Slimfit
  1. ARAŞDIRMA

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Sakura

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub

Nuru Paşa haqqında Azərbaycanda demək olar ki, bilməyən çox az adam var. Onun 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycana gəlməsini, Bakını daşnak-bolşevik əsarətindən azad edən bir qəhrəman olduğunu yeddidən yetmişə hər kəs bilir. Nuru Paşa ilə bağlı bir çox xatirələr, əhvlatlar bu gün də dillər əzbəridir...

Biz də marağımızdan dolayı o dövrə aid arxiv materialları ilə maraqlandığımızdan qarşımıza Türkiyəli araşdırmaçı-yazar Atilla Oralın “Nuri Killigil” kitabından Nuru Paşanın bacısına yazdığı məktub çıxır. Atilla bəy məktubun giriş hissəsində yazır: “Nuru Paşa Batumda həbsdə olduğu ingilis həbsxanasından qaçdıqdan sonra Azərbaycana gəlir. 22 sentyabr 1919-cu ildə böyük bacısı Hasene xanıma yazdığı məktubda Azərbaycan Türk gəncləri ilə İstanbuldakı Türk qızlarını evləndirmə təşəbbüsü ilə çıxış edir. Bu məsələdə bacısının da kömək etməsini istəyirdi”.

“Gözəl bacım!

Mənim üçün çox narahat olduğunu bilirəm. Doğrudan da keçmiş zamanlarım üçün narahat olmağa dəyər. Fəqət, çox şükür, bu gün hər zamankından rahat və sakitəm. Allah doğru qulunu heç vaxt tək qoymaz. Mən vicdanımdan rahat olduğum üçün Allahın da inayətindən əminəm. Artıq bundan sonra narahat olacaq bir şey yoxdur. Qeyri-müəyyən bir müddət üçün bəlkə sizləri görə bilməyəcəyəm. Hər halda mən gələ bilməsəm də, bəlkə siz gələrsiniz. Mənim gedəcəyim yer sizə bildiriləcəkdir. (Düşünürəm ki, məktubumu oxuduqdan sonra etibarlı yerdə saxlamanız, ya da yandırmağınız uyğun olar.)

Bacım, vətənimizin düşdüyü vəziyyət dözülməz deyilmi? Mənə də dəstək olanlar yenə bizdəndir. Bax, bu üzdən də ölənə qədər millət yolunda çalışmağı əhd etdim. İndi sən də ailəmizin qadın bir üzvü olaraq bu fəaliyyətə qoşul.

Bacım, Türklük Qərbdən yox, Şərqdən doğacaqdır. Siz Azərbaycanı, Türküstanı çöllük, biyaban saymayın. Oralarda elə şəhərlər var ki, Viyanadan heç fərqi yoxdur. Fəqət oraların təhsili öz əllərində olmadığından türkcə yazıb oxumaqda və düşünməkdə bizdən geridirlər. Sonra buraların rusca tərbiyə alan xanımları bizim kəndlilərə bənzəyirlər. Bax indi bu kiçik xanımları da milli tərbiyə ilə yetişdirmək İstanbul xanımları üçün bir milli vəzifədir. Zənn edirəm ki, bu gün yazıb-oxuması olan çox sayda İstanbul xanımları var. Bahalıq və müharibə səbəbindən bir çoxları böyük əngəllərlə öz dolanışıqlarını təmin etməyə çalışırlar. Həmin bu gənc xanımlardan bir neçəsi cəsarət edib bir aylıq təcrübə keçmək üçün Azərbaycana - Bakıya gələ bilsələr həm özləri fövqəladə məsud olarlar, həm də buradakı qızları yetişdirərək Türk tarixinin bir qəhrəmanı olarlar.

Azərbaycanlı oğlanlar öz qızlarını oxumayıb, geriqalmış kimi görərək rus qızları ilə evlənirlər və bu surətlə də türklüklərini itirirlər.

Rus qızları bizim İstanbul qızlarının yanında heç nədir. Onlar yalnız bəzəkli gəzməyi bilirlər. Elə dəyərləri də bu qədərdir. Bizimkilərin isə həm dilləri gözəldi, həm də şux və zərifdirlər. Əsas da türkdürlər.

Azərbaycanlılar: “Ən gözəl üz bizə çirkin, biz sevərik Türk üzünü, ən gözəl söz bizə acı, biz sevərik Türk sözü” deyərlər.

Məktubu bu qədər uzun yazmaqda məqsədim, İstanbulda olan bu qədər kimsəsiz, olduqca təhsil görmüş gənc qızlarımız var. Müharibə kişilərin bir qismini apardığı kimi, bir qismini də azdırıb. Məncə İstanbuldakı qızlar oğlanlardan çoxdur. Azərbaycanda isə əksinədir. Bu halda həm millətimizi qurtarmaq, həm də İstanbulda səfalət çəkməsi ehtimal olan xanımlara yardım etmək üçün onların içərisindən həvəsi olanları Azərbaycana müəllimlik və ya digər bir vəzifə ilə gəlmələrini təşviq və idarə etməyinizi sizdən xahiş edirəm.

Pul məsələsində də Azərbaycan hər yardımı edəcəkdir. Gələn xanımların burada zəngin gənclərlə evləndirilməsi üçün burada bir cəmiyyət təşkil ediləcəkdir.

Bu məktubu indidən yazmaqda məqsədim sizlərin də hazırlıq görməyiniz üçündür. Məktubun tarixindən təxminən ayyarım sonra Bakı xanımlarından bir neçəsi İstanbula gəlib sizi tapacaqlar və bu məsələ ətrafında iş başalyacaqdır.

Bacım, həm insani, həm milli olan bu işdə yorulmadan şalışacağınızı bilirəm. Kağızda da yer qalmadı, hörmətlə əllərinizdən öpür, İffət və Faruqun da gözlərindən öpürəm.

Qardaşın

22 sentyabr 1919 (22 sentyabr 335, bazar ertəsi)

P.S. Nurun Paşa təhlükəsizlik baxımından məktubun sonunda öz adını yazmayır və imzasından fərqli imza atır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR