Nyuton və Eynşteyn səhv ediblər?
Hindistan alimləri ölkənin başlıca elmi konfransında "irrasional iddialara” görə çıxışçıları tənqid ediblər.
Strategiya.az BBC-yə istinadən xəbər verir ki, ölkənin baş naziri tərəfindən təşkil edilən illik Elmi Konfransda bəzi akademiklər İsaak Nyuton və Albert Eynşteynin elmi kəşflərini rədd ediblər.
Onlar həmçinin iddia ediblər ki, qədim hundular hüceyrə tədqiqatları həyata keçiriblər. Hindu mifologiyası və dini cəhətdən əsaslandırılmış nəzəriyyələri Konfransın əsas müzakirə mövzusuna çevrilib.
Hindistan Cənub Universitetinin direktoru qədim hindu mətnlərinə istinadən bildirib ki, kök hüceyrələri Hindistanda min illər bundan əvvəl kəşf edilib.
Tamil Nadu ştatında yerləşən universitetin alimi isə iddia edib ki, İsaak Nyuton və Albert Eynşteyn yanlış nəticələrə gəliblər. Onun fikrincə, cazibə dalğaları "Narendra Modi Waves” ("Narendra Modi Dalğaları”) adlandırılmalıdır.
Doktor K.J.Krişnan bildirib ki, Nyuton "repulsiv cazibə qüvvəsini başa düşə bilməyib”, Eynşteynin nəzəriyyələri isə yanlış istiqamətə aparıb.
Bu yanaşmanın tənqidçiləri isə bildiriblər ki, qədim yazılar araşdırılmalı və istifadə olunmalıdır, amma o mətnləri elmi fakt kimi qəbul etmək mənasız işdir. "Biz onların fikirlərini paylaşmırıq və onların şərhlərindən uzaq dayanmağa çalışırıq. Bu açqılamalar təəssüf doğurur. Elmə görə məsuliyyət daşıyan adamların belə fikirlər səsləndirməsi ciddi narahatlıq doğurur.”,- deyə Hindistan Elmi Konqress Assosiasiyasının baş katibi Premendu P. Mathur "France Press” agentliyinə açıqlamasında bildirib.
Ötən il də Hindistanın gənclər təhsil naziri Satyapal Singh bildirmişdi ki, təyyarələr ilk olaraq qədim hindu dastanı olan "Ramayana”da xatırlanıb. O həmçinin əlavə edib ki, işlək bir təyyarə modeli Wright qardaşlarından 8 il əvvəl Hindistanın Shivakar Babuji Talpade adlı alimi tərəfindən ixtira edilib.
2014-cü ildə isə Hindistanın baş naziri Narendra Modi diqqət mərkəzinə düşmüşdü. O tibb işçiləri ilə görüşündə bildirmişdi ki, hinduların qızıl Qaneşa hekayəsində fil başının insan bədəninə birləşdirilməsi barədə yazılıb və bu yazı kosmetik cərrahiyyənin qədim Hindistanda mövcud olduğunu sübut edir.
Rajastan ştatının təhsil naziri isə 2017-ci ilin yanvarında bildirmişdi ki, inəklərin "elmi əhəmiyyətini başa düşmək” lazımdır – çünki inək dünyada oksigeni alan və verən ilk heyvan olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət