Slimfit
  1. DÜNYA

Novruz bayramı

Novruz bayramı
Sakura

Novruz bayramı — yazın gəlişini simvolizə edən qədim xalq bayram

Novruz bayramı (Tərc.: Yeni Gün bayramıBahar bayramı, özb. Navruz, türkm. Nowruz, kürd. Newroz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı. Zərdüşti dinindən gəldiyi qeyd olunur, eyni zamanda Bəhai dininin təqvimində yeni ilin ilk günüdür.

 
Bayram xonçası

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.Hələ də bu bayram davam edir.

 

Mənşəyi və tarixi

  Novruz xonçası

Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.

Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

  SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

  Azərbaycanın poçt markası. Azərbaycanlı qadın bayram xonçası ilə
 

Çərşənbələr

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

  • Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
  • İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
  • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
  • Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

 

Adətləri

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

  1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
  2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
  3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - ığırlığım odda yansın".
  4. Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
  5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
  6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
  7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
  8. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
  9. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
  10. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
  11. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür

 

Dünya xalqlarının bayramı kimi

Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

 Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

 

Azərbaycanda

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

 

İranda

İranda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.

 

Əfqanıstanda

 
Əfqanıstanda da yumurta döyüşü olur

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.

 

Qırğızıstanda

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.

 

Tacikistanda

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.

 

Özbəkistanda

Özbəkistanda Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.

 

İncəsənətdə

Musiqidə

  • Üzeyir Hacıbəyov - Bahar nəğməsi
  • Məmməd Quliyev (bəstəkar) - "Aldanmış ulduzlar" (1977) operasında yazmış və əsərə Novruz bayramı ilə bağlı olan xalq səhnələri daxil edilmişdir
  • Vasif Adıgözəlov - Rəfiq Zəka Xəndanın sözlərinə dörd hissəli "Novruzum" kantatası (1993)
  • Fikrət Əmirov - "Gülür ellər" mahnısı
  • Ramiz Mirişli - "Bayram axşamlarında"
  • Oqtay Zülfüqarov - "Uşaq mahnı topluları"
  • Elnarə Dadaşova - Hüseyn Cavidin sözlərinə "İlk bahar", Abdulla Şaiqin sözlərinə "Səməni" ("Uşaq albomu" mahnı silsiləsindən), Səməd Vurğunun sözlərinə "Bahar şərqisi" və "Elimə novruz gəlir"
  • Rəhilə Həsənova - "Kos-kosa" balet-pantomima
  • Sərdar Fərəcov - simli kvartet üçün 5 hissəli süita (1984): yallı, deyişmə, məzə, qulaq falı, rəqs.
  • Cəlal Abbasov - "Bahar mərasimi" kantatası (1986), rus dilində "Şən bahar" uşaq operası
  • Azər Dadaşov - 2 soprano və orkestr üçün "Bahar duası" ariyası, Vahid Əzizin sözlərinə "Bahar tonqalı" və M. Ə. Sabirin sözlərinə "Gəl, gəl, a, yaz günləri" uşaq mahnıları
  • Şəfiqə Axundova - "Xoş gəlmisən" mahnısı
  • Əfsər Cavanşirov - "Xoş gəldi yaz bayramı" 

 

Filmlərdə

  1. Novruzun çələngi (film, 1989)
  2. Novruz (film, 1995)
  3. Novruz Bayramı (film, 2006)
  4. Ocaq (film, 1987)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR