Slimfit
  1. AZƏRBAYCAN

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar
Sakura

Türkiyənin istiqlal savaşına böyük töhfələr vermiş, bir sıra əzəli Türk torpaqlarının düşmən tapdagından…

 Babək Xürrəmi, Şah İsmayıl Xətai, Fatih Sultan Mehmet, Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk! Sadaladıgımız bu isimlər Türkün tarixidir. Abidələr, qalalar kimi dahi şəxsiyyətlər də tarixin yaddaşında əbədiləşir. Babək bir günlük azadlıgı qırx il kölə kimi yaşamaqdan üstün tutdu və özünü millətinə qurban etdi. Edamın dəhşəti belə onu yolundan döndərə bilmədi. Şah İsmayıl Xətai yeniyetmə ikən millətinə sahib çıxdı. Fatih Sultan Mehmet  21 yaşında İstanbulu fəth edərək 1000 illik Şərqi Roma İmperiyasını ortadan qaldırdı. Məhəmməd Əmin Rəsulzadə Şərqdə ilk Demokratik Respublikanın bayragını qaldırdı. Mustafa Kamal Atatürk XX əsrın əvvəlində yoxdan bir var yaratdı. Dörd tərəfdən hücuma məruz qalan Türkiyəni yunanların, ingilislərin, erməninin, fransızın caynagından aldı və dünyaya demokratik düşüncəyə malik yeni bir Türkiyə təqdim etdi.

Yaxın Şərqdən Uzaq Şimala qədər kök atmış Böyük türk tarixinin əbədi yaddaşına həkk olunmuş görkəmli şəxsiyyətlər çoxdur. Onlardan biri də Atatürkün ən yaxın silahdaşı, Türkiyənin istiqlal savaşına böyük töhfələr vermiş, bir sıra əzəli Türk torpaqlarının düşmən tapdagından azad edilməsində  əvəzsiz xidmətlər göstərən, Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyaraq bu bölgənin xilaskarı kimi tanınan  Kazım Qarabəkir Paşadır!

  Kazım Qarabəkir Paşa 1882-ci ildə Konyada hərbçi Məmməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dogulub. Onun ata tərəfdən kökləri oguz türklərinin əfşar boyuna gedib çıxır. Atası məmur oldugu üçün Vanda, hətta Səudiyyə Ərəbistanında yaşamış, sonra İstanbula dönərək orta təhsilini burda bitirmişdir. 1905- ci ildə hərbi məktəbdən məzun olduqdan sonra almanca və ruscanı mükəmməl bildiyi üçün çalışdıgı işlərdə böyük ugurlar qazanmışdir.  1924-cü ildə, 42 yaşındaykən Aydınlı Camal bəyin qızı İclal xanımla evlənmiş, bu evlilikdən Həyat, Əməl və Timsal adlarında 3 qız övladı olmuşdur.

Kazım Qarabəkir Paşanın həyatı və mücadiləsi Osmanlı və Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli səhifələrini əhatə edir. Onun  adı Qurtuluş savaşının bayraqdarı Mustafa Kamal Atatürklə qoşa çəkilir. Bu böyük şəxsiyyət yalnız bacarıqlı bir sərkərdə, qalib komandan deyil, həm də dövrünün qabaqcıl ziyalısı, maarifçisi, xeyriyyəçisi idi. Kazım Qarabəkir Paşa düşməndən azad etdiyi Türk torpaqlarında həm də yerli əhalinin maariflənməsinin qeydinə qalır, məktəblər açır, bu məktəblər üçün dərsliklər yazırdı. 

O, müharibələrdə yetim qalmış türk çocuklarını övladlıga götürərək bu uşaqları himayə edirdi. Qurtuluş savaşının sonunda Paşanın artıq 6 minə yaxın övladlıga götürdüyü bu cür uşaqlar vardı. Qızı Timsal xanım Qarabəkir atası ilə baglı söhbətlərinin birində deyir:”Atama qəhrəmansan deyəndə etiraz edib deyərmiş ki, qəhrəmanlıq vəzifə bitdikdən sonra başlayar, biz sadəcə vəzifəmizi yerinə yetirdik. Həmçinin deyərmiş ki çox ugurlarım oldu amma məni ən çox xoşbəxt edən Sarıqamışı bir uşaq qəsəbəsi halına gətirib, o qədər uşaga himayədarlıq etməyim oldu”.

  ”Alçıtəpə qəhrəmanı” və ya “Yetimlər atası” ləqəbi ilə tarixə düşən Kazım Qarabəkir Paşa Qurtuluş savaşının bitməsindən sonra 1924-cü ildə Tərəqqipərvər Cümhuriyyət Partiyasını yaradır. Lakin Paşanın siyasi fəaliyyəti ugurlu olmur. Türkiyə hökuməti bu partiyanı qanundankənar elan edir. 1926-cı ildə Atatürkə qarşı sui-qəsddə iştirak ittihamı ilə məhkəmə qarşısına çıxır və bəraət alir.1927-ci ildən istefaya çıxan Qarabəkir Paşa 1938-ci ilədək canından artiq sevdiyi məmləkətinin ictimai həyatından kənarda qalır. Ancaq bu illər ərzində də Qarabəkir Paşa vaxtını boş keçirmir,kitablar yazır,marşlar bəstələyir. 1938-ci ildə İstanbuldan Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ildən həyatının sonuna qədər isə Məclis başqanı olur. Mustafa Kamal Atatürk onun haqqinda deyib:” Qarabəkir Paşa qayət zəki, üstün əxlakli, namuslu,fevkaladə iyi huylu, tədbirli bir adamdır”

  

 Kazım Qarabəkir Paşa yalnız Anadolu ellərində deyil, bütün Türk dünyasında hörmətlə anılan qəhrəmandır. Azərbaycanda, xüsusilə Naxçıvan torpagında xilaskar sərkərdə kimi xatırlanır. XX əsrin əvvəllərində erməni daşnak qüvvələri tərəfindən azərbaycanın ayrı-ayrı bölgələri işgal edilir,yerli əhaliyə qarşı böyük qırgınlar törədilirdi. Bu zaman qədim türk yurdu Naxçıvanın vəziyyəti daha acınacaqlı idi. Azərbaycanın əsas ərazisindən ayrı düşmüş bölgədə təkcə 1918-21- ci illərdə törədilən soyqırım nəticəsində yüzlərlə kənd dagıdılmış, yandırılmış, 75 minə yaxın dinc əhali qətlə yetirilmişdi.

         “Naxçıvan türk qapısıdır. Bu xüsusu diqqətə alaraq onun mövcudiyyətini qorumaq üçün əlinizdən gələni yapınız!” Atatürkün Naxçıvan üçün söylədiyi bu sözlər indi hər bir naxçıvanlının qəlbində yaşayır, sonsuz ehtiram və məhəbbət duygusu ilə xatırlanır. Bunun ardınca Kazım Qarabəkir Paşa ordusu ilə Naxçıvana yardıma gəlir. Naxçıvanlı müəllim, dəyərli tədqiqatçı və alimimiz, o günlərin çanlı şahidi Lətif Hüseynzadə xatirələrində deyır:”  3 günlük vuruşmadan sonra Şanlı türk ordusu Naxşıvana daxil oldu.Kazım Qarabəkir Paşanı yerli əhali böyük ruh yüksəkliyi ilə qarşıladı. Şəhərdə bayram tədbirləri başladı. Türk bayragının qaldırılması münasibəti ilə təşkil olunmuş izdihamda çıxış edənlərin hər biri xilaskar türk ordusuna sonsuz sevgilərini çatdırırdılar.

         Kazım Qarabəkir Paşa Naxçıvanda tez bir zamanda nizami ordu yaradılması işinə başlayır.Bu baxımdan Qarabəkir Paşanın adını daşıyan Naxşıvan Rüşdiyyə məktəbinin ordu quruculugunda xüsusi yeri vardır. O illərdə bu məktəbin şagirdi olan Lətif Hüseynzadə xatirələrində yazır:”Paşa bir gün məktəbimizə gəldi. Onu hərbi vəziyyətdə qarşıladıq və salamladıq. O bizə marş öyrətdi. Marşın sözləri beləydi:

 Ya istiqlal, ya ölüm

Vətənim, millətim, sancagım, evim

İstiqlalım yoxsa cahanda

Yoxdur yerim!”

         Kazım Qarabəkir Paşa Naxçıvanda oldugu zaman görkəmli Azərbaycan şairi Hüseyn Cavidlə birgə bölgənin maarif və mədəniyyətinin inkişafına böyük səy göstərir. Naxçıvan teatrının inkişafında yaxından iştirak edir.  Namiq Kamalın “Vətən və ya silistrə” tamaşasına rejissorluq edərək hətta səhnə tərtibatını da özü verir. Naxçıvanda türk klassik yazarları- Namiq Kamalın, Tofiq Fikrətin, Xalidə Ədibin, Əbdülhəq Hamidin, Yəhya Kamalın və digər türk klassiklərinin əsərləri toplanmış böyük, milli bir kitabxana yaradır.

 

  

Birinci Cahan Savaşında məglub tərəf  olan Osmanlı İmperiyası Mudros barışıq sazişini imzalamaga məcbur olur. Sazişin 11-ci bəndinə əsasən Azərbaycan İngiltərənin nüfüz dairəsinə verilir, bütün yollar və neft mənbələri ingilislərin ixtiyarına keçirdi. İngiltərə hökumətinin diktəsi ilə hazırlanmış bu müqavilənin şərtinə görə Kazım Qarabəkir Paşanın 1-ci Qafqaz Kolordusu ləgv edilir, qəhrəman Paşa Naxçıvan torpagını tərk etməli olur. Naxçıvandan gedərkən o, “Harda oluramsa olum, Naxçıvanı köməksiz,arxasız qoymuyacagam. Var qüvvəmlə onu müdafiə edəcək, daşnaklara verməyəcəyəm”-demişdi. Sonrakı hadisələr Qarabəkir Paşanın həqiqətən bu torpagı unutmadıgını sübut etdi.   105 il yaşamış alim Lətif Hüseynzadə o günü belə xatırlıyır:” Kazım Qarabəkir Paşa 1918-ci il oktyabr ayının 31-də Naxçıvanı tərk edərkən bu torpagın xilası ugrunda şəhid olmuş Türk əsgərinin məzarı üstünə gəldi, məzar önündə baş əydi və belə bir şer parçası söylədi:

Yavrum bən gediyorum,sən rahat uyu bu toprakda,

Türk yurdudur,ana yurddur bu toprak da

Al kanından qızıl lalə, əlvan güllər bitəcəkdir bu toprakda!

Naxşıvandan ayrılarkən bu torpaga qılncı və qələmi ilə xidmət etmiş Kazım Qarabəkirin əlyazması şəklində Hüseyn Cavidə hədiyyə etdiyi “öyüdlərim” kitabı uzun müddət orta məktəblərdə dərs vəsaiti kimi istifadə edilmişdi.

         

1918-ci il noyabr ayının 3-də Kazım Qarabəkir Paşanın məsləhəti və köməyi ilə Naxçıvanda Araz-Türk Respublikası qurulur. Bu il 100 illiyini qeyd edəcəyimiz bu respublika çox az yaşasa da erməni quldur dəstələri tərəfindən Naxçıvanın işgalının qarşısını aldı. 1921-ci ilin fevralinda başlayan Moskva danişiqlarında bu quruma əsaslanaraq yerli əhalinin erməni idarəçiliyini qəbul etmədiyi göstərilirdi.

         Zaman-zaman öz işgalçı planlarını həyata keçirən ermənilər 1919-cu ilin aprelində yenidən Naxçıvanın Şərur bölgəsini işgal edirlər. İngiltərə hökumətinin dəstəyi ilə Naxçıvanda erməni idarəsi qurmaq planlaşdırılır. 1919-cu ilin may ayının 24-də isə  6 min nəfərlik qoşunla Naxçıvanı işgal edirlər. Bu zaman Anadolu ellərində ermənilərə, yunanlara, ingilislərə qarşı savaşda olmasına baxmayaraq Kazım Qarabəkir Paşa yenə də Naxçıvanı tək qoymur.  Agrıdag tərəfdən yardım üçün Naxçıvana 2 min nəfərlik əsgər göndərir.Elə ilk günlərdən xeyli itki verən ermənilər geri çəkilməyə məcbur olurlar.

         1921-ci ilin oktyabr ayının 13-də 5 dövlətin- Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rüsiyanın iştirakı ilə Qars müqaviləsi imzalanir. Naxçıvanın siyasi statusu müəyyən edilən müqavilənin altinda Türkiyə tərəfdən Kazım Qarabəkir Paşanın imzası vardir. Qars müqaviləsinə əsasən Türkiyə hökuməti Naxçıvanın Azərbaycanın tərkibində Muxtar Respublika kimi təhlükəsizliyinə və yaşamasına təminat almiş oldu . Bu müqaviləylə Türkiyə ilə Naxçıvan arasında 11 kilomertrlik sərhəd xəttinin təsbit edilməsi bu bölgə üçün çox mühüm əhəmiyyət daşiyirdi. Əsrin sonlarına  dogru 1990-cı ilin qanlı yanvar günlərində Azərbaycanın baş şəhəri Bakıda rus qoşunları qırgın törətdiyi günlərdə erməni daşnakları yenə Naxçıvana hücumlara başladılar. O zaman Naxçıvan rəhbərliyi Qars müqaviləsinə əsaslanaraq qardaş Türkiyə Respublikasından kömək istədi və Türkün Turana açılan qapısı  Naxçıvan erməni işgalından qorundu.

        Bu gün Naxçıvanda hər kəsin sevdiyi və tanıdıgı Kazım Qarabəkir Paşanın adini daşıyan yaraşıqlı, əzəmətli came ucalır. Xilaskar sərkərdənin şəninə şerlər, nəgmələr qoşulur. Qədim türk yurdu Naxçıvanı silahı və qələmi ilə qorumuş  Paşanın bu torpaqda əbədi yaşamaq haqqı vardır.

Mənbə: trt.net.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR