Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nübar Məmmədova: Müəllim insan qəlbinin mühəndisi olmalıdır

Nübar Məmmədova: Müəllim insan qəlbinin mühəndisi olmalıdır
Sakura

Nübar Məmmədova: Müəllim insan qəlbinin mühəndisi olmalıdır

Hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Onlardan biri də həyatının 21 ilini məktəbdə ibtidai sinif şagirdləri ilə keçirən Nübar Məmmədovadır. 1997-ci ildə N.Tusi adına ADPU-nu (indiki Müəllimlər İnstitutunu) fərqlənmə diplomu ilə bitirən Nübar müəllimə Ağsu şəhər 1 nömrəli məktəb-liseydə çalışır.

AZƏRTAC-ın bölgə müxbiri Beynəlxalq Müəllimlər Günündə Ağsu şəhər 1 nömrəli məktəb-liseydə olub, Nübar Məmmədova ilə görüşüb.

Şagirdlərlə iş elə təşkil olunmalıdır ki, onlar müəllimin tapşırıqlarını məcburi icra etməsinlər

Bu peşəyə sevginin ona ali təhsilli sinif müəllimi olan anası Yetər Əmirəhmədovadan keçdiyini deyən Nübar Məmmədova gənc nəslin savadlı, bilikli olması kimi önəmli vəzifəni daşımasının məsuliyyətini ikiqat artırdığını bildirir: “Ulu öndərimiz Heydər Əliyevin “Təhsilin bünövrəsi məktəbdə qoyulur” fikri müəllim peşəsinin nə qədər məsuliyyətli olduğunu bir daha təsdiqləyir. Böyüməkdə olan nəsil həyatımızın müxtəlif sahələrində yaradıcılıqla, təşəbbüskarlıqla işləməyə hazır olmalı, onu əhatə edən aləmdə baş verənləri fikir süzgəcindən keçirməyi bacarmalıdır. Əlbəttə, gələcək savadlı nəslin təməli ibtidai sinifdə qoyulur. Deməli, əsas yük ibtidai sinif müəllimlərinin üzərinə düşür”. 

İbtidai sinifdə şagirdlərlə işin düzgün təşkilinin önəmindən danışan müəllimə deyir ki, uşaq dil açdığı dövrdən “mən özüm” sözləri ilə valideynlərinə etirazını bildirir, hər hansı fəaliyyəti müstəqil yerinə yetirmək istəyir. Bu arzu məktəbə qədəm qoyduğu gündən daha da güclənir. Ona görə də məktəbə gəldiyi ilk gündən şagirdlərlə iş elə təşkil olunmalıdır ki, onlar müəllimin tapşırıqlarını məcburi icra etməsinlər.

“Şagirdlərlə işləyən zaman hansı üsul və vasitələrdən istifadə etməyim barədə tez-tez düşünürəm. İstəyirəm ki, şagirdlərin müstəqil fəaliyyəti təmin olunsun. Belə bir kəlam var: Müəllim insan qəlbinin mühəndisi olmalıdır. Bəli, kiçikyaşlı məktəblilərin qəlbinə yol tapmadan, onları hərtərəfli öyrənmədən, hiss etmədən onlarla işləmək və müvəffəqiyyət qazanmaq çətindir. Burada heç bir yeni pedaqoji üsul və metod müəllimin köməyinə çatmır. Ona görə də çalışıram ilk günlərdən sinifdə elə bir mühit yaransın ki, hər bir dərsim istənilən səviyyədə olsun”, - deyə Nübar Məmmədova bildirir.

Deyir ki, ibtidai sinifdə uşaqların yaşına, bilik və bacarığına, gücünə, habelə psixoloji xüsusiyyətlərinə uyğun metod və üsulları seçmək lazımdır: “Müasir təlim növünün metod və vasitələrinə yaradıcılıqla yanaşmaq təlimin əsasını təşkil edir. Şagird o vaxt müstəqil hərəkət edə bilir ki, onun qarşısında yeni vəzifələr qoyulur. Şagirdləri tez-tez təbiət qoynuna və tarixi yerlərə ekskursiyalara aparıram. Bu yolla onlara yalnız estetik hisslər deyil, zehni fəallıq, axtarıcılıq, müstəqil düşünmək və nəticə çıxarmaq bacarığı aşılayıram”.

Müasir təlimdə şagirdin aktiv, müəllimin passiv olması normal haldır

Tədrisin əsas məqsədi şagirdlərə hazır bilik vermək deyil. Bu barədə danışan həmsöhbətim qeyd edir ki, şagirdlər mövzunu özü araşdırmalı, təhlil etməli və müstəqil nəticə çıxarmalıdır. Tədrisin məqsədi məhz bu bacarıqları inkişaf etdirməkdir. Bu zaman motivasiya mərhələsi çox önəmli mərhələdir ki, bu mərhələni keçmədən dərsə başlayan müəllim dəmiri qızdırmamış döyən dəmirçiyə bənzəyir. Şagirdə verilən hər hansı tədqiqat sualı məzmunla birbaşa bağlı olmalıdır ki, o, bu suala cavab axtararkən həm düşünsün, həm də fəallaşsın. Qruplarla iş zamanı şagirdlərin də fikirləri öyrənilməli, onlara bir-birini dinləmək və söylənilən fikirlərə hörmətlə yanaşmaq kimi üstün cəhətlər öyrədilməlidir. Yəni biliyin mənimsənilməsi prosesində üstünlüyü daha çox müsahibəyə vermək lazımdır. 

Nübar müəllimə deyir: “Bir ibtidai sinif müəllimi olaraq çalışıram ki, təlim zamanı şagirdlərin əqli və praktik fəaliyyətindən hərtərəfli istifadə olunsun, onlar müstəqil bilik əldə etmək bacarığına yiyələnsinlər. Bildiyiniz kimi, sinifdə bütün uşaqlar eyni əqli, zehni və psixoloji duruma malik olmurlar. Belə ki, təhsildə geri qalan, yoldaşları ilə ayaqlaşa bilməyən şagirdlərim də olur. Belə şagirdlərlə fərdi iş apararaq proqram üzrə verilən materialı onlara mənimsətməyə çalışıram. Riyaziyyat dərslərində isə məsələ həllinə üstünlük verməyimin əsas səbəbi şagirdlərimin riyazi təfəkkürünü inkişaf etdirməkdir. Məsələnin həlli yollarını düşünərkən onlarda yenə də axtarmaq, öyrənmək qabiliyyəti möhkəmlənir. Bu baxımdan, müasir təlim növündə şagirdin aktiv, müəllimin passiv olması normal haldır. Şagirdlərin fərdi gücünə uyğun tapşırıqlar verməklə onların hər birinin fəallığına nail olmaq olar. Məhz müstəqil surətdə qazanılan bilik uzun müddət yaddan çıxmır, şagirdin gələcək uğurları üçün zəmin yaradır”.

Qeyd edək ki, son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır. 2018-2019-cu tədris ili ərzində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım qeydə alınıb. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

2014-cü ildə ölkəmizdə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, bu il keçirilən qəbul imtahanlarında bu rəqəm artaraq 2090 nəfərə çatıb. Bu göstərici 2014-2015-ci tədris ili ilə müqayisədə 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR