Slimfit
  1. AZƏRBAYCAN

O, bu qəddar aktı qətiyyətlə pislədi - İlham Əliyev

O, bu qəddar aktı qətiyyətlə pislədi - İlham Əliyev
Sakura

O, bu qəddar aktı qətiyyətlə pislədi - İlham Əliyev

Qanlı Yanvar faciəsindən dərhal sonra Heydər Əliyev öz səsini ucaltdı, öz xalqı ilə birlikdə olduğunu bildirdi və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edərək sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pislədi. Mən bunun əyani şahidiyəm.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən bildirib.

"Yadımdadır ki, biz daimi nümayəndəliyə gələndə orada çox böyük kütlə var idi, insanlar toplaşmışdılar, çox həyəcanlı idilər. Heydər Əliyevi görəndə onlar canlı dəhliz yaratdılar, kənara çəkildilər və Heydər Əliyev binaya daxil oldu. O vaxt Heydər Əliyev pensiyaçı idi, ona qarşı müxtəlif dövrlərdə qarayaxma kampaniyaları aparılırdı. Ancaq xalqın qəlbində o, lider, görkəmli şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu kimi yaşayırdı. Həmin gün ona göstərilən hörmət əlbəttə ki, həmişə bizim yadımızda qalacaqdır.

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il var idi. Bəlkə də heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Ona görə məhz o anda, xalqımız üçün ən ağır anda Heydər Əliyevin bu addımı, bu bəyanatı əlbəttə ki, böyük cəsarət tələb edirdi, bir daha onu göstərirdi ki, o, hər zaman Azərbaycan xalqı ilə bir yerdədir. Ondan sonra bu qanlı cinayətə etiraz olaraq uzun illər ərzində üzvü olduğu kommunist partiyasının sıralarını tərk etdi. Bu da böyük cəsarət tələb edirdi. Təbii ki, ondan sonra ona və onun ailə üzvlərinə qarşı təzyiqlər, təqiblər başlamışdır. Bu təzyiqlərin müxtəlif formaları var idi. Bir sözlə, ona təzyiq etmək və cəzalandırmaq üçün praktiki addımlar atılırdı. Hətta bizdə məlumat var idi ki, onun həbsi ilə bağlı məsələ müzakirə edilirdi.

Bakıya gəldi, ovaxtkı rəhbərlik ona Bakıda yaşamağa imkan vermədi, doğulduğu Naxçıvan Muxtar Respublikasına üz tutdu. O da tarixin hökmü idi. Çünki o vaxt Naxçıvan çox ağır vəziyyətdə idi. Erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında Naxçıvanın işğalı da var idi. Məhz Heydər Əliyev amili, onun iradəsi, xalqın ona olan inamı Naxçıvanı bu böyük bəladan qurtara bildi. O vaxt onun rəhbərliyi ilə Naxçıvanda səfərbərlik işləri aparılmışdır. Sərhəddə şiddətli döyüşlər gedirdi və Naxçıvan öz torpağını qoruya bildi.

Naxçıvanda digər yaddaqalan hadisə Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb. Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar ölkə miqyasında qəbul edilsin. Yəni, bu, tarixdir. Bu tarix bir daha göstərir ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında idi. Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı", - İ.Əliyev söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR