. 6-7). Başqa ehtimala görə, İrəvanda üzündə qoşa xal olan gözəl bir qız yaşayırmış, guya onun üstündə xanlar bir-birini qırırmış.

Xalq artisti Qədir Rüstəmov (1935–2011) bu mahnını ifa edərkən öncə “İrəvanda xal qalmadı” kimi oxumuş, sonra tanınmış rejissor və şair Hafiz Baxış (1932–1989) onunla görüşdükdə bu misrada “xal” deyil, “xan” olduğunu söyləmiş və məzmunu izah etmişdir. Ondan sonra Qədir bu mahnını ikinci dəfə lentə aldırır və “xal” əvəzinə “xan” oxuyur.

Çağdaş dövrümüzdə “O xal nə xaldır” mahnısı adətən duet şəklində oxunur. Digər duetlərdən fərqli olaraq qız bu mahnının ancaq nəqərat hissəsini oxuyaraq oğlanın suallarına cavab verir. Müğənnilər mahnının sözlərini özləri istədikləri kimi oxuyurlar. Məsələn, “xal” sözü ilə “hal” həmqafiyədir, çox zaman “hal”ın əvəzinə “can” oxuyaraq qafiyəni pozurlar.

Fikrimizcə, bu mahnının süjet xətti qorunub saxlanılmalıdır. Ona görə təklif edirik ki, ifa zamanı hər bənd orijinalda olduğu kimi İrəvan sözü ilə başlanılsın. Hər bənd isə “Əllərin qandır, adam öldürmüsən?!” misrası ilə tamamlansın. Bu misranı da Məşədi Hilal Zeynalov işlətmişdir. Bu misra da sovet idiologiyasına tuş gəlmişdir. Füzuli Sabiroğlu deyir ki, burada qızın əlləri xınalı olduğu üçün oğlan ona eyhamla belə müraciət edir. Deyilənləri nəzərə alaraq, müğənnilərin “O xal nə xaldır” mahnısını duet şəklində bu sözlərlə oxunmasını arzulayırıq.

 

O XAL NƏ XALDIR

 

Oğlan: İrəvanda xan qalmadı,

O xal nə xaldır, üzə düzdürmüsən?

De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Şəkidə soltan qalmadı,

O xal nə xaldır, üzə düzdürmüsən.

Əllərin qandır, adam öldürmüsən?!

 

Nəqərat:

 

Qız: Xal mənim, yar mənim, ixtiyar mənim,

Xalqa nə borcdur, üzə düzdürmüşəm?!

Yarım deyibdir, qoşa düzdürmüşəm…

 

Oğlan: İrəvanda xal qalmadı,

O xal nə xaldır, üzə düzdürmüsən?

De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Daha məndə hal qalmadı,

O xal nə xaldır, üzə düzdürmüsən?

Əllərin qandır, adam öldürmüsən?!

 

Nəqərat:

 

Oğlan: İrəvanda gəzən gözəl,

O xal nə xaldır, qoşa düzdürmüsən?

De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Ürəyimi üzən gözəl,

O xal nə xaldır, üzə düzdürmüsən?

Əllərin qandır, adam öldürmüsən?!

 

Nəqərat:

 

Oğlan: İrəvanda mən işlərəm,

O xal nə xaldır, üzə düzdürmüsən?

De görüm, nə xaldır, qoşa düzdürmüsən?

Xəncəlimi gümüşlərəm,

O xal nə xaldır, üzə düzdürmüsən?

Əllərin qandır, adam öldürmüsən?!

 

 

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR